Kəlbəcər soyqırımdan necə xilas oldu? Hadisə

Kəlbəcər soyqırımdan necə xilas oldu?

Yazılmamış, deyilməmiş hərb tariximiz...

Bəzən bizə elə gəlir ki, Azərbaycanın hərb tarixi haqda çox şey bilirik. Lakin heç də belə deyil. Hərbi əməliyyatlar, qəhrəmanlar, sərkərdələr, ümumiyyətlə çox şey hələ də yazılmamış qalır. Özü də bütün bunlar çox da uzaq olmayan – 1-ci Qarabağ savaşının yazılmamış, deyilməmiş, bilərəkdən və ya bilməyərəkdən üzərindən keçdiyimiz döyüş tarixidir. Bu yazıda çox da uzaq olmayan keçmişə ekuskursya edərək, tariximizin öyrənilməsi mühüm olan qaranlıqlarına işıq salmağa çalışacağam.

1993-cü ilin fevralında Ağdərə rayonunun böyük bir hissəsinin işgal olunması Kəlbəcərə gedən yolların bağlanmasına və rayonun blokadaya alınmasına səbəb oldu. Bu əməliyyatla düşmən növbəti gedişdə Kəlbəcəri işğal edəcəyini açıq-aşkar göstərdi. Ancaq cəmiyyətdə belə bir inam hökm sürürdü ki, ermənilər beynəlxalq qalmaqaldan çəkinərək, işğalçı siyasətini Dağlıq Qarabaqdan kənara çıxarmayacaq və Kəlbəcərə heç bir vaxt hücum etməyəcəklər. Elə bu fikirlə də ölkə rəhbərliyi Kəlbəcərin müdafiəsini lazımınca təşkil edə bilmədi. Həta bundan qabaq Dağlıq Qarabağa daxil olmayan Laçın rayonunun humanitar dəhliz şuarı altında işğal olunması da bizə dərs olmadı.

Kəlbəcər soyqırımın astanasında...

1993-cü ilin fevralında Kəlbəcər artıq mühasirədə idi. Düşmən işğal olunan ərazini genişləndirmək və Azərbaycana Xocalı qətliamından da daha dəhşətli və ölümcül zərbə vurmaq istəyirdi. Əgər düşmən öz niyyətini reallaşdıraraq, 60 minlik Kəlbəcər əhalisini ələ keçirsəydi daha dəhşətli qətliama məruz qalacaqdıq. Azərbaycan Ordusunun 701 saylı hərbi hissəsi Kəlbəcər könüllüləri ilə birlikdə misilsiz qəhrəmanlığı ilə düşmənin bu niyyətini pozdu. Düşmən martın 26-da müdafiə qüvvəsi çatışmayan Kəlbəcəri işğal etmək üçün 6 alaydan ibarət olan qüvvə ilə 6 istiqamətdən: Ağdərədən 3, Laçından 1, Ermənistan-Azərbaycan dövlət sərhədindən 2 istiqamətdən hücuma keçdi. Ermənistan-Azərbaycan dövlət sərhədindən edilən hücum onu sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı genişmiqyaslı işğal siyasətini həyata keçirən Ermənistandır və söhbət yalnız Dağlıq Qarabağın işğalından getmir. Həmin ağır dəqiqələrdə Kəlbəcər əhalisinin köməyinə qonşu Laçın rayonunun dəhlizi uğrunda döyüşən 701 saylı briqada özünü çatdırdı. Əgər düşmənin 6 alayı ancaq Laçın rayonundan hücuma keçsəydi, döyüş təcrübəsi olan 701-ci motoatıcı briqadanın əsas qüvvələri ilə rastlaşıb çoxlu itkilər verər və Kəlbəcər işğala məruz qalmayacaqdı.

ÇƏRƏKDAR

1993-cü ilin martın 26-dan başlayaraq, düşmən şiddətli artilleriya hazırlığından sonra tank, PDM atəşləri ilə qurudan və 7 ədəd döyüş helikopterinin havadan atəş dəstəyi ilə Ağdərə-Kəlbəcər avtomagistral yolu boyu hücuma keçdi. Laçın dəhlizində döyüşən 701-ci briqadanın komandirinin əmri ilə hərbi hissənin 1-ci taboru döyüşə atıldı. Tabor 3 gün ərzində Çərəkdarda döyüşdü və ermənilərin Kəlbəcər istiqamətində hərəkətinin qarşısını aldı. Döyüşlərdə düşmənin 2 döyüş helikopteri, 1 tankı, bir neçə PDM-i və xeyli canlı qüvvəsi məhv edildi. 1-ci tabor isə 8 şəhid verdi. Altı döyüşçü yaralandı, 1 tank və 1 zenit topu itirildi. Düşmənin bir alayı geri çəkilməyən 1-ci tabora arxadan zərbə endirmək üçün Ağdaban-Bağlıpəyə yaşayış məntəqələri istiqamətində irəliləməyə başladı. Briqada komandiri Laçında döyüşən 701-ci briqadadan 3 tank, 5 PDM və 30 əsgərdən ibarət olan dəstəyə Kəlbəcərə gəlməyi və onları bu qüvvələrə qarşı əks hücuma keçməyi əmr etdi. Düşmən martın 27-də Murovdağa qədər müdafiə qüvvələrinin olmaması səbəbindən nəzarətsiz qalan 25 km-lik boş ərazidə döyüş əməliyyatı apardı. İki gün ərzində Ağdaban və Bağlıpəyə yaşayış məntəqələrini ələ keçirildi və 1-ci taborun ətrafında mühasirə halqasını daraltmağa başladı. Martın 29-da səhər briqada komandirinin rəhbərliyi altında 30 nəfər əsgər öz zirehli texnikası ilə mühasirə halqasını yarmaq üçün əks-hücuma keçərək Bağlıpəyə yaşayış məntəqəsinin hüdudlarına çıxdı. Həmin gün bu məntəqə dəfələrlə əldən-ələ keçdi. Döyüş zamanı dəstənin 2 texnikası məhv edildi. Dörd hərbçimiz şəhid oldu, 5-i isə yaralandı. Nəticədə bölmə geri çəkilərək Tunelin müdafiəsi uğrunda döyüşlər aparmağa başladı. Strateji mövqeyə malik olan Tunel Laçın və Kəlbəcər rayonlarını birləşdirirdi. 701-ci briqadanın Kəlbəcər rayonunda döyüşən qüvvələri düşməni geri oturtmaq üçün Çərəkdar istiqamətində dəfələrlə əks-hücuma keçir və müdafiə döyüşləri aparırdı. Həmin döyüşlərdə 701-ci briqadanın Kəlbəcərdən olan 200 nəfərlik canlı qüvvəsi də sağ və sol cinahlarda olan 2 dəstəsi mühasirəyə düşdü. Mərkəzi istiqamətdən əks hücuma keçən zirehli dəstə Tunel istiqamətində geri çəkilmək məcburiyyətində qaldı. Gərgin döyüşlərdə itkilər və cinah dəstələrinin mühasirəyə düşməsi səbəbindən hərbçilərimizin sayı 30 nəfərə enmiş, dəstənin cəmisi 2 tankı və 3 PDM-i qalmışdı.
Hətta Ermənistan Ordusunun Qarabağda döyüşən bölmələrinin kəşfiyyat komandiri olmuş Monte Melkonyan da erməni mediasına həmin günlərdə verdiyi müsahibəsində bu faktları təsdiq edir.
O, müsahibəsində bildirir: "Döyüşlər çox gərgin şəraitdə keçir. Savaş 10 metrlik məsafədən aparılır. Biz çox yorulmuşuq və çox sayda itki vermişik. Hələ ki, azərbaycanlıların müqavimətini qıra bilmirik. Onlar güclü müqavimət göstərərək axırıncı əsgərə kimi döyüşür və bir addım da geri çəkilmirlər. Üçgünlük fasiləsiz döyüşdən sonra çətinliklə Çərəkdara daxil ola bilmişik".

Təxliyyənin müzakirəsi...

Ölkə rəhbərliyi Kəlbəcərlə bağlı düşmənin işğal planının ciddi xarakter daşıdığını, rayon əhalisinin soyqırıma məruz qalma ehtimalının artdığını, həmçinin buradakı müdafiə qüvvələrimizin yox dərəcəsində olduğunu və bu səbəblər üzündən Kəlbəcərin işğalının, növbəti soyqırım hadisəsinin qaçılmaz olduğunu anlayaraq, yerli əhalinin ehtimal olunan təxliyyə planının hazırlanmasına göstəriş verir. 1993-cü il martın 30-da "Kəlbəcər rayonunun əhalisinin təxliyyə edilməsi haqqında" ölkə rəhbərinin fərmanına uyğun olaraq Kəlbəcər əhalisinin təxliyyəsinə başlanıldı. Təşviş içində olan mülki əhali rayon mərkəzindən helikopter və maşınlar vasitəsilə, eləcə də əsas hissəsi Murova doğru dağ yollarındakı cığırlarla rayonu tərk edirdi. Səfərbərlik zamanı toplanmış əsgərlər təlim keçmədən birbaşa Kəlbəcərə döyüşə göndərilirdi. Çoxları əlinə silahı birinci dəfə götürsələr də cəsarətlə döyüşürdülər. Təcrübəsizliyə baxmayaraq, hər bir əsgər vətənimizin, qız-gəlinlərimizin, ana-bacılarımızın namusunun qorunması üçün ölümün üzərinə atılırdı. Döyüşçülərimiz qüvvələr nisbəti bizim xeyrimizə olmasa da düşmənə tutarlı cavab verirdilər. Əsgərlərimiz son nəfəsində öz bədənlərini canlı sipər edərək, çoxsaylı düşmən hücumunun qabağını almaqla Kəlbəcər əhalisinin təxliyyəsini təmin edə bildilər. Həmin döyüşlərdə də qəhrəmanlıq göstərən əsgərlərimizin əksəriyyəti həlak olduş. Düşmənin aramsız hücumları nəticəsində "Tunel" adlanan strateji məntəqəni qoruyan 50 nəfərlik dəstə sonuncu nəfərinədək mərdliklə döyüşərək, həlak oldu və yalnız bundan sonra düşmən çox çətinliklə buranı ələ keçirə bildi.

Kəlbəcərə görə Laçından vaz keçildi...
Martın 30-dan 31-nə keçən gecə müdafiə naziri Dadaş Rzayevin əmri ilə 701-ci briqada Laçının müdafiəsini dayandırıb, oradakı bölmələri Kəlbəcərə yönəldildi. 4-cü taborun komandirinə 100 nəfərlik şəxsi heyətlə birlikdə Laçındakı döyüşlərdən çıxaraq, təcili Kəlbəcərə gəlmək əmri verildi. Martın 31-də taborun döyüşçüləri Laçının sıldırımlı keçidlərini çox çətinliklə aşaraq Kəlbəcərə gəlib briqada komandirinin sərəncamına keçdi. Tabor Çiçəkli yüksəkliyinin müdafiə əmrini alaraq Qamışlı körpüsü uğrunda döyüşlərə qatıldı. 701-ci briqada düşməndən sayca az olmasına baxmayaraq, hücumların sürətini zəiflətməyi bacardı və ciddi müqavimət xətti yarada bildi. Ermənilər tələm-tələsik İrəvana müraciət edib Kəlbəcərin işğalının sual altında qaldığını deyərək, əlavə yardım istədilər. Bundan sonra düşmən 2 motoatıcı alayla Ermənistandan Kəlbəcərə soxuldu. Burada isə sərhədçilərimizin müqaviməti ilə rastlaşdı. Bu döyüşlərdə 29 sərhədçimiz qəhrəmancasına həlak oldu. Mərkəzə çəkilərək, Laçından köməyə gələn 701-ci briqadanın 5-ci taborunun sağ qalmış döyüşçüləri ilə birləşə bildilər. Lakin tabor komandiri də daxil olmaqla əsgərlərinin böyük əksəriyyəti döyüşlərdə həlak oldu. Həmin vaxt isə briqada komandiri komendant tağımı və 4-cü taborla birgə 120 nəfərlə Qamışlı körpüsünü müdafiəsini təşkil edirdi. Döyüş zamanı hər 10 dəqiqədən bir, ya 1 nəfər həlak olur, ya da 1 nəfər yaralanaraq Çiçəkli dağının ətəyinə gətirilirdi. Müdafiəçilərimiz yaxşı bilirdilər ki, bu döyüşdən çoxları sağ çıxmayacaqlar. Amma onlar son nəfəsə və axırıncı gülləyə qədər vuruşurdular. Döyüşlər zamanı Çiçəkli dağ 3 dəfə əldən ələ keçdi.

Ultimatum...

Aprelin 2-si səhər saat 10.00-da düşmən körpünün mudafiəçilərinin inadlı müqavimətini qıra bilmədiyini görüb, ultimatum verdi. Müraciətdə deyilirdi: "Silahları yerə qoyun, 15:00 qədər sizə vaxt veririk, təslim olun! Təslim olanların sağ qalmasına və onların dəyişdirilmələrinə söz veririk!" Düşmənin səsləndirdiyi xəbərdarlığa cavab olaraq briqada komandiri körpünün müdafiəçilərinə müraciət edərək, burdan bir addım belə geri çəkilməmək əmri verir. Sonra həlak olanların cəsədlərini və yaralıları maşına qoyub Murov dağı istiqamətində düşmən qüvvələrinin arasından keçərək döyüş meydanından çıxarılması əmri verilir. Ultimatumun vaxtı bitəndən sonra saat 15.00-da döyüş yenidən başlayır. Düşmən çox böyük çətinliklə də olsa, Çiçəkli yüksəkliyini ələ keçirə bilir. Körpünün müdafiəçiləri isə briqada komandirinin arxasınca Lev çayini keçərək qarşıdakı dağa qalxmağa başlayır. Çayı çox çətinliklə keçən döyüşçülər dağa qalxan zaman düşmənlə qarşılaşdıqları üçün yenidən çayın sahilinə doğru enirlər və mövqe tutaraq, döyüşə atılırlar. Düşmənin hər iki tərəfdən yüksəklikdə mövqe tutmasını və onların müdafiə olunmasının mümkünsüzlüyünü anlayan komandir "çaya atılın" əmrini verir. İşğal edilən ərazidən bir sutka yarım vaxt ərzində çıxmağa çalışan komandir aprelin 3-də Yanşaq kəndinə gəlir. Bərdə taborunun 2 döyüşçüsü ilə qarşılaşan hissə komandiri onlarla birlikdə Murovdağ istiqamətində yola düşürlər. Aprelin 3-də Azərbaycanın müdafiə naziri mühasirədən çıxmış hissə komandirinə Hacıkənddə yerləşən Ön Komanda Məntəqəsində Murovdağ yüksəkliyinin, Ömər aşırımının təcili geri qaytarılması tapşırığını verir. Əmrin təcili verilməsinin və yerinə yetirilməsinin əsas səbəbi ermənilərin "Qrad" qurğularını Ömər aşırımında yerləşdirərək Gəncə şəhərinin atəş altında saxlamasının qarşısını almaq idi. Bu zaman orada başqa döyüş qüvvələri olmadığından bu mühüm tapşırıq mühasirədən yenicə çıxmış briqadaya tapşırılır.
1993-cü il aprelin 5-də 701-ci briqadanın 100 nəfər döyüşçüsü briqada komandiri başda olmaqla əks hücuma keçərək Ömər aşırımını düşməndən geri almağa müvəffəq olur. Həmin döyüşdə ordumuz 26 şəhid verir. 20 nəfər isə yaralanır. Elə həmin gün 701-ci briqadanın 2-ci taborunun döyüşçüləri artıq işğal olunmuş Kəlbəcərə yenidən daxil olur. Döyüş zamanı həlak olanlar orada dəfn edilir, yaralılar və şəhidlərin sənədləri düşmən əlinə keçməməsi üçün götürülür. Sağ qalmış döyüşçülərimiz Çaykənd- Daşkəsən istiqamətində Murovdağ silsiləsini piyada aşaraq 5 gün ərzində mühasirəni yarıb, Daşkəsənə çatırlar.

Və son...
Beləcə, qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində minlərlə vətəndaşımız qətliamdan xilas olur. Bu gün onların xilası üçün şəhid olan 400 qəhrəman qardaşımızın ruhu isə Kəlbəcərdə bizim yolumuzu gözləyir. İnanıram ki, biz Kəlbəcəri və bütün işğal olunmuş topaqlarımızı düşməndən azad edəcəyik və tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

Ramil Məmmədli
"AzeriDefence" hərbi-texnoloji jurnalın redaktoru

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün təqdim olunur.