Əlillərin hüquqları necə qorunur? Hadisə

Əlillərin hüquqları necə qorunur?

Bu istiqamətdə ciddi addımlar atılıb

Əlillərin durumu, onların əmək faliyyəti, cəmiyyətdə təşəbbüskarlığı və digər məsələlər insan hüquqlarının tərkib hissəsidir. Bu üzdən əlillərin hüquqları daim diqqət mərkəzində saxlanılır və bununla bağlı lazımi tədbirlər görülür.
Əlillərin hüquqları və onun qorunmasından danışarkən Ombudsman Aparatı və insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın fəaliyyətini və bu sahəyə xüsusi diqqətini yaddan çıxarmaq olmaz. Onun rəhbərlik etdiyi qurum tərəfindən bu istiqamətdə xeyli işlər görülüb, maraqlı və effektli layihələr reallaşdırlıb və bu proses davam edir, mütəmadi olaraq tədbirlər keçirilir.
Ombudsman Elmira Süleymanova insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində aidiyyəti dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini, onların problemlərinin diqqət mərkəzində saxlanıldığını bildirib. O, bu qəbildən olan şəxslər də daxil olmaqla sosial vəziyyətindən asılı olmayaraq, bütün insanlara bərabər hüquqlar və imkanlar verilməsinin, ayrı-seçkiliyə yol verməmək prinsipinin zəruriliyini, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməlinin vacibliyini vurğulayıb.

Ombudsmanın fəaliyyəti

Qeyd edək ki, BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və onun fakültativ Protokolunun ratifikasiyası ilə bağlı təklifi məhz E. Süleymanova irəli sürüb. Müvəkkilin bu təklifi müsbət qarşılanıb və Azərbaycanın regionda ilk ölkə olaraq, bu sənədləri ratifikasiya edib. Bununla da respublikamızın əlilliyi olan insanların hüquqlarına hörmət edilməsi və müdafiəsi istiqamətində götürdüyü öhdəliyi bir daha təsdiq etdiyi, digər ölkələrə nümunə göstərdiyi diqqətə çatdırılıb.
BMT-nin sözügedən Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının da həyata keçirilməsin Ombudsmana həvalə olunub və bu istiqamətdə zəruri tədbirlər görülüb.
Müvəkkil bu konvensiyanın əlilliyi olan hər bir şəxsin bütün insan hüquqlarından tam və bərabər şəkildə istifadə etməsini təbliğ və təmin edən əhəmiyyətli beynəlxalq sənəd olduğunu vurğulayıb.
E.Süleymanovanın rəhbərliyi ilə Ombudsman Aparatının bu sahədə də fəaliyyəti müsbətdir və uğurlu nəticələrə imza atılıb.

Müvafiq rəsmi sənədlər

İkinci qrup Qarabağ əlili, jurnalist Rey Kərimoğlu bildirir ki, əlillərin sosial müdafiəsi haqqında müvafiq rəsmi sənədlər var: "Əlillərlə bağlı qanun da var. Bu qanun Azərbaycanda əlillərlə bağlı dövlət siyasətini müəyyən edir. Bu, onların cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində başqa vətəndaşlarla bərabər iştirak etməsinə təminat verir.
Azərbaycanda əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Konstitusiyasında və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.
Əlillərin sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və başqa mərkəzi, yerli hakimiyyət orqanları həyata keçirirlər.
Əlillərin respublika ictimai təşkilatlarının nümayəndələri Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin kollegiya üzvü olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başqa nazirliklər, baş idarələr, yerli hakimiyyət orqanları, əlillərin ictimai təşkilatları ilə birlikdə əlillər barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir. Dövlət əlillərin sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir. Müəssisələr, idarələr və təşkilatlar əlillərin problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər".

Əlillərin tibbi bərpası

Rey Kərimoğlu bildirir ki, əlillərin tibbi bərpası, müayinə və müalicəsi istiqamətində də işlər görülür: "Bunun üçün Respublika Əlilləri Bərpa Mərkəzi, Müharibə Əlilləri üçün Müalicə Pansionatı və başqa səhiyyə qurumları fəaliyyət göstərirlər. Səhiyyə təşkilatlarında əlilliyə gətirib çıxaran xəstəliyin, fəsadların qarşısını almaq məqsədilə müxtəlif xəstəliklərin, xəsarətlərin, fiziki, əqli və başqa qüsurların müalicəsinə yönəldilmiş tədbirlər görülür.
Əlillərə tibbi xidmət var. Əlillərə dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmət göstərilməsinə zəmanət verilir. Əlillər Azərbaycan qanunvericiliyində müəyyən edilmiş qaydada ambulator-poliklinika müəssisələrində və apteklərdə müstəsna xidmətdən istifadə etmək, eyni zamanda sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüququna malikdirlər".

Əlillərin məşğuliyyət məsələsi

Həmsöhbətimizin sözlərinə görə, qanunla əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər nəzərdə tutulub: "Əlillərin məşğuliyyət məsələsi qanunla tənzimlənib. Belə ki, əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər görülür. Bunlar əlillər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir.
Əlillərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi bərpa proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.


Üstünlüklər və imtiyazlar

Hüquqşünas Pərviz Zamanlı isə bildirib ki, bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir. Onun sözlərinə görə, Əmək Məcəlləsində əlillərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir: "Digər şəxslərlə münasibətdə əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".
Onun sözlərinə görə, Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. Belə ki, 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

Əmək hüquqları

P.Zamanlının sözlərinə görə, əlillər həm də natamam iş vaxtı hüququndan istifadə edə bilərlər: "Digər şəxslərin natamam iş vaxtından istifadə etməsi işəgötürənin razılığı ilə həyata keçirildiyi halda, qanunvericilik əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir".
Zamanlı deyib ki, əmək qanunvericiliyinə əsasən, əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir.
Əlillərin istirahət hüququ ilə bağlı məsələyə toxunan hüquqşünasın sözlərinə görə, əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib:
"Bundan başqa, əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına da malikdirlər".
Həmçinin əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
Zamanlı deyir ki, qeyd edilənlərlə yanaşı, qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlük də mövcuddur: "Belə ki, müvafiq müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Habelə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmaqdan azad olunurlar...".


Əli İbrahimov

Yazı Ombudsmanın 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar – hamı üçün!" mövzusunda keçiriyi jurnalist yazılarının ənənəvi müsabiqəsinə təqdim olunur.