Elçin Əmirbəyov Vatikanda görüşlər keçirib Siyasət

Elçin Əmirbəyov Vatikanda görüşlər keçirib

27-28 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikan şəhərinə işgüzar səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir) kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri) arxiyepiskop Paul Richard Gallagher ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm siyasi dialoq sayəsində ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamika vurğulanıb. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2025-ci ilin oktyabr ayında Müqəddəs Taxt-Taca rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi məmnunluqla qeyd edilib.

Danışıqlarda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında siyasi, humanitar, mədəni irs, dinlərarası dialoq və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub. Müqəddəs Taxt-Tacın Bambino Gesù Pediatrik Xəstəxanası ilə əməkdaşlığa da toxunulub, səhiyyə sahəsi ikitərəfli münasibətlərin yeni və perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə xüsusi diqqət yetirilib, ölkəmizdə katolik icmasına göstərilən qayğı, o cümlədən Azərbaycanda ikinci katolik kilsəsinin tikintisi ilə bağlı həyata keçirilən işlərin ikitərəfli münasibətlərin mühüm təzahürlərindən biri olduğu diqqətə çatdırılıb.

Görüşlərdə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın müvafiq qurumları arasında mədəni irsin qorunması və bərpası sahəsində uzun illərdir davam edən səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanlı alim və tədqiqatçıların Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivində saxlanılan ölkəmizin tarixi və mədəni irsinə dair sənədlərin araşdırılmasına cəlb edilməsi baxımından elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində aparılmış danışıqlarda həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar, sülh sazişinin imzalanması istiqamətində növbəti addımlar, eləcə də Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah perspektivləri müzakirə edilib. Elçin Əmirbəyov qarşı tərəfə post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, nəqliyyat və kommunikasiya xətlərinin açılması, etimad quruculuğu tədbirləri və sülh gündəliyinin praktiki nəticələri barədə məlumat verib.

Müqəddəs Taxt-Tac rəsmiləri Azərbaycanın sülh gündəliyi və davamlı sülhün təmin olunması istiqamətində ölkəmiz tərəfindən atılan addımlarla bağlı dəstək ifadə edib, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümidvar olduqlarını diqqətə çatdırıblar.