
İsrail-HƏMAS razılaşmasında ziddiyyətli məqamlar
15 Oktyabr 23:55
ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına real namizədlər arasında olduğu söylənilirdi. Hətta onun vaxtından əvvəl artıq bu mükafatı almış olduğunu iddia edənlər də vardı. Nobel Sülh mükafatına namizədlər arasında Donald Trampın adı olsa da venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb.
Tramp hələ bu ilin fevralında bildirib ki, o Sülh Mükafatına layiq olsa da, ona bu mükafatı verməyəcəklər. Ağ Ev rəhbəri sentyabrın 30-da verdiyi açıqlamada isə demişdi ki, əgər mükafat başqasına verilərsə bu onun ölkəsi üçün "böyük təhqir" olacaq.
Nobel Komitəsi isə Trampın bu mükafata layiq görülməməsini belə izah edib: "Təşkilat qərarlarını yalnız Alfred Nobelin işi və vəsiyyəti əsasında verir, hər hansı ictimai kampaniya əsasında deyil".
Mükafatın elan olunmasına bir neçə gün qalmış Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilsə, onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcəyik. “Müharibəni dayandırmaq planı asan olmayacaq, amma bu, irəliləyiş yoludur. Əgər Tramp dünya üçün, xüsusilə də ukraynalılar üçün atəşkəsə nail olarsa, bəli, biz onu Nobel Sülh Mükafatına namizəd göstərəcəyik.
Düşünürəm ki, Prezident Tramp danışıqlar masasına oturmağımızı istəyir və biz bu istiqaməti dəstəkləyirik. O, atəşkəsin tərəfdarıdır. Mən inanıram ki, bu onun ilkin məqsədi idi”, - Zelenski bildirib.
Ağ Evin sözçüsü Stiven Çeunq X sosial şəbəkəsində yazıb ki, Nobel Komitəsi açıq şəkildə nümayiş etdirdi ki, onun üçün siyasət sülhdən daha vacibdir.
“Prezident Tramp sülh sazişləri bağlamağa, müharibələri sona çatdırmağa və həyatları xilas etməyə davam edəcək. Onun ürəyi humanistdir və onun kimi məhz iradəsinin gücü ilə dağları yerindən tərpədə biləcək heç kim olmayacaq”, - o bildirib.
Rusiya lideri Vladimir Putin Trampın Nobel Sülh mükafatına layiq olub-olmaması ilə bağlı suala cavabında deyib ki, ABŞ Prezidenti Donald Tramp bütün dünyada mürəkkəb və uzunmüddətli münaqişələrin həlli üçün çox işlər görür.
“ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm, amma o, həqiqətən də mürəkkəb, onilliklər boyu davam edən böhranların həlli üçün çox şey edir”, - deyə Putin bildirib.
O, həmçinin Trampın Ukraynadakı münaqişənin həllinə səmimi sadiqliyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp öz növbəsində rusiyalı həmkarı Vladimir Putinin Nobel mükafatı ilə bağlı açıqlamalarının görüntülərini paylaşaraq ona təşəkkür edib. ABŞ lideri paylaşımı "Truth Social" sosial şəbəkəsində edib: "Sağ olun, Prezident Putin".
Onu da qeyd edək ki, hələ fevral ayında Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib ki, "Şimali Koreya nüvə silahlarını və ballistik raketlərini məhv etsə, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağa layiq olacaq".
O, Koreya yarımadasındakı nüvəsizləşdirmə prosesində hələlik irəliləyişin olmadığını qeyd edib.
Bundan əvvəl Ağ Evin qeyri-rəsmi xahişindən sonra Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən D.Trampın Nobel mükafatına namizədliyinin irəli sürüldüyü açıqlanmışdı.
Putin Nobel Komitəsinin mükafatı “sülh naminə heç nə etməyən” insanlara verdiyi halları misal çəkib. Vurğulayıb ki, bu cür qərarlar Nobel mükafatının nüfuzuna böyük zərbə vurub:
“Məncə, mükafatın nüfuzu böyük ölçüdə itirilib”.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə Amerika Prezidenti Donald Trampa Nobel Sülh mükafatının verilməməsi haqda qeyd edib ki, söz verirlər ki, o, (Donald Traqmp – red.) gələn il mütləq Nobel Sülh mükafatını alacaq. Ona məsləhət görərdim ki, Nobel mükafatına layiq görülməməkdən çox narahat olmasın. Bütün dünyada insanlar ABŞ və onun prezidentinin beynəlxalq səhnədə etdiklərini yüksək qiymətləndirməlidir. Bu siyasiləşmiş strukturu (Nobel Komitəsi) qiymətləndirməkdənsə, beynəlxalq ictimaiyyəti və dünyadakı insanları qiymətləndirmək daha vacibdir.
Misir bir növ Trampa təsəlli verdi. Misir Prezidenti Əbdülfəttah Sisi administrasiyasının Feysbuk səhifəsində belə bir məlumat paylaşılıb ki, o, ABŞ Prezidenti Donald Trampı ölkənin ən yüksək dövlət mükafatı – “Nil” ordeni ilə təltif edəcək.
Rəsmi açıqlamada bildirilir ki, orden Trampın beynəlxalq münaqişələrin nizamlanmasına verdiyi töhfəyə və Qəzza zolağında müharibənin dayandırılmasındakı roluna görə təqdim olunur.
Politoloq Çingiz Şahbazi deyib ki, ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməməsinin əsas səbəbi, onun bu istiqamətdə yürütdüyü siyasətin tərkibində olan natamamlıqla bağlıdır.
"Nobel Sülh Mükafatı, Norveç Nobel Komitəsi tərəfindən "Millətlərarası sülhün və əmin-amanlığın qurulması, orduların və silahların azaldılması" və digər sülh təşəbbüsləri istiqamətində görülən işlərdən dolayı verilir. Dünyanın gözü önündə İstər Tramp hakimiyyəti olsun, istərsə də ondan əvvəlki Bayden hakimiyyətinin, dünyada baş verən münaqişə və müharibələrdən dolayı proseslərə təsir etməmələri və ciddi şəkildə yanaşmamaları, nəzarət mexanizmləri yüksək səviyyədə var ikən, proseslərə məhz öz çıxarları tərəfindən yanaşmaları, Rusiya-Ukrayna, İsrail-Fələstin arasında baş verənlərə məhz siyasi nöqteyi-nəzərdən müdaxilə etmələri və qiymətləndirmə aparmaları, Nobel Sülh Mükafatının bu ölkəyə getməsini təmin edə bilməzdi və bu haqlı olaraq baş vermədi" - politoloq deyib.
Onun fikrincə, doğrudur, Trampın səyləri və təşəbbüsləri var, amma, bu münaqişələrin köklü səbəblərinin həlli üçün kifayət etmədi və Rusiya-Ukrayna müharibəsində isə atəşkəs belə əldə olunmadı və müharibə davam etməkdədir. Nüvə silahının təhlükələri dünya üçün aradan qaldırılmadı və bu təhlükə mənbəyi dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır: "Bütün bunlar və səbəb olaraq Trampa mükafatın verilməməsinə qərar verən Norveç Nobel Komitəsinə imkan verdi ki, Tramp bu mükafata layiq görülmür".
Politoloq Elxan Şahinoğlunun fikrincə, ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” kimi davamlı açıqlamalar versin. Fikrimcə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər.
O bildirib ki, Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, onun bu il mükafatı almaq imkanları daha yüksək olacaqdı: “Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə Tramp ABŞ-ın keçmiş prezidenti Barak Obamadan Nobel Sülh mükafatına daha layiqlidir. Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobelə layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı. Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel Sülh mükafatı almışdı”.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Usun fikrincə, amma düşünmürəm ki, Ukrayna müharibəsi ədalətli həll olunmadan ona bu mükafat veriləcək. Qəzzada müharibənin həlli isə dünən idi. Bir az əvvəl olsaydı, bəlkə də fərq edə bilərdi. Amma bu da mümkün deyil. Obamanın təcrübəsi var. Ona bu mükafat 2009-cu ildə, hətta bir il prezident olmadığı vaxt verilib. Və bu, onun prezidentliyini məhv etdi. Bu, onu qətiyyətsiz vəziyyətə salaraq ABŞ-ın dünya səhnəsində əvvəlki əhəmiyyətini itirməsinə səbəb oldu. Deməli, bu qərara təsir edə bilərdi.
Cavid