Qaraçay-malkar ədəbiyyatında milli azadlıq mübarizəsinin ifadəsi Hadisə

Qaraçay-malkar ədəbiyyatında milli azadlıq mübarizəsinin ifadəsi

Bu yazıda Qaraçay-malkar (balkar) türklərinin başına gələn faciələr, bunun ədəbiyyatda ifadəsi haqqında danışılır. Araşdırmaçı Ə.Şamil bildirir, Qaraçay-malkarlar arasında yaşayan Nart əfsanə və dastanlarında nartlar insanlardan üstün tanrılar kimi təsvir edilir. Bunu əsas götürən araşdırıcılar həmin mətnlərin türk xalqlarında olmadığını söyləyirlər. Hətta bu dastandakı miflərlə yunan mifləri arasında paralellər apararaq qonşu xalqlar vasitəsilə yunanlardan alındığını da söyləyirlər. Əlbəttə, hər bir xalq qonşu xalqlarla mədəni-iqtisadi əlaqələr şəklində yaşayır. Qaraçay-malkarların da qonşu çərkəzlərin, abazalıların, kabardaların, inquşların folklorundan qarşılıqlı bəhrələnməsi təbiidir. Bununla yanaşı, Nart dastanlarında istənilən qədər qədim türk dastanlarının izlərinə rast gəlmək olur".
Tanzilya Xadjilanı yazır: "Çok tanınmış Nartlar, eski halk inancına göre ilginc biçimlerde yaratılmışlar: Yer tanrısı Debet ilə Gök tanrısının oğludur. Satanayın babası Günəş, annesi Aydır. Örüzmek gökyüzünden düşen bir kuyruklu yıldızın içinden çıkmıştır. Sosuruk Kayadan doğmuştur, babası ise bir çobandır. Karaşavay Debetin torunudur, annesi bir devdir. Bu gibi şeyler eski mifoloji ile de ilişkilidir".
Yuxarıda deyilənlərlə "Oğuznamə" və "Kitabi-Dədə Qorqud" qəhrəmanları arasında istənilən qədər paralellər aparmaq olar: "Bu da dastan yaradıcılarının eyni qaynaqdan bəhrələndiklərini açıq göstərir. "Nart Paçıkan"da Paçıkanın dörd çuval undan bişirilmiş çörəy bir dəfəyə yeməsi və qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə içməsi sanki azala-azala gələrək Koroğlunun qarıya qonaq olarkən bir pud düyünün plovu ilə bir qoyunu yeməsi şəklinə düşüb. Yalnız qonşu noqaylar, qumuqlar, tatarlar deyil, onlardan çox uzaqda yaşayan qırğızlar, sakalar və başqaları da dastanlarını qaraçay-malkarların Nart dastanlarını söylədiyi üslubda söyləyirlər. Qonşu çərkəz, abaza, abxaz Nartlarından fərqli ola¬raq qaraçay-malkarların Nartları türk mifologiyasına daha ya¬xındır. Ritm, vəzn oxşarlığı da çox vaxt qorunub saxlanılır. Nartların toplanıb nəşr edilməsinin və öyrənilməsinin tarixi XIX yüzilin sonlarına təsadüf edir. Safar Ali Urusbiyevdən toplanmış "Urızmek", "Şauay", "Raçikay", "Sosuruk" SMOMPK-ın 1881-ci il birinci buraxılışının ikinci bölməsinin 1-42-ci səhifələrində, M.Aleynikovun topladığı SMOMPK-ın 1883-cü il üçüncü buraxılışının ikinci bölməsinin 139-155-ci səhifələrində, A.Bataşevin topladığı SMOMPK-ın 1896-ci il iyirimi birinci buraxılışının ikinci bölməsinin 76-88-ci səhifələrində çap olunub. Qaraçay-malkarlarda nəsr şəklində söylənilən, amma nağıl olmayan folklor nümunələrinə "tavruh" (dastan, əfsanə, hekayə) deyirlər. Bizim atalar sözlərini qaraçay-malkarlar "Nart sözləri" adlandırırlar. Bunun səbəbi miflərindəki əfsanəvi insanlar kimi təsvir olunan Nartları ulu babaları saymalarıdır. Nart miflərində ilk dəfə atı əhliləşdirib minən, ilk dəfə dəmiri kəşf edib ondan silah düzəldən Nartlar olduğu deyilir. Onlar ağılı, mərdliyi, cəsarəti ilə əfsanəvi varlıqları-divləri, cinləri və b. da məğlub edə bilirlər. Nart əfsanələrinin qəhrəmanları bunlardır: Örüzmek, Sosurka (Sosuruk), Soslan, Davat, Debet, Sibilçi, Alavqan, Fuk, Karaşavay, Batırez, Cönger, Şrdan, Acemaz, Aymuş, Gezok, Satanay, Ağunda. Örüzmek Nartların ən yaşlısı və ən ağıllısı, Batırez düşmənlərə qarşı hiylə işlətmədən döyüşən ən cəsur cəngavər, Sosurka ağılı və fəndləri ilə özündən güclü düşmənləri yenən, Debet usta dəmirçi kimi təsvir edilir. Dastanda onu belə tanıdırlar: "Nart Örüzmek süyse kökge uçandı" (Nart Örüzmek istəsə, göydə uçarmış) və ya "Kökge bulutlanı celça çaçhandı". N.Tağısoy 21-22 noyabr 2008-ci ildə Bakıda keçirilən "Müqayisəli ədəbiyyat: Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər" mövzusunda Beynəlxalq Elmi Konfransda "Balkar-qaraçay "Nart" qəhrəmanlıq eposu (Digər Qafqaz xalqlarının "Nart"ları ilə oxşar və fərqli məqamlar)" adlı maraqlı məruzəsində də "Nart"lardan geniş söhbət açıb.
Araşdırmaçı bildirir ki, bu gün folklor nümunəsi kimi söylənilən bədii parçaları tarixin hansı kəsimindəsə ayrı-ayrı poetik istedadı olan insanlar yaradıblar: "Zaman keçdikcə onların yazıçıları unudulsa da, tarixi hadisələrdən bəhs edən cırlarda (yır) qəhrəmanların adları və onların hansı tayfadan, soydan olduğu göstərildiyindən bu gün də yaşayır. Necə deyərlər, cırlar (yır) xeyirxah insanları da, xalqına pislik edənləri də, qorxaqları və satqınları da yaşadan qaynağa çevrilib. Bizim nağıl, qaravəlli, rəvayət dediyimiz folklor nümunələri qaraçay-malkarlarda "comak" və ya "tavruh", yəni tarix adlanır".
İdeoloji təsirlər altında türk xalqlarının çoxunda ovsunlar, miflər və başqa folklor nümunələri vaxtında toplanıb çap edildiyindən böyük bir qismi itib-batıb: "Bütün bunlara baxmayaraq, Sovetlər Birliyində rejim çökməyə başlayandan sonra toplanan folklor mətnləri, keçirilən mərasimlər və bu mərasimlərdə oxunan mahnılar göstərir ki, mətnlərdə oxşarlıq çoxdur. Bunları sanamalarda (təkərləmə), cırlarda və başqa uşaq folkloru nümunələrində də görmək olar. Məsələn:

Bara, bara, cün tabdım,
- Gedə, gedə yun tapdım,
Cün içinde tarak tapdım,
- Yun içində daraq tapdım,
Tarağı ammğa berdm,
-Darağı nənəyə verdim,
Ammağ manna bappu berdi.
- Nənə mənə əppək verdi,
Bappunu itge berdim,
- Əppəyi itə verdim,
İt manna küçük berdi,
- İt mənə küçük verdi,
Küçüknü koyçuğa berdim,
- Küçüyü çobana verdim,
Koyçuk manna kozu berdi.
- Çoban mənə quzu verdi.

Uşaq folklorunun ən maraqlı janrlarından biri də tapmacalardır. Tapmaca yalnız zehni inkişaf etdirməklə qalmır, həm də uşaqların biliyini artırır, yaddaşını itiləyir, hazırcavablığını yüksəldir. Tapmaca deyənin cavabı verilməyəndə qarşı tərəf əvəzini ödəməlidir. Bu ödənc adətən maddi deyil, mənəvi olur. Azərbaycanda tapmacanın cavabını tapmayanı tapmaca deyən rəmzi olaraq satmaq hüququ qazanır. Qaraçay-malkarlar isə tapmacanın cavabını tapmayan şəxs tapmadığı hər bir cavab üçün rəmzi olaraq bir kənd verməlidir. Tapmaca deyildiyi məclisdə bir kənd iki dəfə verilə bilməz. Bu gələnək də uşaqların coğrafi biliklərinin artmasına, xalqının yaşadığı kəndləri yaxşı-yaxşı tanımasına səbəb olur. Bu qaydanın bizim kəndlərdə də yaşadığını uşaqlıqda Göyçədə görmüşdüm.
Qaraçay-malkarlar tapmacaya "comak" və ya "elber" deyirlər. Bu da "el verdi" – "kənd verdi" sözünün qısaldılmış formasıdır. Bu janrın inkişafında XVIII yüzildə yaşamış Matçı Aliyin və XIX yüzildə yaşamış Appiy Xasanın xidmətləri böyük olub. Mahmud Kaşğari "balu-balu" adlı bir şeir formasından söz açır. Qaraçay-malkarlarda isə uşağı əzizləyərkən oxunan nəğmələrə "bellav" (beşik nəğməsi) deyirlər. Bu da xalq arasında geniş yayılıb".
Qaraçay-malkarlarda sevgi nəğmələrinə süymeklik cır, yəni sevgi şeirləri deyirlər: "Bunlar qısa və uzun, bəzən də süjetli ola bilir. Xalq arasında "Aycayak", "Aktamak" və "Kemishan" kimi sevgi nəğmələri daha geniş yayılıb. Dillər əzbəri olmuş "Aktamak" nəğməsi İsmayıl Unuh ulu Semenlə İja sülaləsindən olan Aktamak Yaqup qızının (əsil adı Anisat) sevgisindən danışır. Nəğməni yaradan tarixi şəxsiyyət, nəğmənin qəhrəmanı el şairi İsmayıl Semendir (1891-1981). Ufuk Tavkul yazır ki, "Şarkı oldukca uzun olup iki min dördlükten fazladır".
Bizim bayatılarla eyni olan şeir şəklinə qaraçay-malkarlar "iynar" deyirlər. Ağıları isə "küv-küy", "sıyıt", "sarın" adlandırırlar. "Qaralav", "Kanamat", "Aybıçe ilə Ramazan" və "Zariyat" kimi süjetli ağılar günümüzədək gəlib çatıb. Bizcə, Azərbaycanda bu cür ağılar, mərsiyə və növhələr içərisində əridiyindən günümüzdə belə nümunələrlə rastlaşmırıq. Xalq arasında çox oxunan nəğmələrdən biri məzmununa görə fərqlənir. Burada kimlərsə tənqid, hətta təhqir də edilir. "Çam cır" dedikləri bu həcvlərin çoxu el şairi Kalay ulu Appanındır. Zaman öz işini görür. Dünənədək qaraçay-malkar ədəbiyyatının XX yüzildən - bolşeviklər hakimiyyətə gəldikdən sonra, bir az cəsarətliləri XIX yüzildən başlandığını yazırdılarsa milli oyanışdan sonra IX yüzildən- "Şan qızı" dastanının müəllifi sayılan Mikail Şamsi Baştu ilə (835-900) başladığını, Tram xan (X-XII yüzillər), Zurum Biyçe (13…-1396), Aqbilek Biyçe (13…-1396), Qoşayax Biyçe (XVI-XVI yüzillər), Qaltur Semenov (Xici) (1751-1851), Duda ulu Aysandır (Şıyıx Abdullax), Adraxman Botaşlanı və b. ilə davam etdiyini yazırlar".
Araşdırıcı Adilhan Adiloğlu yazır: "Karaçaylı Bayramuk Küçük Efendi ile Yusuf Haçir Efendi, malkarlı Muhammedül Varakinin Arap yazısı ve Karaçay-Malkar türkçesiyle yazmış oldukları dini manzumeler ilk edebi eserlerdir. …Bu dönemde sadece Karaçay-Malkar yazılı edebiyatının babası sayılan Kazim Meçinin Arap yazısı və Karaçay-Malkar Türkçesiyle yazdığı şiirlerin yayımlandığı bilinmektedir". Son illər hazırlanan ədəbi topluları isə Qaltur Semenov (Semenlanı) (1751-1851), Küçük Bayramukov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoçqarlanı) (1834-1940), Kazim Meçilanı (Meçiyev) (1859-1945) və b. el şairlərinin əsərləri ilə karaçay-malkar ədəbiyyatının başlandığını yazan araşdırıcılar da var".

Uğur