Azadlıqları əllərindən alınanların hüquqları Hadisə

Azadlıqları əllərindən alınanların hüquqları

Həbsxananın öz qanun, qaydaları, nizam-intizamı var, müxtəlifdir, sərtdir, ciddidir, ora düşən insanlar kimi... Amma bu o demək deyil ki, oranın sakinləri həbsxananın sərt qanunları ilə idarə olunurlar. Çoxu düşünməsin ki, hansısa ağır cinayət törətdiyinə görə cəza çəkən məhkum dəmir barmaqlıqlar arxasında bütün hüquqlardan məhrum edilib.
Belə deyil, onlar da vətəndaşdır, Konstitusiya çərçivəsində onların da hüquqları qorunur. Axı qanunumuzda məhbus hüququ anlayışı var. Düzdür, etiraf edək ki, məhbus hüququnu tapdalayan, onu aşağılayan hallarla da üzləşirik, amma çox nadir hallarda. Rəsmi məlumatlara görə, Azərbaycanda 20 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə, bu rəqəm 30 mindən yuxarıdır.
Gəlin əvvəlcə, Azərbaycanda məhbusların hansı hüquqlara malik olduğunu bilək.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində göstərilib ki, cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunan qaydada məhdudlaşdırıla bilər. Konkret hüquqlara gəlincə -məhkum cəzasını insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə məşğul olmaq, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, pensiya və ya sosial müavinət almaq, ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüquqlarına malikdir. Hüquqlar sırasında həmçinin məhkumun öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq, hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək hüququ da var. Cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək, hüquqi və psixoloji yardım almaq, təhsil almaq və peşə hazırlığı keçmək, eləcə də əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycandakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək də bu siyahıya aildir.

Məhkumlara verilən bu hüquqlar reallıqda necə, qorunurmu?

Şabran rayonu Sarvan kəndində yerləşən 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində dəstə rəisi işləmiş mayor Fərrux Hacıyev bizimlə söhbətində qeyd erdi ki, məhkumlara heç vaxt eyni səviyyədə münasibət göstərilmir: "Axı məhkumların heç də hamısı qayda-qanunlara, nizam-intizama riayət etmirlər. Ona görə də daxili qaydalara uyğun olaraq onlar cəzalandırılırlar, amma bu, heç də onların hüquqlarının pozulması kimi başa düşülməməlidir. Düzdür, qanunda o da göstərilib ki, cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. Bütün bunlar əsas götürülməlidir".
2013-cü ildə CM-nin 234.4.3 maddəsi ilə 5 il həbs cəzası alan Xaçmaz rayon sakini Elsevər Mürsəlli isə bizimlə söhbətində bildirdi ki, 2014-cü ildə prezidentə əfv ərizəsi yazdıqdan sonra cəzasını 2 ilə endirdilər və 2014-cü il oktyabrın 18-də əfv edilib: "İki cəzaçəkmə müəssisəsində saxlanılmışam. Kürdəxanıda kef edirdik, otel kimi bütün şəraiti vardı, isti suyundan tutmuş, soyuq suyuna kimi. Nəzarətçilər və rəislər dustaqlara çox hörmətlə yanaşırdılar. Düzdür, bəzi dustaqlara yuxarıdan aşağıya da baxanlar vardı. Xüsusən də oranın rəhbəri məhbuslarla kobud davranırdı. Şüvəlan türməsində isə rəis hər həftə bütün kameraları bir-bir gəzirdi, dustaqların şikayətlərini dinləyirdi. Yanımıza glənlər, sovqat gətirənlər, görüşlərin verilməsi... hamısı qayda-qanun çərçivəsində tənzimlənirdi. Yataq yerlərimiz təmiz, yeməyimiz keyfiyyətli, istirahətimiz də öz yerində".
Keçmiş SSRİ dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı müəyyən nəzərə çarpacaq dəyişiklilər həyata keçirilməkdədir. Bu proses ölkənin Avropa Şurasına daxil olunma prosesindən sonra start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla tələblərə cavab verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yeniləri tikilib. Məsələn, Bakıda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab verən 1 saylı Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin bir sıra bölgələrində bu tip İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin tikilməsinə başlanılıb. Bir sıra rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama Təcridxanaları yenidən təmir edilib.
Hüquqi vəziyyətlə bağlı 2012-ci ilin mayın 23-də Milli Məclisdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunun qəbul olunması son zamanlar az da olsa dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına zəmin yaradıb.
Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncam imzalamaqla Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoydu. Bu sərəncam məhkumların hüquqlarının qorunması istiqamətində atılan humanist addımdır.
Millət vəkili, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev dedi ki, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə bir inkişaf mərhələsi olacaq.
A.Quliyev vurğuladı ki, ən mühüm dəyişikliklərdən biri də ilk dəfə olaraq Azərbaycanda istintaq altında olan şəxslərə elektron nəzarət sisteminin tətbiqi olacaq: "Belə təcrübə bir çox ölkələrdə var. Bu, müxtəlif texniki vasitələrin köməyi ilə həmin şəxslərin rahatlıqla nəzarətdə saxlanmasına imkan verəcək".
Millət vəkili əlavə etdi ki, bütövlükdə Azərbaycanda cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır: "Bu, cəmiyyətdə ictimai barışa, sülh və əmin-amanlığa, vətəndaş və dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verməyə, hər hansı bir səbəbdən cinayət, xüsusilə böyük ictimai təhlükə törətməyən cinayət işləmiş şəxslərin cəmiyyətdən təcrid olunmasını minimuma endirməyə imkan verəcək. Bu, bütövlükdə Azərbaycanda məhkumluq həyatı yaşamış vətəndaşların gələcəkdə belə bir səhv etmədən, normal həyata qovuşaraq fəaliyyətini davam etdirməsi üçün yeni bir stimul yaradacaq".
Saxlanma şəraitindən gileylənən məhbuslar da var ki, onlardan bir neçəsi ilə söhbətləşdik. CM-nin 179-cu maddəsi ilə həbs olunan 7 il cəzasını bir neçə həbsxanada çəkən Siyəzən rayon sakini Mirzə Əlicanov: "Qızıldaşda 120-150 nəfərlik kamerada havalandırma sistemi yoxdur, Kürdəxanıda bütün günü su verildiyi deyilsə də, həftədə iki saat isti su verilir. Yemək normal deyil, ət və meyvə verilmir. Kitabxanalarda kitab tapmaq çətindir, oxuyan, yaxud məhbusları oxumağa həvəsləndirən də yoxdur".
10-dan artıq müvəqqəti saxlama məntəqəsində sutkalıq həbs cəzası çəkmiş Dəyanət Rzayev isə dedi ki, onun hüquqları nəzərəçarpacaq qədər pozulmayıb: "Verilən yeməklər də o qədər pis deyildi, çöldən gətirilən yeməklər də içəriyə buraxılırdı. Sonuncu dəfə Binəqədi təcridxanasında olarkən ATƏT nümayəndələri həmçinin, Ombudsman aparatının prevantiv qrupunun əməkdaşları baş çəkirdi".
Azərbaycan həbsxanalarında azad olmayanların sevgilərinə də azadlıq verilir. Qobustan qəsəbəsində yerləşən həbsxanada saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın, 17 saylı cəzaçəkmə müəssisəsində Seymur Həzi ilə Nigar Yaqublunun nikahlarını göstərə bilərik. Həmin mərasimlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları da iştirak ediblər. Bunun özü də məhkum hüququnun qorunmasının bir göstəricisidir.
Amma işgəncələr, hüquq pozuntularına da rast gəlinir ki, bunu dana bilmərik.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev həbs yerlərində saxlanılanların hüquqlarının pozulduğunu, işgəncələrə məruz qaldığını istisna etmədi. Bildirdi ki, daha çox saxlanılan zaman işgənclər edilir: "Dindirilmə zamanı lazım olan məlumatı əldə etmək üçün işəgncələr verilməsi faktı var. Bu, danılmazdır. Problemi məhz burdan həll etmək lazımdır".
Onun sözlərinə görə, həbsxanalarda sıxlığın olması da böyük problemdir: "Həbsxanalarda sıxlıq var. Bunun qarşısını almaq üçün işlər görülməlidir. Eyni zamanda, psixoloq çatışmır. Psixoloji halların yüksək olması davranışlara da təsir göstərir. Bununla yanaşı, telefon aparatlarının azlığı məhkumların ailələri, yaxınları ilə əlaqə saxlamaq imkanlarını məhdudlaşdırır".
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərdiyimiz sorğuya cavabda isə bildirilib ki, məhkumların hüquqlarının qorunması istiqamətində xeyli iş görülüb: "Bir sıra həbsxanalar əsaslı təmir edilib, normal standartlar səviyyəsində qurulub. Qidaların keyfiyyəti, sağlamlığın mümkün qədər qorunması üçün, eləcə də məhbusların asudə vaxtlarının yaxşı keçirməsi üçün bir sıra yeniliklər edilib. Bununla yanaşı, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur. Tərkibi tanınmış qeyri-hökumət hüquq müdafiə təşkilatlarından ibarət olan İctimai Komitə maneəsiz olaraq penitensiar müəssisələrə baş çəkərək monitorinqlər aparır, məhkumlarla görüşür, müxtəlif hüquqi yardımlar göstərir və haqlarının təmin olunması işinə töhfələr verir".
... Ürəklərin açılmadığı, ümidlərin incəldiyi Azərbaycandan dünyaya baxanda bəzən fərqli mənzərələrlə də qarşılaşmaq mümkündür. Bu, həqiqətdir ki, həbsxana hər yerdə həbsxanadır, azadlıq alınır, yerinə divarlar verilir. Amma o da həqiqətdir ki, istəyərək, yaxud istəməyərək həbsxanaya düşən insanların həyatı bununla bitmir, onları qarşıda azadlıq gözləyir və yenidən cəmiyyətə qayıtmaq, "geri dönmək" var.
...Bir də Azərbaycandakı məhbuslara heç də dəbdəbəli məkan lazım deyil. Onlar sadəcə, adi hüquqlardan istifadə etmək istəyirlər, normal yeməyi, normal rəftarı, səmərəli vaxt keçirməyi, yəni adi, həyatda tapılması asan olan çox adi şeyləri istəyirlər, bir də AZADLIQ.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir