Strateji Dostluq Klubu Hadisə

Strateji Dostluq Klubu

Elçin Mirzəbəyli

Strateji Araşdırmalar Mərkəzi haqqında qələmə aldığım yazı bir çoxlarının narahatlığına səbəb olub. Kimi "təriqət", kimi "şəriət", kimi isə "vəziyyət (tələb edir)" təəssübkeşliyindən faktsız və arqumentsiz iddialarla yandaşlarıyla həmrənglik nümayiş etdirməyə çalışır...
Amma BİZİ "şəriət", "təriqət" və "vəziyyət (tələb edir)" təəssübkeşlərinin əndişələri deyil, Dövlətin və Millətin maraqları düşündürür.
Beləliklə, 9 dekabr 2011-ci ildə yazdığım "Strateji Dostluq Klubu" adlı məqaləmi ixtisarla dəyərli oxucularımın müzakirəsinə təqdim edirəm. Strateji Araşdırmalar Mərkəzi Dövlətin və Millətin hədəflərini müəyyənləşdirən beyin mərkəzi funksiyasını yerinə yetirməyə borclu olduğu üçün hər zaman diqqət mərkəzimdə olub. Bundan sonra da olacaq...
"...Müəyyən bir mərhələdə Mərkəz "göz yaşları ovucunun içində olan analitik"lərin və onları, barələrində ətraflı məlumata malik olmadan yuxarılara sırıyanların mənəvi-psixoloji problemlərinin və bu yazıda açıqlamaq istəmədiyim digər pərdəarxası məqamların girovuna çevrildi. Peşəkar mütəxəssislərin bir hissəsi incəliklərinə varmaq istəmədiyim ağır və bəlkə də sarsıdıcı psixoloji atmosfer ucbatından Mərkəzdən uzaqlaşmaq məcburiyyətində qaldılar. Beləcə, Strateji Araşdırmalar Mərkəzinin sözün əsil mənasında bir institut kimi formalaşması üçün mühüm əhəmiyyət kəsb edən bir mərhələ geridə buraxıldı və nəticədə qızıla bərabər bir zaman kəsiyi paslı metal parçası kimi ayaqlar altına atıldı, mütərəqqi ideyalar, təkliflər, təşəbbüslər toz basmış qovluqlarda, güncdə-bucaqda "saraldı", dəyərini və əhəmiyyətini itirdi...
...İtirilən zaman üzərində isə çox dayanmayacağam. Çünki itirilən təkcə zaman olmayıb və bu zaman kəsiyində itirilən, havaya və havayı sovrulan vəsaitlərin son mənzilinin ünvanını tapmaq mənim vəzifəm deyil.
...Bu və ya digər dövlətdə strateji araşdırma (tədqiqat) institutlarının formalaşdırılması şübhəsiz ki, yeni ideya deyil. Daha böyük dövlətçilik tarixi olan ölkələr uzun illərdir ki, məhz belə institutlar (mərkəzlər) vasitəsilə bütün istiqamətlər və sahələr üzrə cərəyan edən daxili və xarici prosesləri diqqətdə saxlayır, araşdırır, ictimai rəyin bu və ya digər hadisəyə reaksiyasını öyrənir, pronozlaşdırır və beləliklə də ümummilli mənafelərin qorunmasının, siyasi, iqtisadi, kultroloji, etnomədəni təhlükəsizliyin təmin olunmasının, idarəçilikdə innovativ metodların tətbiqinin elmi əsaslarını hazırlayırlar.
Bəzi dövlətlərdə belə institutlar bilavasitə dövlət idarəçilik aparatının nəzarətində, bəzilərində ayrı-ayrı universitetlərin, elmi mərkəzlərin nəzdində, bəzilərində isə müstəqil şəkildə - vətəndaş cəmiyyəti institutunun subyektləri kimi fəaliyyət göstərirlər. Lakin bütün bu müstəqil və qeyri-müstəqil institutları, mərkəzi birləşdirən bir sıra amillər var ki, Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (SAM) bunların heç birinə uyğun gəlmir. Təbii ki, SAM-ın hazırladığı bəzi materialların ictimaiyyət üçün qapalı ola biləcəyinin fərqindəyik. Amma bu da bir həqiqətdir ki, Strateji Araşdırmalar Mərkəzinin vəzifəsi təkcə dövlətin müvafiq qurumları üçün boyat hesabatlar və şərhlər hazırlamaqdan ibarət deyil. SAM-ın bu günədək hazırladığı və ictimaiyyət üçün açıq olan şərh və təhlillərə diqqət yetirəndə isə tamamilə fərqli bir mənzərənin şahidi olursan. Və bu mənzərə istər-istəməz adıçəkilən qurumun hazırladığı digər materialların da keyfiyyətinə ciddi şübhə yaradır.
...Bütün bunlarla yanaşı son bir neçə ay ərzində SAM-ın fəaliyyətində nəzərə çarpan fəallığı qeyd etməmək ədalətsizlik olardı. SAM aktivləşib - eyni mətbuat orqanlarının səhifələrində və eyni insanların - qurumun daimi dostlarının timsalında. Ölkə daxilində aparılan müzakirələrdə - eyni simalar, xarici səfərlərdə - eyni simalar... Belə bir təəsürat yaranır ki, sanki SAM Strateji Araşdırmalar Mərkəzi deyil, hansısa ümumi maraqların, yaxud hədəflərin birləşdirdiyi bir qrup insanın özəl, yaxud "təsərrüfat hesablı" klubudur.
Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlərdə müzakirəyə çıxarılan mövzular şübhəsiz ki, aktual və əhəmiyyətlidir. Amma eyni adamlar tamamilə fərqli fikirlər ətrafında nə qədər yüksək peşəkarlıqla müzakirə apara bilərlər ki? Məgər ölkədə politoloq qıtlığıdı? Yaxud ayrı-ayrı sahələr üzrə mütəxəssis yoxdu Azərbaycanda? Bəlkə Milli Məclisin 125 yox, 1, yaxud 2 deputatı var?
Strateji Araşdırmalar Mərkəzi öz fəaliyyətində bütün ölkəni əhatə etməlidir, çeşidi mövzular ətrafında eyni adamların eyni fikirlərini gündəmə gətirərək özfəaliyyətlə məşğul olmamalıdır! Daha çox adam daha çox fikir deməkdir. Strateji Araşdırmalar Mərkəzi isə yalnız bir halda obyektiv hesabatlar, şərh və təhlillər hazırlaya bilər - ictimaiyyətin bütün təbəqələrinin fikirlərini öyrənməklə, fərqli dünyagörüşlərini bir araya gətirib fikir fırtınası yaratmaqla, müqayisə aparmaqla!
Əks təqdirdə ən mütərəqqi ideyalar və mövzular belə nəticəsiz disskussiyaların predmetinə çevrilə bilər..."