“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” Hadisə

“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması”

"Zərdabi Mətbuat Mərkəzi" İB Lənkəranda dəyirmi masa keçirib

Lənkəranda "Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda "dəyirmi masa" keçirilib. Bu, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsi çərçivəsində keçirdiyi ilk toplantıdır.
"Dəyirmi masa"nı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə hər zaman böyük önəm verdiyini vurğulayıb. Ölkədə aparılan geniş abadlıq və quruculuq işlərinin Lənkarandakı konkret nümunələri barədə söz açan Asif İmanlı yerli kütləvi informasiya vasitələrinin bu proseslərdə öncül mövqe tutduğunu diqqətə çatdırıb. Lakin mövcud sahədə bir sıra həlli vacib cəhətlərin də olduğunu vurğulayıb. Asif İmanlı keçirilən "dəyirmi masa"nın son dərəcə zəruri məqsəd daşıdığını qeyd edib. O deyib ki, mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda ictimai təşkilatların da ümdə vəzifəsidir.
"Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsinin koordinatoru, "Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarını qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaq, neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur: "Ümumən dil probleminə kompleks yanaşmaq lazımdır. Bu mənada Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamı müstəsna əhəmiyyət daşıyır. Dilimizin inkişaf xüsusiyyətləri ilə ba?lı fikirlərin ifadə olunduğu sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi əsas götürülür, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilir. Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir".
Layihəyə ekspert qismində dəstək verən "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamından sonra ölkədə ana dilinin işlədilməsilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başladığını vurğulayıb. O bildirib ki, mövcud istiqamətdə ictimai təşkilatların üzərinə də böyük missiya düşür: "Bu mənada Azərbaycan Mətbuat Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qurum ümumən fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, Şuranın daimi fəaliyyət göstərən struktur vahidlərindən biri də Dil Komissiyasıdır. Komissiya mövcud sahədə müşahidə olunan qüsurlara diqqət yönəldərək onların aradan qaldırılmasının vacibliyini qeyd edir. Xüsusi olaraq vurğulanır ki, dil pozuntularının aradan qaldırılması mətbuatımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ən vacib məsələlərdən biridir. Mətbuat Şurası monitorinq proqramına əsasən, mətbuat səhifələrində müasir Azərbaycan ədəbi dilinin müxtəlif yaruslarına aid dil pozuntularının qeydə alınması üçün qəzet materialları beş istiqamət üzrə - leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik peşəkarlığı) parametrlər baxımından təhlilə cəlb edib. Təbii ki, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyinin bu layihəsi də başlanılmış işə dəstək anlamında çox vacibdir".
Layihədə ekspert qismində məruzə edən "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür. Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Bunları qeyd edən Seymur Verdizadə ana dilinə riayət edilməsi sahəsindəki problemlərin qruplaşdırılmasının vacibliyini də vurğulayıb.
Tədbirdə çıxış edənlərdən "Lənkəran" qəzetinin redaktoru İltifat Əhmədov, "Astara" qəzetinin redaktoru Azər Abdullayev, "Lerik" qəzetinin redaktoru İdris Şükürov, "AzərTAc"ın zoma müxbiri Bağır Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimi Əlirza Əliyev, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, "Olaylar" qəzetinin bölgə müxbiri Hafiz Mirzə, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri İltifat Saleh və başqaları "Zərdabi Mətbuat Mərkəzi" İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın olduğunu vurğulayıblar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün vaxtilə mövcud olmuş Jurnalist Sənətkarlığı İnstitutuna bənzər qurumun yaradılmasının, ədəbi dilin dialektlər əsasında zənginləşdirilməsi üçün müvafiq tədbirərin görülməsinin vacibliyini vurğulayıblar.

XC