“TRIPP Ermənistan üçün ciddi iqtisadi dividentlər vəd edir” Siyasət

“TRIPP Ermənistan üçün ciddi iqtisadi dividentlər vəd edir”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP marşrutunun yaxın vaxtlarda reallaşdırılmasına başlanacağı və layihənin Ermənistan əhalisi tərəfindən dəstəkləndiyi barədə açıqlaması diqqət çəkir. Ermənistanda revanşist mövqedə olan və TRIPP layihəsinin, eləcə də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan müəyyən qüvvələr var. Lakin Ermənistanda rasional düşünən hər kəs başa düşür ki, bu kommunikasiya xəttinin açılması ölkəyə kifayət qədər ciddi iqtisadi dividentlər gətirə bilər”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, kommunikasiya xəttinin açılması, ilk növbədə, bütün region dövlətlərinin maraqlarına cavab verir:

“Ermənistan bu dəhliz açıldıqdan sonra onun vasitəsilə Yaxın Şərqə, Fars körfəzi ölkələrinə, Orta Asiyaya və Rusiyaya çıxış imkanlarını genişləndirəcək. Bu, ölkənin regional iqtisadi əlaqələrə inteqrasiyasını gücləndirəcək. Eyni zamanda, Ermənistan ərazisindən keçən yüklərin və avtonəqliyyat vasitələrinin sayının artması dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin daxil olmasına imkan yaradacaq.

Bu layihə Azərbaycanla Ermənistan arasında etimad mühitinin möhkəmlənməsinə və gələcəkdə əməkdaşlığın inkişafına da töhfə verə bilər.

Şübhəsiz ki, Azərbaycan və Türkiyə də bu layihədən faydalanacaqlar. Azərbaycan Naxçıvana və Türkiyəyə quru yolu ilə birbaşa çıxış əldə edəcək. İran da bu kommunikasiya imkanlarından yararlana bilər. Belə ki, Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin genişlənməsi İranın Qara dəniz istiqamətində çıxış imkanlarını artıra bilər. Bununla yanaşı, Naxçıvan dəmir yolundan istifadə etməklə yük və sərnişin daşımalarının həcminin artırılması üçün də imkanlar yarana bilər.

Rusiya da bu marşrut vasitəsilə Yaxın Şərqə, o cümlədən Fars körfəzi regionuna çıxış imkanlarını genişləndirə bilər. TRIPP layihəsi Rusiya, Azərbaycan və İranın iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqəli əlavə nəqliyyat istiqaməti kimi də əhəmiyyət qazana bilər. Bu isə Rusiya üçün də ciddi iqtisadi dividentlər deməkdir.

Şübhəsiz ki, layihənin qlobal əhəmiyyəti də var. TRIPP Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilə və Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika marşrutlarından birinə çevrilə bilər. Bu baxımdan, layihənin reallaşması təkcə region ölkələri üçün deyil, daha geniş coğrafiyada iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir”.

Günel Elxan