Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb Hadisə

Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb

Bahar Muradova: "Onların Fransa səfirliyi tərəfindən Azərbaycandan qaçırılması xəbəri doğrudursa, bu, təəssüfedici haldır"
Mübariz Qurbanlı: "Bu şəxslərə uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəamma yaradır"
Akif Nağı: "Biz heç vaxt kiminsə tutulmasına, həbs edilməsinə sevinməmişik, amma Yunusovların günahları varsa cəzalandırılmalıdırlar"

Aprelin 28-də saat 23:00 radələrində Ermənistanla şübhəli münasibətləri olduğu ehtimal edilən hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.
Maraqlıdır ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər.
Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.
Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.
Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər.
X. Bağırov açıqlamasında faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: " Amma onlar indi də hava limanındadırlar. Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir".
Qeyd edək ki, vəkil Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur.
Məlumat üçün bildirək ki, Leyla Yunus dünən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib və bundan sonra sərbəst buraxılıb. Jurnalistlərin suallarını cavablandıran Leyla Yunus nədə ittiham olunduğunu bilmədiyini deyib: "Mənə əsasən bir müddət əvvəl tutulan jurnalist Rauf Mirqədirovla bağlı suallar ünvanladılar. Onunla əlaqələrimə aydınlıq gətirməyimi istədilər. Mən də həmin suallara cavabımda Rauf Mirqədirovu yaxşı jurnalist kimi tanıdığımı və onunla bir neçə tədbirdə iştirak etdiyimi dedim".
Dindirilmədən sonra prokurorluq işçiləri Leyla Yunusun ofisində axtarış aparıblar. Axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü və vəkili Xalid Bağırov iştirak ediblər.
Bu yarada belə bir məlumat da yayılıb ki, aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub.
Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.
Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: "Daha sonra isə onlar Parisə yola salınacaqlarmış".
Qeyd edək ki, dünən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Leyla Yunus və həyat yoldaşı ölkəni tərk edərkən onun təsiri ilə saxlanılmasına münasibət bildirib.
N. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, xəbəri yazan agentliyin təxribatıdır.
Şöbə müdiri qeyd edib ki, onun tərəfindən belə bir göstəriş, təsir olmayıb və yayılan xəbərlərin əsası yoxdur: "Səhv etmirəmsə bunu "Turan" agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır".
Leyla Yunusun və həyat yoldaşının Fransa səfirliyi tərəfindən Azərbaycandan qaçırılması planının olması xəbərinə Milli Məclisin sədr müavini Bahar Muradova da münasibət bildirib. Millət vəkili deyib ki, əgər deyilənlər doğrudursa, bu, təəssüfedici haldır: "Diplomatik nümayəndəliklərin konkret fəaliyyət istiqamətləri var və onlar öz işləri ilə məşğul olmalıdır".
O, Leyla Yunusun saxlanılmasına da münasibət bildirib: "İlk növbədə deyim ki, mənim bu məsələyə hər hansı bir münasibət bildirməyim doğru olmaz. Əgər hüquq-mühafizə orqanları Leyla Yunusla bağlı əməliyyat həyata keçiriblərsə, demək buna zərurət olub. Bu hadisə yeni baş verib. Mənim üçün də bu prosesin baş vermə səbəbləri maraq doğurur. Əlbəttə məsələnin nə ilə yekunlaşacağını diqqətlə izləyəcəyəm".
Hakim Yeni Azərbaycan Partiyası da Leyla Yunusa Fransa səfirliyi tərəfindən 5 illik viza verilməsilə bağlı məsələyə sərt reaksiya verib. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəamma yaradır: "Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar".
M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bunula bağlı dövlətin hüquq-mühafizə orqanları fəaliyyət göstərir: "Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq-mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır".
Onun fikrincə, Leyla Yunus və onun həyat yoldaşının saxlanılması və onların törətdikləri əməllərlə bağlı geniş açıqlamalar olacaq: "Onu da qeyd edim ki, bundan əvvəl də jurnalist Rauf Mirqədirov saxlanılıb və istintaqa cəlb olunub. Bunlar da saxlanılıb və bunların Mirqədirovun işi ilə bağlı olub-olmadığı barədə bir şey deyə bilmərəm. Amma hər halda bu saxlanılmanın arxasında əsaslı səbəblər var və bu səbəblər onların hər hansı bir ictimai fəaliyyəti ilə, onların qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı ola bilməz. Görünür, orada başqa məsələlər var. O da məlumdur ki, Leyla Yunus daima xaricdə olan bir sıra antiazərbaycan xarakterli təşkilatlarla sıx əlaqədə olub. Əlbəttə, onun müəyyən qeyri-hökumət təşkilatları ilə əlaqələri, fəaliyyəti və s. - bunların araşdırılması bizim üzərimizə düşmür. Bu, bizim təhlükəsizliklə bağlı olan qurumlarımızın işidir və yəqin ki, bunlar araşdırılacaq. Rauf Mirqədirov məsələsi gündəmə çıxdıqdan sonra nədən Leyla Yunus bununla bağlı daha çox canfəşanlıq edir, bu qədər bu məsələyə diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir".
YAP rəsmisi hesab edir ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.
Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun da fikrincə, Leyla Yunusun fəaliyyəti sırf Azərbaycanın dövlətinin maraqlarına qarşı çıxmaqdır. Leyla Yunusun Azərbaycanda ən səs-küylü hüquq müdafiəçisi olduğunu deyən B.Sadıqov bildirib ki, o, beynəlxalq qurumlarda, təşkilatlarda olanda Azərbaycan xalqının və dövlətinin maraqları ilə bağlı məsələlərdə heç vaxt dövlətin maraqlarını öz şəxsi maraqlarından uca tutmayıb, əksinə, həmişə çalışır ki, bir üsulla "fərqlənmək"lə daha çox qrant qoparsın.
B.Sadıqov əlavə edib ki, L.Yunus Azərbaycanda beynəlxalq qurumlardan ən çox qrant alanlardan biridir: "Nəhayət, Rauf Mirqədirovla bağlı hadisələr olanda Leyla Yunus özü də etiraf etdi ki, o da həbs olunmalıdır, gəlib onu da həbs edəcəklər. Yəni əslində görünür ki, o öz hərəkətlərini, əməllərini bilirdi".
Millət vəkilinin sözlərinə görə, L.Yunus dəfələrlə Ermənistanda olub, daim ermənilərlə bir yerdə layihələrin icraçısı olub, onun ərinin erməni qarışığı var: "Leyla Yunus heç vaxt özünü azərbaycanlı kimi, xüsusən, Azərbaycan qadını kimi aparmır. Azərbaycanda çoxsaylı hüquq müdafiəçisi olan qadınlar da var. Onlar da həmişə etirazlarını bildirirlər, müəyyən məsələlərdə iqtidarla razılaşmırlar, amma haradasa dövlətin maraqları olan yerdə Leyla Yunus kimi Azərbaycan dövlətinin, xalqının maraqlarına qarşı çıxmırlar. Bu gün əgər Leyla Yunusu xaricə buraxmayıblarsa və bu gün onun hərəkəti müvafiq qurumlarda şübhə doğurursa, əminəm ki, bu şübhənin əsasları var, çünki onun son dövrdəki fəaliyyəti də qapalı idi. Mən inanıram ki, Leyla Yunusun fəaliyyəti ilə bağlı obyektiv araşdırmalar aparılacaq, hüquqi qiymət veriləcək".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun həbs olunması üçün əsasın olub-olmamasını hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir: "Mən təəssüf edirəm ki, məsələ bu həddə gəlib çatdı. Heçə ildir Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva, Zərdüşt Əlizadə və digər "xalq diplomatiyası" tərəfdarı olan insanlarla söhbətlər aparılıb. Biz onların inandırmağa çalışdıq ki, bu yanlış yoldur. Biz heç vaxt kiminsə tutulmasına, həbs edilməsinə sevinməmişik. "Xalq diplomatiyası" na qarşı QAT-ın keçirdiyi aksiyaların, sözügedən şəxsləri ermənilərlə olan tədbirlərini pozmasının əsas məqsədi onları düzgün yola yönəltməyə xidmət edib. QAT Amma onlar səhv yolda olduqlarını anlamadılar. Arzum odur ki, obyektiv istintaq işi aparılsın. Yunusovların günahları varsa cəzalandırılsın, təqsirləri yoxdursa, azad olunsunlar".