“Novruz bayramı ərəfəsində əfv gözləyirik” Hadisə

“Novruz bayramı ərəfəsində əfv gözləyirik”

Novella Cəfəroğlu: "Siyahılar Əfv Komissiyasına göndərilib"

Sahib Məmmədov: "Novruz ərəfəsində əfvin olması ilə bağlı praktika var"

Martın 1-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanın üzvü Mehdi Mehdiyev bildirib ki, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: "Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur". M.Mehdiyev Novruz bayramı ərəfəsində Prezident tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini bildirib. Prezident yanında Əfv Komissiyasının toplantısının keçirilməsi hüquq müdafiəçilərində bu ay əfvin ola biləcəyi qənaətini yaradıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Novruz bayramı ərəfəsində əfv gözlədiklərini dilə gətirib. Onun sözlərinə görə, siyahılar Əfv Komissiyasına göndərilib: "Məhbuslar məsələsini daim gündəmdə saxlayır, bizə daxil olan müraciətlərə diqqət yetiririk. Əfv məsələsi Prezidentin müstəsna səlahiyyətinə aiddir. Nə qədər insan azad olsa, bir o qədər yaxşıdır. Hüquq müdafiəçisi olan şəxs əfvə qarşı çıxa bilməz. Prezident yanında Əfv Komissiyasının iclası keçirilib. Bu da, müsbət hadisədir. Ümidvarıq ki, bütün bunlar bayram ərəfəsində əfvin verilməsi ilə bağlıdır".
İnsan Hüquqlarına dair Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı isə Novruz bayramı ərəfəsində əfvin olub-olmayacağına dair bir söz deyə bilməyəcəyini söyləyib: "Əfv ola da, olmaya da bilər. Bizdə sonuncu dəfə yeni ildə əfv imzalanıb, yüzdən çox insan azadlığa çıxıb. Bu əfvin üzərindən iki ay keçib. İndi yaxın 15-20 gündə əfv siyahılarının hazırlanacağı, sərəncamın veriləcəyinə inanmıram. Əfv sərəncamı veriləcək, amma may ayı daha real görünür. Mart əfvi olmaya bilər. Çox istərdik ki, belə bir qərar verilsin. Bunlar xırda işlər deyil. Əfv Komissiyasının tərkibinə yeni üzvlər təyin olunub. Bu komissiyadan gözləntilərimiz çoxdur. Prezident bu istiqamətdə kifayət qədər müsbət addımlar atır. Bildiyiniz kimi, məhkəmə qərarı ilə Leyla və Arif Yunuslar azad olundular. Belə qərarların digərlərinə də şamil olunacağını düşünürəm". Qeyd edək ki, ötən həftə Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bildirmişdi ki, əfvlə bağlı səlahiyyət Prezidentə məxsusdur. O, əlavə etmişdi ki, bu günə qədər ölkədə bir neçə dəfə əfv verilib və çoxlu sayda insan azadlığa buraxılıb. Hüquq müdafiəçisi xüsusilə vurğulamışdı ki, əfv humanizm nümayişidir və Prezident tərəfindən bu dəfələrlə nümayiş etdirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə deyib:"Ötən əfv ərəfəsində iclasımızı keçirdik və biz gözləyirdik ki, xeyli şəxslərin adları orada olacaq. Həmin ərəfədə Azərbaycana qarşı kampaniyalar aparıldı, 3-cü ölkələr vasitəsilə məxfi maliyyələşən təşkilatlar yeni siyahılar çıxardı. Hökumət də həmin təzyiqlərə etiraz olaraq və ya nəyəsə görə əksəriyyətinin adı əfv olunanlar arasında olmadı. Amma artıq İşçi Qrupunun təqdim etdiyi adlar var. Bu siyahı Prezident Administrasiyasına, Əfv Komissiyasına təqdim olunub. Ona görə də iclasın keçirilməsinə xüsusi bir zərurət də yoxdur".
Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin səlahiyyətlərinə aid bir məsələdir: "Əfvlə bağlı çoxlu ehtimallar olur, amma son nəticə dövlət başçısının özü tərəfindən müəyyən edilmiş olur. Novruz ərəfəsində əfvin olması ilə bağlı praktika var və ya başqa vaxt ola bilər. İşçi Qrupu siyahı ilə bağlı xeyli müzakirələr keçirib. Bunların içərisində ictimai xadimlər də, adi vətəndaşlar da var. Elə düşünülməsin ki, İşçi Qrupu ancaq adı keçən məşhur məhkumlarla bağlı məşğul olur. Həqiqətən, İşçi Qrupunun təklifləri hər zaman nəzərə alınıb".
O, həmçinin əlavə edib ki, əfv Komissiyasına yeni üzvlərin qəbul edilməsi sadəcə, rotasiya məsələsidir: "Komissiyanın bəzi üzvləri vəfat etmişdi, bəziləri vəzifədən getmişdi. Məsələn, milli təhlükəsizlik naziri vəzifəsinə görə o komissiyanın üzvü idi. İndi Dövlət Təhlükəsizlik Xidməti yaranıb. Orada əvvəldən də bir neçə boş yer vardı. Ona görə də böyük əksəriyyət köhnə tərkib qalmaqla, əlavələr oldu. Məsələn, qeyri-hökumət təşkilatları sektorundan Əliməmməd Nuriyev bura üzv kimi əlavə olundu. Ona görə də bu dəyişiklik gözlənilən idi və bu rotasiya dəyişiklikləri bir neçə dəfə olub".
O, həmçinin ictimai nəzarətlə bağlı qanun layihəsindən də danışıb: "Ədliyyə Nazirliyi qaydaları qəbul etdikdən sonra qeyri-hökumət təşkilatlarında bir az susqunluq əmələ gəlib. Əvvəllər, müsbətə doğru olan, qrantların qeydiyyatı, problemlərin sürətlə həlli, eyni zamanda ölkə Prezidentinin ictimai nəzarətin güclənməsi ilə bağlı davamlı çağırışları nəticəsində belə bir qanun layihəsi Milli Məclisə verilib. Bu, Azay Quliyevin təşəbbüsü ilə olub və layihənin ictimai müzakirəsi keçirilib. Bu qanun layihəsi qeyri-hökumət təşkilatlarından ibarət ekspert qrupuna da göndərilib və baxılıb. Bu məsələ gündəmdə qalır. Amma bundan əvvəl "İctimai iştirakçılıq haqqında" Qanun qəbul edilib və onun tətbiqində problemlər var. Mərkəzi icra hakimiyyəti orqanları, nazirliklər, yerli icra hakimiyyəti orqanları belə şuraları hələ formalaşdırmayıb. Heç olmasa, bunu formal olaraq da etməyib".
Apelyasiya Şuralarından da söz açan S.Məmmədov deyib ki, bir çox ölkələrdə inzibati-iqtisadi məhkəmələrə şikayət verənə qədər belə sənədlərə baxan administrativ qurumlar, deyək ki, şuralar olur: "Təbii ki, Konstitusiya ilə hər kəsin məhkəməyə müraciət etmək hüququ var və bunu heç kim məhdudlaşdıra bilməz. Amma bu qeyd edilən məsələ bir prosedurdur. Məsələn, sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlərlə dövlət orqanlarının arasında daimi münasibətlər var. Bu münasibətlərdə də konfliktlər ortaya çıxır və bütün dünyada belədir. Bu konfliktləri ümumi bir prosedur qayda ilə yuxarı şikayət verirsən, baxılır və s. Bunun effekti olmur. İndi deyirlər ki, nazirliyin əməkdaşlarından ibarət bir qurum yaradılıb və əvvəlki kimi olacaq. Əvvəllər şikayətin bir kağız dövriyyəsinə keçirdi, o baxırdı, bu baxırdı, rayona gedib çıxırdı. Ancaq indi kağız dövriyyəsindən kənar orqan var və şikayətini edirsən. Artıq bu qurum prosedur qaydasında şikayətə baxmalıdır və cavab verməlidir, günahkar varsa cəzalandırmalıdır. Artıq burada başqa yol yoxdur. Üstəgəl, bundan razı qalmasan, Prezidentin yanında yaradılan şuraya müraciət edirsən. Bu şura görsə ki, şikayət obyektiv araşdırılmayıb, onda əvvəlki Apelyasiya Şurasının üzvlərini cəza gözləyir. Mən bunu müsbət addım hesab edirəm".