Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

6-cı yazı

II Şah İsmayıl (1576-1578) Peykər Sultanı Qarabağ bəylərbəyiliyindən azad edib, yerinə İmamqulu xan Qacarı bəylərbəyi təyin etdi. Sultan Məhəmməd (1578-1587) hakimiyyətə keçdikdən sonra İmamqulu xanın Qarabağda bəylərbəyi vəzifəsində qalmasına aid yeni fərman verdi. Ancaq 1578-1586-cı illərdə Qızılbaşlarla Osmanlı ordusu arasında şiddətli döyüşlər getdiyi zaman belə şayiə yayılmışdı ki, guya İmamqulu xan osmanlılarla gizli sazişə qol qoyub. Ancaq Şah Sultan Məhəmməd qoşunu ilə Gəncə və Bərdəyə doğru hərəkət edərkən İmamqulu xanın bir neçə mənzil onu müşaiyət etməsi bunun yalan olduğunu göstərdi.
Mustafa lələ Paşanın başçılığı ilə osmanlı qoşunları Gürcüstana daxil olan zaman İmamqulu xan Çuxur-Səd hakimi Məhəmməd xan və Şirvan bəylərbəyi Araz xanla birləşib Çıldır ətrafında 1578-ci ildə onlarla savaşır, ancaq qüvvələri az (15 min) olduğuna görə məğlub olurlar. Qarabağ bəylərbəyi 1583-cü ildə isə Kür çayını keçib Osmanlı hərbi dəstələrini məğlub edərək, Dərbəndə qədər onları izləyir. 1585-1586-cı ildə isə Təbrizin uğrunda döyüşlərdə İmamqulu xan Qarabağ qoşunu ilə çox böyük qəhrəmanlıqlar göstərmişdi. Bu illərdə Şirvan əyaləti daha çox təhlükə qarşısında olduğu üçün oranın da qorunması Qacar tayfası, Otuzikilərə və Qarabağın başqa el-oymaqlarına tapşırıldı. Hətta İmamqulu xanın məsləhəti ilə Qarabağlı Peykər sultan Ziyad oğlu Qacara "xan" titulu verib, Şirvana bəylərbəyi təyin edir. Məlum olduğu kimi, Qarabağda Qacar, Otuziki və İyirmidörd, Baharlı və digər türk tayfa, el və oymaqlar böyük gücə malik idi.
Doğma ata-baba yurdunu, Qarabağı qeyrətlə qoruyan İmamqulu xan Qacar 1588-ci ildə Gəncədə vəfat edir. Kəmaləddin Şahverdi xan Ziyad oğlu Qacarın nəvəsi Məhəmməd xan (Xəlil xanın oğlu) Qarabağa bəylərbəyi göndərilir. Bu vaxt Qarabağda çox çətin günlər başlanmışdı. I Şah Abbas (1587-1629) Osmanlılara çox böyük ərazi güzəştə gedərək gələcək müharibəyə hazırlaşmaq məqsədi ilə 1590-cı ildə bağladığı İstanbul müqaviləsinə görə Qarabağ da Osmanlı dövlətinin tərkibinə keçmişdi. Ancaq Məhəmməd xan Qacar başda olmaqla yerli əhalini doğma torpaqları uğrunda mübarizəyə qalxır və onlar Gəncədəki Osmanlı qarnizonunu mühasirəyə alırlar. Məhəmməd xan Qacar və tərəfdarları Gəncədəki Osmanlı qarnizonuna qarşı həmlələri dayandırmırlar. Gəncə qarnizonunun başçısı Təbrizdəki Osmanlı hakimi Cəfər paşaya bu barədə xəbər göndərir. Cəfər paşa isə Şaha narazılığını
bildirərək göstərir ki, Məhəmməd xanın hərəkətləri İstanbul müqaviləsinə qarşı çıxmaqdır. I Şah Abbas Məhəmməd xan Qacar və oradakı başqa əmirləri Gəncədəki Osmanlı qarnizonuna qarşı yürüşlərdən daşındırmaq üçün Qacarlar içərisində hörmətli, inanılmış şəxs olan Çolaq Şahverdini Qarabağa göndərir. Qarabağa gələn Çolaq Şahverdi Şah Abbasın "Qarabağ heç yerə getmir. Əgər Allah istəsə yenə ələ gələr…" ifadəsi olan fərmanı əmirlərə verir.
Onları başa salır ki, Şahın Osmanlılarla bağladığı müqavilədən istifadə edərək müharibəyə hazırlıq aparmasına Qarabağda sizin yürüşləriniz mane olur. Beləliklə, Qacar və digər ellər, oymaqlar müvəqqəti olaraq doğma torpaqları uğrunda mübarizəni dayandırırlar. I Şah Abbas osmanlılara qarşı müharibəyə ciddi hazırlaşırdı. İki ölkə arasında döyüş 1603-cü ildə başlanır. Səfəvi şahlığı 1612-ci ilə qədər gedən döyüşlərdə qələbə çalıb, Osmanlı dövləti tərəfindən tutulmuş torpaqları geri qaytarır. Qarabağ 1606-cı ildə azad edilir. Şah Qarabağ ərazisində gedən döyüşə qədər Qacarların Ziyadlı oymağından olan Hüseyn xana böyük ümid bəsləyirdi. Ona "Qarabağı" (Qarabağlı) - deyə müraciət edirdi. Hüseyn xan igidliyinə, döyüşkənliyinə baxmayaraq həm də lovğa və özündən razı, müştəbeh adam idi. O, Qarabağda gedən son döyüşlərdə qətiyyətsizlik göstərdiyinə görə Qarabağ əhalisi də ondan incimişdi. Buna görə də, Qarabağa 1606-cı ildə yenə Məhəmməd xan Ziyadoğlu Qacar bəylərbəyi təyin olunur. O, 1610-cu ildə Gürcüstan, 1611-ci ildə isə İrəvan döyüşlərində böyük igidlik göstərir. 1615-ci ildə Gürcüstan ixtişaşları zamanı döyüşlərin birində yaralanıb bir qədər sonra vəfat edir. Onun oğullarından Mürşüdqulu xan, sonra isə Məhəmmədqulu xan Qarabağ bəylərbəyi oldu. Gürcüstan valisi 1627-ci ildə şahlığa qarşı çıxarkən Məhəmmədqulu xanın səhlənkarlığından istifadə edib Qarabağa qoşun yeridərək yerli əhaliyə xeyli ziyan vurdu. Şah dərhal Məhəmmədqulu xanın əvəzinə Qarabağa Allahverdi xanın oğlu Davud xanı bəylərbəyi təyin edir.
I Şah Abbas əslində fürsətdən istifadə edərək Qarabağda Qacarların irsi hakimiyyətlərini ləğv etmək istəyirdi. Ancaq onların irsi idarə hüquqlarına son qoymaq baş tutmurdu. Davud xan Qızılbaş olmadığına görə Qarabağın yerli əhalisinə arxalana və burada özünə möhkəm hərbi dayaq yarada bilmədi. O, dəfələrlə mərkəzi hakimiyyətə qarşı çıxan və sonuncu dəfə Osmanlı ölkəsinə qaçan Gürcüstan valisi Təhmurazın bağışlanmasını və öz vəzifəsinə qaytarılmasını xahiş edir. Təhmuraz Kaxetiyaya döndükdən sonra Davud xan da Qarabağı unudub vaxtının çoxunu Qanıq çayı sahilində onunla ovda keçirirdi. Davud xan Qarabağın yerli əhalisi ilə kobud rəftar edirdi. Qacar əyanları dəfələrlə şaha ondan şikayət etmişdilər. Nəhayət, Şah Qacarların şikayətini nəzərə alıb, onu İsfahana çağırmış, ancaq o, ilk sorğu-sualdan sonra icazəsiz Qarabağa qayıtmış, Kaxetiya valisi Təhmuraz xanla birlikdə 1631-ci ildə Qarabağın mərkəzi Gəncədə və onun ətraf bölgələrində qətl-qarətlər törətmişdilər.
Sözsüz, Davud xan özbaşına hərəkətləri ilə hakimiyyəti inkar edir, Gürcüstanda xassə qulamları içərəsindən çıxmış yeni hərbi əsilzadələrdən təyin edilən hakimlərin başçılığı altında baş verən separatizmi dəstəkləyir və bütün bu hərəkətlərində isə Fars hakimi olan qardaşı İmamqulu xana arxalanırdı. Nəticədə xassə qulamlarının dövlətdə hərc-mərcliyə meyilli olduqları nəzərə çarpacaq dərəcədə üzə çıxmış və I Şah Səfi İmamqulu xanı üç oğlu ilə ölüm cəzasına məhkum edərək, bütün qulamlara göstərdi ki, onlara özbaşınalıqlarında güzəştə gedilməyəcək. Qacar Məhəmmədqulu xanı 1631-ci ildə yenidən Qarabağa bəylərbəyi təyin etdi. Beləliklə də, qısa fasilədən sonra Qacarların irsi idarə hüquqları yenidən bərpa olundu. Davud xan Osmanlı dövlətinə qaçdı və orada öldürüldü.
Məhəmmədqulu xan Qacar Qarabağ və qonşu bəylərbəyiliklərin də qorunmasında çox böyük igidliklər göstərirdi. 1635-ci ilin avqust ayından 1636-cı ilin aprel ayına qədər Çuxur-Səddə Osmanlı qoşunlarına qarşı döyüşlərdə olduğu zaman onu Qarabağda oğlu Murtuzaqulu xan əvəz edirdi. Murtuzaqulu xanın vəfatından sonra isə onun əmisi oğlu Uğurlu xan 1664-cü ildə Qarabağ bəylərbəyi oldu. Vilayətdə yaşayan yerli əhaliyə, onların hərbi qüvvəsinə arxalanmadan heç bir bəylərbəyi vəzifədə qala bilməzdi. Qarabağda Qacar, Qaramanlı, Otuziki, İyirmi dörd, Baharlı tayfaları və başqa Qızılbaş el və oymaqları yaşayırdılar. Əhalinin geniş kütləsi Qacarlardan olduğuna və digər tayfalar onlarla qaynayıb qarışdığına görə, bəylərbəyi bir qayda olaraq Qacarın Ziyadlı oymağından seçilirdi.
Burada çox möhkəm hərbi qüvvəyə malik olan Ziyad oğullarının hakimiyyəti irsi idi. Ancaq bəylərbəyilərin hakimiyyətinin irsi olmasına baxmayaraq, onların üzərində mərkəzi dövlət aparatının möhkəm nəzarəti vardı. Dövlət bəylərbəyiləri öz tabeliyində saxlamaq üçün onların öhdəsində olan qoşunların sayının Şah qoşununun sayından həmişə az olmasına çalışırdı. Ayrı-ayrı vilayətlərin daxilində ulka almış əmirlərin də 2-3 min nəfərdən artıq qoşun saxlamağa ixtiyarı yox idi. Digər tərəfdən bəylərbəyinin özünə də artıq qoşun saxlamaq sərfəli deyildi. Çünki qoşunun bütün xərci onun öhdəsinə düşürdü. Qarabağ vilayəti timsalında bizə bir məsələ də aydın olur. I Şah Abbas və ondan sonra hakimiyyət başına keçən Səfəvi hökmdarları vilayətdə sakin olan Qızılbaş tayfa ağsaqqalları və əmirləri ilə həmişə hesablaşırdılar. Bu və ya digər qaynaqlardan aydın olur ki, Qarabağ əhalisi yarımköçəri heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olurdular. Eyni zamanda, onların Gəncə və Bərdə kimi inkişaf etmiş mədəniyyət mərkəzləri də vardı.
"Təzkirət əl-müluk"un sonuncu bəhsinin ikinci məqaləsində Şirvan bəylərbəyinə tabe olan mahal və ulkalardan Salyan, Quba, Ərəş və Şəki, Dərbənd, Alpout eli ulkası, Bakı, Cəmişkəzək və Ağdaşın adları qeyd olunub. Mərkəzi Şamaxı olan Şirvan bəylərbəyiliyi Kürdən Dərbəndə qədər ərazini əhatə edirdi. Pyetro Della Valle də dövrün digər qərb müəllifləri kimi gündəliyində Şirvan əyalətini Albaniya adı ilə verib və bu əyalətin Xəzər sahilində yerləşdiyini, onun sonuncu şəhərinin dəniz sahilində Dəmir Qapı olduğunu yazıb. Müəllifə görə Dəmir Qapı Şirvanın sərhəd şəhəri olub, ondan quzeyə Qafqaz dağı silsiləsində ləzgilər və bir çox başqa tayfalar məskun idi. Müəllif Azərbaycan Səfəvi dövlətinin Şirvan əyalətinin quzeydən sərhədi haqqında dəqiq məlumat verib. XVII əsrin sonlarında Masse öz müşahidələri əsasında Şirvan əyalətinin ərazisi haqqında yazır: "İndi Şirvan adlandırılan əyalət qədim Albaniyadır. Şimaldan Qafqaz dağları Şərqdən Kaspi dənizi, Cənubdan Kür-Araz qovşağı və Qərbdən Gürcüstanla həmsərhəddir". A.Volınski də göstərir ki, Şirvan vilayəti Kaspi dənizi sahilində yerləşən Dərbənd şəhərindən Kürün aşağı axarlarına qədər geniş bir ərazini əhatə edir. Qeyd etmək yerinə düşər ki, Səfəvilərə qədər Şirvanda mərkəzdən qaçma meyli güclü olub.
1500-cü ildə İsmayıl Fərrux Yasarın 20 min atlı və bir neçə min piyada qoşununu Gülüstan qalası yaxınlığında, Cəbani yaylağında məğlub edir. Fərrux Yasar bu döyüşdə öldürüldükdən sonra Şəki, Tabasaran, Dərbənd də daxil olmaqla Dağıstana qədər Şirvanın bütün şəhərləri və qalaları, o cümlədən də xəzinəsi bütünlüklə İsmayılın qoşunun ixtiyarına keçir. Cəbani vuruşunda Fərrux Yasarın ölümündən sonra Şirvanda hakimiyyəti onun oğlu Bəhram bəy ələ keçirir. Lakin bir ildən sonra o da vəfat etdiyindən bu dəfə də hakimiyyəti qardaşı Qazi bəy ələ keçirir. Amma hakimiyyətdə çox qala bilmir. Belə ki, bir neçə aydan sonra oğlu Sultan Mahmud tərəfindən qətlə yetirilir. Cəbani döyüşündən sonra Gilana qaçmış Şeyxşah (Fərrux Yasarın oğlu) 1502-ci ildə II İbrahim adı ilə Şirvanşahlar taxtında oturur. Sultan Mahmud isə yardım almaq məqsədilə Səfəvilər sarayına gəlir. Qızılbaş qoşunu ilə Şirvana qayıdan (1505-1506) Sultan Mahmud məğlub olur və öz xidmətçisi tərəfindən öldürülür.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor