Azərbaycanın silahları Asiya bazarına çıxarılacaq Hadisə

Azərbaycanın silahları Asiya bazarına çıxarılacaq

Yavər Camalov: "Cənubi Şərqi Asiya regionu müdafiə sənayemiz üçün potensial bazardır"

Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı (DSA-2104) çərçivəsində Azərbaycan stendinə müxtəlif ölkələrin silahlı qüvvələrinin təmsilçiləri baş çəkib.
APA-nın Malayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sərgiyə qatılan Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşləri olub.
Müdafiə sənayesi naziri Yavər Camalov Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin yüksək rütbəli nümayəndə heyətini qəbul edib.
Sərgini APA-ya dəyərləndirən Yavər Camalov bildirib ki, Cənubi Şərqi Asiya regionu Azərbaycan müdafiə sənayesi üçün potensial bazar hesab olunur. Bu bölgədə Azərbaycanın məhsullarına tələb var.
"Sərgi çərçivəsində biz Malayziya və Sinqapurun bir şirkəti ilə Azərbaycan məhsullarının bölgədə marketinqinin təşkili barədə razılığa gəldik. Bu Azərbaycanın hərbi sənayesinin bölgə bazarına çıxması üçün mühüm addımdır", - deyə nazir vurğulayıb.