Qaraqalpaqların taleyinə təsir edən tarixi hadisələr Hadisə

Qaraqalpaqların taleyinə təsir edən tarixi hadisələr

I yazı

XVII əsrin I rübündə qaraqalpaqlarda tayfa-qəbilə birliyinə canatma daha çox müşahidə olunur. Sırdərya qaraqalpaqlarının digər ərazilərdə yaşayan qaraqalpaq qrupları ilə, xüsusən Zərəfşan vadisində və Xarəzm ərazisində yaşayanlarla birləşməyə can atmaları daha çox nəzərə çarpır. Bu qruplar Türküstan qaraqalpaqları ətrafında daha yaxından birləşməyə səy göstəriblər. Xalq rəvayətlərinə görə o dövrdə Sırdərya ərazisində yaşayan qaraqalpaqlar "Türküstan qaraqalpaqları" adlanırdı. Buna görə də Sırdərya rayonundakı qaraqalpaqlar "Türküstanı – Ata yurdu" ("Aта журты") adlandırırdılar. Bu dövrdə qaraqalpaqların birləşməsində şəhər – qalaların böyük rolu olmuşdu ki, bu qalalar qaraqalpaqları məhz köçərilərin işğalçı yürüşlərindən qorumağa xidmət edib.
Qaraqalpaqların yaşadığı ərazilərdən biri də yuxarıda qeyd etdiyimiz kimi, Xarəzm idi. Çingiz xanın hakimiyyəti dövründə Xarəzm iki hissəyə bölünmüşdü ki, xanın oğulları oraları tutmuşdu – Xarəzmin sağ sahili – Cığatay ulusu, sol sahili – Cuci ulusu idi. Sonralar cucilərdən monqol dövləti – "Qızıl Orda" yarandı və Xarəzm də onun tərkibinə daxil oldu. Daha sonralar XVIII əsrin ortalarından Xarəzmin iqtisadiyyatı və şəhər həyatı yenidən bərpa olunmağa başlayır. Urgənc yenidən böyük ticarət, sənət və mədəniyyət mərkəzinə çevrilir. İndiyə qədər qədim şəhər ərazisində o dövrün möhtəşəm abidələri olan Qutluq Timurun minarəsi, Nəcməddin Kübra məqbərələri, Turabəy xanım məscidi və s. kimi abidələri saxlanılmaqdadır. Üstyurt yaylasının cənub-şərq tərəfində Qaraqal¬paqstan ərazisində hazırda Qızıl Orda dövrünün digər bir şəhəri – Şamaxıqala yerləşir. Bu şəhər hündür qüllələrlə əhatələnmişdir. Burada şəhərin küçələri, məscidlərin düzgün planlaşdırılması, sənətkarlıq işləri, dulusçuların, metalçıların və digər sənətlərin izləri qalmaq¬dadır. Eyni zamanda bütün bunlar vaxtı ilə şəhərdə ticarətin inkişafı ilə bağlı məqamları ümumi mənzərəni də hiss etdirir. Qızıl Orda dövründə mövcud olmuş Şamaxı qalasının Azərbaycan şəhəri Şamaxı ilə hər hansı əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək də maraqlı olardı.
XVIII əsrin I yarısında qaraqalpaqların həyatında onların gələcək taleyinə təsir edəcək iki böyük tarixi hadisə baş vermişdi. Onlardan biri – 1723-cü ildə qaraqalpaqların Sırdəryanın aşağı və orta axını yaxınlığında yerləşən ərazilərə, cunqar-kalmık yürüşü baş verdi ki, burada qaraqalpaqlar və qazaxlar son dərəcə böyük faciələrlə üzləşdilər. Qazax və qaraqalpaq xalqları tarixində bu "böyük bədbəxtlik illəri"kimi yaddaşlara həkk olundu.
Kiçik Cuz qazaxları Xivəyə qaçmağa məcbur edilib Yaik-Emba vadisinə yayıldılar. Orta Cuz qazaxları Səmərqəndə və Buxara tərəfə çəkilməklə, Böyük Cuz qazaxlarından və cunqarlardan asılılığı qəbul etdilər. Onların bir hissəsi Orta Asiya rayonlarının lap dərinliklərində yerləşdilər. Qaraqalpaqlar da qazaxlarla birlikdə köçməyə məcbur oldular. Onların bir hissəsi Sırdəryanın yuxarı hissəsinə – Daşkənd səmtə, cənub-qərbə və cənub-şərqə tərəf üz tutdular. Digərləri isə şimala Sırdəryanın aşağı hissəsinə Xivə xanlığına, eyni zamanda Uralətrafı düzənlərə yayıldılar. Bu hadisə və proseslər qaraqalpaqların parçalanmasının əsasını qoydu: Sırdəryanın orta hissəsində olan ərazilərə yayılanlar "yuxarı" qaraqalpaqlar, Buxaradan asılı vəziyyətə düşüb, Sırdəryanın aşağı hissəsində, Kiçik Cuzun tərkibində yaşayıb cunqarlara tabe olmuş, sonralar Amudərya və Janıdərya sahillərinə yayılmış qaraqalpaqlar "aşağı" qaraqalpaqlar adlanıblar.
Tarixi rəvayətlərin əksəriyyətində qaraqalpaqların məskunlaşdığı ərazilər kimi Sırdəryanın aşağı hissələri, Noğay xanlığı daxil olan İtil (Volqa), Jaik (Yaik) və Krım göstərilir. Bütün sadaladıqlarımız XV-XVI əsrlərdə qaraqalpaqların Noğay İttifaqının tərkibində olduğunu təsdiqləyir. Buna görə də bu siyasi birliyin çərçivələrində qaraqalpaq¬ların etnogenizinin, dilinin, qaraqalpaq mədəniyyətinin əsas xüsusiyyətlərinin formalaşmasını görmək mümkündür. Qaraqalpaqların adı tarixdə ilk dəfə, qeyd etdiyimiz kimi, 1598-ci ildə çəkilir. Şeybanilər sülaləsindən olan Buxara xanı Abdulla (1583-1598) tərəfindən Sığnaqdakı müqəddəs Ziya-əd-din məqbərəsinə verilmiş sənəddə bu şəhər və onun ətrafında oturaq, yarımoturaq, köçəri həyat tərzi keçirən xalqların sırasında qaraqalpaqlardan da söhbət getdiyini göstərmək mümkündür. Bununla belə Qurbanbəy Jərimbətov isə yazır ki, "qaraqalpaq" xalqı özünün hazırkı adını tarix meydanında XVI əsrin əvvəllərindən başlayıb".
XVIII yüzilin ilk dövrlərində qaraqalpaqlar birləşməyə başlayır. Zərəfşan və Xarəzm səhralarında yaşayan qaraqalpaq qəbilələri Sırdəryalı qaraqalpaqların ətrafında toplaşırlar. Toplaşdıqları ərazilər içərisində Şığnak və Jaukənd (Yenikənd) önəmli bir yer tutub. Sırdəryalı qaraqalpaqlar bu dönəmdə qazax xanları tərəfindən idarə edilməkdəydi. Qazax xanları bu işi biylər, baylar üləma sinfinə mənsub şəxslər vasitəsiylə həyata keçirməkdə idilər. Qazax xanlarının himayəsindən çıxmaq istəyən qaraqalpaqlar ticari əlaqələrin güclənməsiylə Rusiya, Buxara, Xarəzm, Zərəfşan vadisi qövmləri ilə münasibətlər qurmağa çalışırdılar".
XVIII əsr mənbələrindən birində – "Türkmən Osmanın A.P. Volınskiyə məlumatı"nda (30 iyun 1725-ci il) qaraqalpaqların bu dövrdə Buxara xanına tabe olduqları haqda da məlumatlar var. Burada cunqarların qazax və qaraqalpaq torpaqlarını ələ keçirməklə onların özlərini 2000 araba ilə birlikdə əsir götürdükləri qeyd olunur. Onlardan 8 min araba Buxaraya getmiş və buxarlıların təsiri altına düşüblər. Ola bilər ki, hətta qaraqalpaqların bir hissəsi bu dövrdə Fərqanə vadisinə də gedib çıxmışdı. Bununla bağlı A.İ.Levşinin qeydləri maraqlıdır. O, qeyd edir ki, "böyük bədbəxtlik illərində" Böyük Ordanın qalığı onun kiçik hissəsi orta hissə ilə birlikdə Xocənd tərəfə köçüb getdi. Xoçənd sanki burada Fərqanə vadisinə yol açırdı və cunqarların hücumuna məruz qalan Böyük Cuzda yerləşən (Daşkənd rayonu) qaraqalpaqlar da buraya məhz bu dövrdə gedə bilərdilər.
Bununla belə "yuxarı" qaraqalpaqların cunqarlardan nə dərəcədə asılı vəziyyətdə qalması hələ də lazımınca öyrənilməyib. Məlumdur ki, 1750-ci ildə Türküstan şəhərini cunqarlar qaraqalpaqlara vermişdilər. Bununla belə qaraqalpaqlar bu şəhərdə heç də uzun müddət qalmayıb, 1762-ci ildə Kiçik və Orta Cuzun qazaxları Sırdərya ərazisinə "qaraqalpaqların boş qoyduqları yerlərə" köçürlər. Qeyd Cunqarlar qaraqalpaq ailələrini öz ərazilərində (İtil çayı hövzəsi ətrafında) yerləşdirməyə çalışıblar. Orta Cuzdakı qazaxlar qaraqalpaqları öz arxasınca aparmağı bacarıb, qıpçaqların bir hissəsi cunqarlar tərəfindən Kalmıkiyaya aparılıb. Biz bu məlumatları XIX əsrin sonlarında yaşamış A.Vasilyev adlı bir səyyahın dilindən verildiyini L.Tolstovanın əsərindən alırıq. Burada qaraqalpaqların kiçik bir hissəsi kalmık qəbilələrindən olan olet tayfasının içində kalmıklarla assimilyasiyaya uğradığı söylənilir.
Böyük və Orta qazax Cuzlarının xanları tez-tez "yuxarı qaraqalpaqların" ərazilərinə böyük qruplarla həmlələr ediblər. Tarixi-etnoqrafik ədəbiyyatda qazax xanlarının yürüşləri barədə kifayət qədər söhbət açılır. Bu barədə biz geniş məlumatları P.P.İvanov, V.N.Vitevski, P.P.Rıçkov, V.V.Velyaminov-Zernov, A.İ.Levşin, Ç.Ç.Valixanov, A.Xaruzin, A.Nusunbəyov, A.P.Xoroşxin və P.Nebolsinin əsərlərindən ala bilirik. Qazaxların, ümumiyyətlə, qaraqalpaq torpaqlarına, eyni zamanda "yuxarı qaraqalpaqlara" hücumu ilə bağlı böyük qazax maarifçisi Ç.Ç.Valixanovun "Ablay" məqaləsində xeyli məlumatlar var. O yazıb: "1774-cü ildə Ablay Uysun yüzbaşılarının xahişi ilə öz oğlu Adilin onları idarə etməsi üçün Talas çayı üzərində şəhər tikmiş və orada əməksevər qaraqalpaqları yerləşdirib".
XVIII əsr qaraqalpaqların ictimai həyatında qeyd etdiyimiz kimi ən mühüm hadisələrdən biri də o idi ki, burada qaraqalpaqlar iki tayfa – qəbiləyə – (arısa) ondörd uruq və kunqrata ayrıldı ki, onlar da öz növbələrində bir neçə qəbilə qrupuna bölündülər. Ondörd uruq qəbilələri üçün iki böyük tayfa bölgüsü vardı ki, bunlar – şullux və jaunqır idi. Tayfa-qəbilə bölgüsü birliyini bəylər və batırlar idarə edirdilər. Yuxarı hissələrə gəldikdə isə, təbii ki, onlarla ruhanilər, şeyxlər, dərvişlər və xocalar və başqaları əlaqədə idilər.
XVII əsrdə cunqarların qaraqalpaqların üzərinə hücumuilə bağlı böyük proseslər baş verdi. Cunqarlar Qazax torpaqlarına hücum edərkən qazaxlar üç istiqamətdə – bir hissəsi Kiçik Cüz Xivəyə, oradan Embaya, orta hissə Səmərqənd və Buxaraya, böyük hissə isə cunqarlara tabe oldu. Qaraqalpaqlar qazaxlarla birlikdə Daşkəndə tərəf Sırdəryanın yuxarı hissəsi üzrə hərəkət edərək çayın aşağı tərəfində yerləşməklə Aral dənizi ətrafında məskunlaşdılar. Cunqarlar Sırdəryanın orta axınını tutduqdan sonra faktiki olaraq qaraqalpaqların "aşağı" və "yuxarı" qaraqalpaqlara bölgüsü başa çatdı. "Yuxarı" qaraqalpaqlar cunqarların, "aşağı" qaraqalpaqlar isə Kiçik Cüz qazaxlarının təsiri altına düşdülər. Cunqarlar qaraqalpaqları son dərəcə dözülməz vəziyyətə saldılar.
XVIII əsrdə qaraqalpaqlar Janıdəryada yaşayırdılar. Bu – onların tarixinin ən parlaq dövrüdür. Burada və bu dövrdə onlar səhraları, çölləri, düzənlikləri becərməklə, əsasən xarici təsirlərin iqtisadi və siyasi feodal asılılıqlarından azad oldular. Janıdəryada qaraqal¬paqlar Aral özbəkləri ilə əlaqələrə girdilər. Bu dövrdə qaraqalpaq torpaqlarını özünə tabe etməyə çalışan qazax xanları və sultanlarının çoxsaylı yürüşlərinə məruz qalan qaraqalpaqlar onlara tabe olmaq məcburiyyətində qaldılar. Qaraqalpaqların özbəklərlə birgə qazaxlara qarşı mübarizəsi baş verdi. XVIII-XIX əsrlərdə qaraqalpaqlar Kuvandərya və Janıdərya hövzəsi torpaqlarını öz təsiri altına salmışdılar. Bu dövrdə hələ də qaraqalpaqlarda mərkəzləşmiş dövlət hakimiyyətiyox idi. Hətta xanlar və xanlıqlar da mövcud deyildi. Qəbilələr bəylər tərəfindən idarə olunurdu. Onların içində manqıt Orunbay və konqrat Yesengeldibiy daha məşhur idilər.
XVIII əsrin ortalarında qaraqalpaqlar daha bir bəlaya məruz qaldılar. Bu dəfə onlar Rusiyadan da asılı vəziyyətə düşdülər. Burada Abulxeyirxanın böyük "xidmətləri" oldu. O, rus hökumətindən "xeyir-dua" aldıqdan sonra "aşağı" qaraqalpaqların üzərinə hücum çəkib və onları böyük məbləğdə töycü (yasak) verməyə məcbur edib. Çar hökumətinin köməyi nəticəsində qaraqalpaqlar olduqca müflisləşmişdilər.
Uzun müddət ərzində (yəni XIX əsrin birinci rübü dövründə) qaraqalpaqlar son dərəcə kasıb vəziyyətdə yaşayırdılar. Cunqar, Buxara və Rusiya tabeçiliyindən sonra qaraqalpaqlar bu dəfə Xivə xanlığının təsiri altına düşdülər. Burada Xivə xanı Məhəmməd Əmin xana qaraqalpaqların koldaulı qəbiləsindən olan Aydos-bəy kömək etmişdi. Bundan sonra qaraqalpaqlar Xivə xanlığına da böyük məbləğdə töycü verməyə məcbur oldular. Töycünün yığımı qaraqalpaqlarda xan xidmətçilərinin, yəni tayfa-qəbilə başçılarının köməyi ilə həyata keçirilirdi.

Nizami Tağısoy
professor