Hesablama Palatası hesabat verdi Hadisə

Hesablama Palatası hesabat verdi

Vüqar Gülməmmədov: "254 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb"

Dünən Azərbaycan Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat Milli Məclisdə müzakirə çıxarılıb. Qurumun sədri Vüqar Gülməmmədov parlamentdə etdiyi məruzədə bildirib ki, 2013-cü ildə Hesablama Palatası xeyli miqdarda vəsaitin dövlət büdcəsində və müvafiq qurumlara qaytarılmasına nail olub.
Vüqar Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib. Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub: "Büdcədən vəsaitlər smetada göstərilməyən xərclərə yönəldilib, satınalma aparılmayıb, bəzi hallarda isə satınalmanın nəticələri nəzərə alınmayıb. Tikintilər zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, lisenziya olmadan fəaliyyətlə bağlı nöqsanlar aşkarlanıb".
Hesabata görə, Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat və 38 min avro vəsaitin dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb, 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib, 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Eyni zamanda uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb.
Palata sədri bildirib ki, hesabat dövründə Hesablama Palatası 132 təqdimat hazırlayıb ki, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib: "Görülən işlərlə əlaqədar 254 nəfər məsul şəxs intizam tənbehinə məruz qalıb".
Vüqar Gülməmmədov qeyd edib ki, ümumilikdə büdcəyə qaytarılan və bərpa edilən vəsaitlərin miqdarı Hesablama Palatasının saxlanmasına sərf edilən vəsaitlərdən qat-qat çoxdur.
Sonra hesabat ətrafında müzakirələr olub. Deputat Elmira Axundova bildirib ki, rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməlidir: "Son illər kəndlərdə bağçaya tələbat artıb. Hesabatda diqqətimi çəkmiş bir faktı xüsusi qeyd etmək istəyirəm. Bağçalar üçün ayrılan vəsait icra edilməyib. Niyə? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən ilə ötürülür? Hesabatda göstərilir ki, təhsilə ayrılan pul, ötənilki ilə müqayisədə 8 faiz çoxdur. "Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun. Üstəlik, texnik peşə sahələrinə nəzər yetirdikdə görürük ki, sanki bu sahəyə heç kimdə həvəs yoxdur. Fikrimcə, bu sahəyə diqqət yetirilməlidir. Mənzil-kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var".
Deputat Vahid Əhmədov isə Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklərdə cəzalandırmadığını bildirib. Onun sözlərinə görə, 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib: "Bu gün yeni layihələrə 1 milyard dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesablama Palatası nəzarət etsin".
Deputat satınalmalarla bağlı qanuna yeni təklif də irəli sürüb: "Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir".