Azərbaycan Yaxın Şərqdə tolerantlığın qazisidir Hadisə

Azərbaycan Yaxın Şərqdə tolerantlığın qazisidir

Cavid

Los-Ancelesin "Sinay Məbədi" yəhudi dini icmasının ravvini David Volper "Time"də Azərbaycanda tolerantlıqın mövcudluğundan yazıb. Ravvin yazır ki, ötən həftənin bazar günü icmamızın 50 üzvü ilə birgə nadir rast gəlinən bir halla qarşılaşdıq: sinaqoqa sərbəst şəkildə daxil olduq. Bu, qeyri-adi bir şey kimi səslənməyə bilər, ancaq dünyanı gəzmiş hər bir kəs yaxşı bilir ki, sinaqoqların çoxuna daxil olmaq o qədər də asan deyil. Bizim Los-Ancelesdə yerləşən sinaqoqumuzda belə mühafizəçilər gələn maşınların yük yerlərinə qədər yoxlayırlar. Bu şəhərdə sinaqoqa daxil olmaq istəyən şəxslərin girişini asanlaşdırmaq məqsədilə həmin şəxslərə zamin durmaları üçün xarici yəhudi icmalarına dəfələrlə məktub yazmalı olmuşam. Çox vaxt belə fikirləşirəm ki, antiislam hissinin gücü ilə antisemitizmin gücü arasındakı fərq belə bir sadə faktla ölçülə bilər ki, məscidlər çox vaxt mühafizəçilər tərəfindən qorunmur, sinaqoqların əksəriyyətində isə mühafizə xidməti təmin edilir. Ötən həftənin şənbə günü isə bir müsəlman ölkəsində yəhudilərin sərbəst şəkildə sinaqoqa daxil olduqlarının şahidi oldum. Bu baxımdan, Azərbaycan diqqətəlayiq bir istisnadır. Bundan əvvəlki həftə Qüdsdə baş tutan bir görüşdə israilli bir diplomat bizə demişdi: "Mən İsveçdə başımda kipa küçədə gəzməyə tərəddüd edərəm, Azərbaycanda isə yox. Azərbaycanda sizə heç kim çətinlik yaratmaz." Mən də bu sözləri təsdiqləyirəm. Azərbaycanda olduğum bir həftə ərzində nəzakət və xeyirxahlıqdan başqa bir münasibətlə qarşılaşmadım. Bu, qeyri-adi bir nailiyyətdir və bir çoxlarının bundan xəbəri belə yoxdur. Azərbaycan digər dini ənənələrin qəbul edilməsinə görə uzun tarixə malik olan bir ölkədir. Əhalisinin 90 faizdən çoxunun müsəlman olduğu, sünni və əhalinin əksəriyyətini təşkil edən şiələrin birgə yaşadığı bu ölkədə yəhudilər və digər dini azlıqlar da cəmiyyətdə yaxşı qarşılanır. Azərbaycana səfər etməyimizin səbəbi dağ yəhudiləri icmasına Tövrat nüsxəsi gətirmək idi. Ölkədə yaşayan 30 min yəhudi arasında dağ yəhudilərinin minlərlə il geriyə gedən çox uzun bir tarixi var. B.e.ə 587-ci ildə İlk Məbədin dağıdılmasından sonra yəhudilərin Cənubi Azərbaycanda məskunlaşdıqları deyilir. Səfərimiz Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin dəstəyi ilə təşkil edildi. Səfər zamanı Quba rayonunda yerləşən və sovetlərdən əvvəl yəhudilərin kəndi olaraq bilinən Qırmızı Qəsəbədə olduq. Burda 4000-ə qədər yəhudi yaşayır. Bu da o deməkdir ki, bu qəsəbə İsraildən kənarda ən çox yəhudinin yaşadığı yerlərdən biridir. Bir çox müsəlman ölkəsindən fərqli olaraq, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Bu iki ölkənin rəsmiləri tez-tez əlaqə qururlar. Belə ki, Tel-Əvivdən Bakıya uçan təyyarədə mənimlə birgə İsrailin baş nazirinin keçmiş müavini Aviqdor Liberman da var idi. İsrailin baş naziri və prezidenti isə artıq Azərbaycanda səfərdə idilər. Azərbaycan Sovet İttifaqının kölgəsindən çıxmağa çalışan yeni bir demokratiya olaraq, mətbuat azadlığı və insan hüquqları kimi məsələlərdə mübarizə aparır. İran, Rusiya və Ermənistanla sərhəddə olub müsəlman ölkənin azadlıq və müstəqilliyini qorumaq heç də asan deyil. Yəhudilərin cəmiyyətə qəbul edilməsi isə şou məqsədi daşımır. Qafqaz müsəlmanlarının şeyxülislamı Hacı Allahşükür Paşazadə görüşlər zamanı yəhudilərlə, ölkədəki və Amerikadakı bir sıra ravvinlərlə dostluq əlaqələrini xüsusi vurğulayıb. O, dəfələrlə Azərbaycandakı xristian, müsəlman, yəhudi və digər dinlərə ibadət edənlərin əməkdaşlıq etməsinin başqa ölkələr üçün nümunə olmasını istədiyini ifadə edib. Azərbaycanda səfərdə olduğumuz beş gün ərzində rəsmilər, mədəniyyət xadimləri və yəhudilərlə görüşdük. Yəhudi məktəblərindən birində və bir neçə sinaqoqda olduq. Yəhudi icmasının nümayəndələri və bu və ya digər tədbirlərdə rastlaşdığımız sıravi yəhudilərlə söhbətləşdik. Azərbaycanın Milli Qəhrəmanı adı verilən yəhudi Albert Aqarunovun məzarını ziyarət etdik və "Azad qadın" heykəli ilə tanış olduq.
Azərbaycan tolerantlığın olmamasının getdikcə gücləndiyi və təhlükəyə çevrildiyi bir dünyada digər ölkələr üçün nümunə olmalıdır.