“TRIPP Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişəcək?” Gündəm

“TRIPP Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişəcək?”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP layihəsinin yaxın vaxtlarda reallaşdırılmasına başlanacağı ilə bağlı açıqlaması Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinin iqtisadi müstəvidə davam etdirilməsi baxımından diqqət çəkir”.

Bunu politoloq Tural İsmayılov Xalqcebhesi.az saytına açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistan rəhbərliyinin bu bəyanatı regional bağlantıların bərpasının artıq yalnız diplomatik danışıqların mövzusu deyil, həm də ölkənin gələcək iqtisadi imkanları ilə əlaqəli məsələ kimi təqdim edildiyini göstərir:

“Siyasi bəyanatla layihənin faktiki icrasına başlanması arasında fərq var. TRIPP-in reallaşması konkret hüquqi razılaşmaların, texniki şərtlərin, təhlükəsizlik mexanizmlərinin və tərəflərin üzərinə götürdüyü öhdəliklərin müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın mövqeyindən yanaşdıqda, nəqliyyat kommunikasiyalarının açılması ölkənin əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu proses Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində həyata keçirilməlidir. Nəqliyyat xətlərinin açılması region dövlətlərinin iqtisadi potensialını birləşdirə, yükdaşımaların həcmini artıra və Cənubi Qafqazın beynəlxalq logistika marşrutlarındakı rolunu gücləndirə bilər”.

Politoloq qeyd edib ki, TRIPP layihəsi Ermənistan üçün iqtisadiyyatın şaxələndirilməsi, tranzit imkanlarının genişləndirilməsi və regional ticarətə inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir: “Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması Ermənistanın logistika imkanlarının artmasına və yeni investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Layihənin geosiyasi əhəmiyyəti də nəzərə alınmalıdır. TRIPP təkcə Ermənistan ərazisindən keçəcək nəqliyyat xətti deyil, həm də Azərbaycanın Naxçıvanla bağlantısı, Xəzər hövzəsi ilə Avropa arasındakı nəqliyyat əlaqələri və regional ticarətin genişlənməsi ilə bağlı təşəbbüsdür. Ermənistan–Azərbaycan münasibətlərində etimadın möhkəmlənməsi üçün iqtisadi əməkdaşlıq real nəticələr verməlidir. Nəqliyyat kommunikasiyalarının açılması qarşılıqlı maraqların formalaşmasına, işgüzar əlaqələrin artmasına və sülh prosesinin cəmiyyətlər üçün konkret faydalar yaratmasına töhfə verə bilər”.

Günel Elxan