“Ümid edirik proses uğurla yekunlaşacaq” Gündəm

“Ümid edirik proses uğurla yekunlaşacaq”

“Türkiyədə bir neçə aydan bəri həyata keçirilən Terrorsuz Türkiyə layihəsi uğurla nəticələnərsə, bu, Türkiyə, Yaxın və Orta Şərq üçün olduqca böyük əhəmiyyətə malik bir proses olacaq. Belə ki, məhz Yaxın və Orta Şərq, xüsusilə də Türkiyə ərazisində terror təşkilatlarının fəaliyyət göstərməsi bu bölgədə sabitliyin pozulması, eyni zamanda, dövlətlərin güclənməsinə qarşı böyük güclərin həyata keçirdiyi bir layihə kimi baxılmalıdır. Məhz Türkiyədə 40 ildən artıq bir müddətdə PKK və o cümlədən son illər DEAŞKPC, İŞİD və digər terror təşkilatlarının fəaliyyəti Türkiyə üçün kifayət qədər zərərli bir proses olub. Belə ki, məhz PKK ilə, ümumiyyətlə, terrorla mübarizəyə 40 ildə təxminən yarım trilyondan artıq vəsait xərclənib. Bu, olduqca böyük rəqəmdir. Belə ki, həmin qeyd olunan 500 milyarddan artıq vəsaitlər Türkiyə iqtisadiyyatına yatırılsaydı, əlbəttə ki, Türkiyənin iqtisadi durumu indiki durumundan ciddi şəkildə fərqlənə bilərdi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

Politoloq vurğulayıb ki, məhz Türkiyə hakimiyyətinin son illər terrora qarşı apardığı ardıcıl mübarizə, eyni zamanda, onun terror təşkilatlarının silahsızlandırılması və Türkiyədə terrorun tamamən ortadan qaldırılması ilə bağlı həyata keçirdiyi siyasət özünün müəyyən nəticələrini verməkdədir: “Belə ki, PKK Türkiyə ərazisində silah buraxdığını bəyan edib və bu prosesin ardıcıl olaraq İraqda, sonra Suriyada həyata keçirilməsinə ehtiyac var. Belə ki, bu ölkələrdə PKK-nın digər qanadları fəaliyyət göstərməkdədir. Xüsusilə də PKK-nın əsas ünsürlərindən biri olan PYD, YPG, SDQ Suriyada fəaliyyət göstərir. Onların fəaliyyəti bölgədə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaratmaqla ciddi şəkildə bir gərginlik ortamı yaşatmaqdadır və məhz Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının da Türkiyə hakimiyyətinə verdiyi dəstək bu prosesin həyata keçirilməsi üçün kifayət qədər ciddi bir amil sayılmaqdadır”.

O.Qasımov bu istiqamətdə müəyyən önəmli addımların atıldığına toxunub: “Hətta PKK-nın lideri Abdullah Öcalan tərəfindən təşkilata silah buraxmaqla bağlı müraciətlər olunub. İmralıdakı terror başı ilə danışıqlar davam etdirilir. Ümid edirik ki, bu prosesin sonu Türkiyə dövlətinin planladığı ssenari üzrə həyata keçəcək və başa çatacaq. Belə olduğu təqdirdə, əlbəttə ki, biz Türkiyənin daha da güclənməsi, bölgədə və dünyada rolunun daha da artmasının şahidi ola biləcəyik. Ümid edirik ki, bu proses uğurla yekunlaşacaq”.

Röya İsrafilova