Qabiliyyət imtahanları jurnalistikaya nə verəcək Hadisə

Qabiliyyət imtahanları jurnalistikaya nə verəcək

Nahid Canbaxışlı: "Müasir jurnalistikda çatışmayan əsas amillərdən biri-əxlaq kodeksidir"
Ramil Məmmədli: "Qabiliyyət imtahanlarının tətbiqini jurnalistikanın inkişafına təkan kimi qiymətləndirmək olar"
Rövşən Ziya: "Qabiliyyət imtahanlarının tətbiqi jurnalistikada nəinki keyfiyyət dəyişikliklərinə, hətta bu sahənin inkişafına da təkan verəcək"

Jurnalistika fakültəsinə qəbul olmaq üçün imtahan verən abituriyentlərin öncə qabiliyyət imtahanından keçəcəklər. Bir sıra ekspertləri jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının vacibliyini qeyd ediblər. Azərbaycanda jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəhbərliyi ilə Mətbuat Şurasının (MŞ) işçi qrupu arasında keçirilən növbəti müzakirədən sonra qəbul edilən qərar gələcəkdə bu sahəyə daha çox həvəsli və bacarıqlı gənclərin üz tutmasına hesablanıb. Yeniliklərə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının birinci mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK-nın quracağı müsabiqə komissiyasının keçirdiyi müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar. Nəzərdə tutulmuş digər yeniliyə görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sorğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "hesab edirəm ki, bu, həm jurnalistika sahəsinə marağın artmasına, həm də jurnalistlərin peşəkarlığının daha da yüksəlməsi istiqamətində kifayət qədər uğurlu bir addım olacaq",- deyə bildirib: "Ümumiyyətlə, bir sıra sahələr var ki, orada mütləq istedad tələb olunur. Təbii ki, jurnalistika da bu sahələrdən biridir. Bu gün test vasitəsi ilə daxil olanların əksəriyyəti gələcəkdə görürsən ki, heç də jurnalist olmaq niyyətində olmayıblar. Sonradan məlum olur ki, onlar sırf təsadüfən, kodlaşdırma nəticəsində jurnalistika fakültəsinə daxil olublar. Hesab edirəm ki, istedadlı gənclərin müsabiqə yolu ilə bu sahəyə daxil olmaları təqdirəlayiq haldır".
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da qabiliyyət imtahanının vacib və qaçınılmaz olduğunu bildirib: "Əgər bir jurnalistdə vətənpərvərlik ruhu, jurnalistikaya həvəs, qabiliyyət yoxdursa, dərsə vaxt keçirmək, diplom almaq üçün gəlirsə, diplom almağının nə mənası var?".
Tanınmış jurnalist Qulu Məhərrəmli hesab edir ki, abituriyentlərin əlavə keyfiyyətlərinin üzə çıxarılmasından ötrü bu dəyişikliyin həyata keçirilməsi önəmlidir: "Sovet dövründə abituriyentlərin yazı qabiliyyətini yoxlayırdılar. Prinsipcə bu, işə mane olmur. Gənclər hədəf kimi jurnalistika fakültəsini seçirlər. Bu baxımdan bu, çox üstünlüklər vəd edir. Yəni bu sahəyə yalnız bu peşəni seçənlər qəbul edilirlər. Amma bu yoxlama imtahanları birbaşa onların yaxşı jurnalist kimi yetişməsinə təsir edəcəkmi? Bu, prinsip etibarı ilə təsir edəcək, amma həlledici təsir etməyəcək. Çünki 10-cu sinfi bitirən şagirdlərin hələ jurnalistika haqqında təsəvvürləri yoxdur.
İnşa yazmaq və ya suallara cavab vermək o demək deyil ki, onlar gələcəkdə yaxşı jurnalist olacaqlar. Sadəcə, peşəni seçmək baxımından bunun müəyyən üstünlükləri var. Amma heç kəs tələbəni instituta qəbul edəndə bilmir ki, bu, yaxşı cərrah və ya terapevt olacaq. Ona görə də burada daha çox tədrisin yenidən qurulmasının üzərinə ciddi vəzifə düşür. Jurnalistikanı daha çox praktika üzərində aparmaq, tələbələrə müasir jurnalistikanın qaydalarını, prinsiplərini öyrətməyə ehtiyac var. Onların bəlli bir dünyagörüşü, dil bilgisi olmalı, etika qaydalarına riayət etməli, həm də materialı yaxşı formada çatdırmağı bacarmalıdırlar. Əsas məsələ burada həll olunur. Biz informasiya cəmiyyətinə daxil olmuşuq. İnternet bizə böyük imkanlar yaradıb. Bu resursdan bəhrələnən hər kəs portal aça, öz bloqunu yarada bilir. Ancaq bunların heç birini jurnalist adlandıra bilmərik. Bu, naşı adamın əlinə tüfəng vermək kimidir. Xüsusən indiki mərhələdə görün nə qədər etik qaydalar pozulur, məlumatlar yoxlanılmamış verilir. Sensasiya ardınca qaçırlar, qərəzli yanaşmalar var. Bu prosesdə jurnalistika mühitinin sağlamlaşması da çox vacib məsələdir. Ona görə biz yaxşı jurnalistlər yetişdirməliyik. Bu sahəni sevən, ürəkdən bu sahəyə bağlanan gənclər bu mərhələləri keçməyə can atacaqlar. Jurnalistika bir az ruh məsələsidir. Jurnalistika dünyaya fərqli baxış, daha çox sosiologiya, psixologiya, cəmiyyət həyatının bir qolu deməkdir. Bakalavr səviyyəsində qabiliyyət imtahanının olması yaxşıdır, magistratura səviyyəsində isə xüsusən vacibdir. Onlar artıq öz istədikləri ixtisası seçirlər. Yəni təsadüfən gəlib, sonradan peşmançılıq keçirməyəcək ki, bu, onun seçdiyi ixtisasdır. Bu baxımdan dəyişikliyin təsdiqi vacibdir.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev qabiliyyət imtahanını müsbət amil kimi dəyərləndirmir. Ekspertin fikrincə, əksinə, bu yenilik bəzi müəllimlərin sui-istifadə hallarına yol verməsinə və universitetlərdə rüşvət hallarının artmasına şərait yaradacaq: "Qabiliyyət imtahanının magistratura pilləsində əhəmiyyəti və təsiri ola bilər. Çünki burada artıq ixtisas seçimindən söhbət gedir. Bakalavriat pilləsi üçünsə bu dəyişikliklər müsbət heç nə vəd etmir. Bakalavriat pilləsində jurnalistikaya qabiliyyət imtahanı tətbiq etmək əlavə işdir və əlavə xərclər deməkdir, hansı ki, bu, nə jurnalistika təhsilinə, nə də jurnalistika sahəsinə heç bir səmərəlilik gətirməyəcək. Mən jurnalistikaya qəbulda qabiliyyət imtahanı olmasında israr edənləri başa düşürəm. Onların bir qismi sovet dünyagörüşündən çıxış edərək qabiliyyət imtahanının fayda verəcəyinə inanır, digər qismi isə bundan imtahan prosesinə müdaxilə kimi istifadə etmək imkanı kimi baxır. Dava yorğan davasıdır. Mən belə də düşünürdüm ki, qarşı tərəf təkcə magistratura pilləsi ilə kifayətlənməyəcək və məhz bakalavriat pilləsində qabiliyyət imtahanının olmasına çalışacaqlar. Çünki magistratura pilləsində təhsil alanlarla məktəbi yenicə bitirmiş məzun, qəbul imtahanından çıxmış abituriyentin səviyyəsi arasında böyük fərq var.
Qabiliyyət imtahanının tətbiqi ilə jurnalistika sahəsində və jurnalistika təhsilindəki problemlərin həll olunacağını düşünmək absurd olardı. Mən belə üsulların səmərəliliyinə inanmıram".
Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru Hahid Canbaxışlının qənaətinə görə, jurnalistikada qabiliyyət imtahanı və.s məsələlər sovetdən qalma abu havadır: "Ona görə də yaxşı olar ki, Bakı Dövlət Univeristetində mövcud olan Jurnalistika fakültəsini bağlasınlar. Çünki, jurnalist, yazar olmaq, cəmiyyətdəki problemləri görüb qabartmaq üçün Jurnalistika fakültəsin bitirməyə ehtiyac yoxdur. Rəhmətlik Nəcəf Nəcəfov jurnalistikanı bitirməmişdi. Amma onun rəhbərliyi altında "Azadlıq" qəzeti çap olunanda bir nüxsəsin belə tapa bilməzdin. Bu gün cəmiyyətin iqtisadi, sosial, mədəniyyət və digər sahələri gözəl bilən yazarlara ehtiyacı var. Jurnalistikaya gələn insanlar ilk olaraq Azərbaycanın təkcə bu günün deyil, dünənini də bilməlidirlər".
Jurnalist Ramil Məmmədli bildirib ki, bu məsələ artıq uzun müddətdi müzakirə mövzusu olsa da öz həllini tapmırdı: "Jurnalistika hər bir peşə kimi istedad tələb edir. Bu baxımdan jurnalistikaya həvəsi olmayan və yazı qabiliyyətindən xali insanların cəmləşməsi ümumilikdə medianın probleminə çevrilir. Yəni, bu mənada qabiliyyət imtahanlarının tətbiqini jurnalistikanın inkişafına təkan kimi qiymətləndirmək olar. Əlbəttə ki, imtahanların doğru-düzgün və şəffaf keçirilməsi də bu məsələdə önəmli məqamlardandır".
Jurnalist Rövşən Ziya söyləyib ki, qabiliyyət imtahanlarının tətbiqi jurnalistikada nəinki keyfiyyət dəyişikliklərinə, hətta bu sahənin inkişafına da təkan verəcək: "Mərhum prezident Heydər Əliyevin mətbuata senzuranı aradan qaldırması, KİV-ə həm müsbət, həm də mənfi təsir göstərdi. Daha çox mənfi təsir göstərdi. Hamımız bilirik ki, Sovet illərində Jurnalistika üzrə ali təhsil almaq istəyən abituyiyentlər üçün xüsusi kriteriyalar tətbiq olunurdu. Bu kriteriyaları keçən gənc jurnalistika ixtisasına qəbul olunurdu. Ancaq müstəqillik bərpa olunduqdan sonra həm senzura, hən də bu kriteriyalar aradan qaldırıldı. Bunun da nəticəsində Mediaya kənardan güclü axın baş verdi. Təsəvvür edin ki, Dövlət Neft Akademiyasını, Memarlıq və İnşaat Universitetini bitirən, fizika, kimya, iqtisadiyyat və digər sahələr üzrə ali təhsil alan gənclər işsiz qaldıqlarını və media sahədə yaranan boşluqları görüncə, dərhal özlərini jurnalist kimi sınamağa qərar verdilər. Düzdür, onların içindən xeyli sayda həqiqi jurnalistlər çıxdı və bu gün də onlar qələmləri ilə ad-san qazanıblar. Bununla yanaşı həmin insanlar media sahəsindən öz məqsədləri üçün istifadə etməyə, reketçilik etməyə, insanları şantaj edərək, pul qazanmağa başladılar. Bu da Azərbaycan mediasının sözün əsl mənasında iflasına gətirib çıxardı. Hətta bu gün də bu cür insanların mediaya güclü axını müşahidə olunmaqdadır. Jurnalistikada qabiliyyət imtahanlarının tətbiqi, bu sahədə bir mühüm məsələni də önə çıxaracaq. Bilirik ki, test imtahanları nəticəsində jurnalistika fakültələrinə çox sayda təsadüfi insanlar qəbul olunur. Hətta onların çoxu jurnalist kimi işləməyə qərar versələr də, istənilən nəticəni vermir.
Qabiliyyət imtahanları isə bu insanların üzə çıxarılmasına, həm də onların digər sahələrlə maraqlanmalarına səbəb olacaq. Ümumiyyətlə, jurnalsitika sahəsi həm mürəkkəb, həm də maraqlı sahədir. Hamı jurnalistika ilə maraqlansa da. istənilən səviyyəyə çıxa bilmirlər. Buna görə də jurnalistika ixtisasında qabiliyyət imtahamlarının tətbiqini müsbət dəyərləndirirəm".

Əli