“Fövqəladə hallarda özünü necə aparmalı?” Hadisə

“Fövqəladə hallarda özünü necə aparmalı?”

FHN maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Xətai rayonundakı 29 saylı orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı?" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə məlumat verib. O bildirib ki, bu silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarında keçirilir. Tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.