15:41
511
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 30-31-də Atlantada keçiriləcək "Böyük Yirmilik" (G20) ölkələrinin xarici işlər nazirlərinin iclasında Ankaranın Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması istiqamətindəki səyləri barədə məlumat verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Nazir Fidan Rusiya və Ukrayna arasındakı münaqişənin eskalasiyası və genişlənməsinin yaratdığı risklərə diqqət çəkəcək, Türkiyənin Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi məsələsində hər iki tərəflə təmasda olduğunu qeyd edəcək, mövcud münaqişələrin tənzimlənməsinə və regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə vermək üçün səylərini davam etdirdiyini bəyan edəcək", - deyə mənbələr bildirib.
Türkiyə XİN rəhbəri, həmçinin Qara dənizdə, Hörmüz və Bab əl-Məndəb boğazlarında, eləcə də Fars körfəzində mülki gəmilərin və energetika infrastrukturunun atəşə tutulmasının qlobal energetika, ərzaq təhlükəsizliyi və ticarətə mənfi təsir göstərdiyini vurğulayacaq. "O, strateji baxımdan vacib su yollarında gəmiçilik azadlığının və təhlükəsizliyinin təmin edilməsinin həyati əhəmiyyət kəsb edən rolunu vurğulayacaq", - deyə mənbələr əlavə edib.
Fidan, bundan əlavə, Türkiyənin ABŞ və İran arasındakı münaqişənin dialoq və diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini bildirəcək, Qəzza zolağında sülhün əldə olunması məsələsində İsrailə beynəlxalq təzyiqin artırılmasının vacibliyini diqqətə çatdıracaq.
Məryəm Quliyeva