Fövqəladə hallar nazirinin müavini Fransa səfiri ilə görüşüb Hadisə

Fövqəladə hallar nazirinin müavini Fransa səfiri ilə görüşüb

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müavini Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında Fransa səfirinə məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar və Avropa ölkələri, o cümlədən Fransanın uyğun qurumları ilə əməkdaşlıq əlaqələrindən ətraflı bəhs edib.
Etibar Mirzəyev fransız diplomatın diqqətinə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi Fransanın uyğun qurumları ilə təcrübə mübadiləsi, yanğın təhlükəsizliyi və xilasetmə işinin təşkili sahələrində daha fəal əməkdaşlıq edə bilər.
Orelia Buşez Fransanın dövlət strukturlarının Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, mülki müdafiə işinin təşkili sahəsində böyük təcrübəyə malik olan fransız qurumlarının azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını söyləyib.
Görüşdən sonra səfir və onu müşayiət edən diplomatlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.