Güclü dolu Göyçay rayonuna böyük ziyan vurub Hadisə

Güclü dolu Göyçay rayonuna böyük ziyan vurub

Mayın 4-də gecə saatlarında Göyçay rayonuna güclü dolu düşüb. APA-nın yerli bürosunun məlumatına görə, ötən gecə saat 22:00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Qoz və yumurta boyda düşən dolu əsasən rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Mənzillərin dam örtükləri, pəncərələri və maşınların şüşələri sınıb.
Təbii fəlakət Göyçayla bərabər, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarından da yan keçməyib. Kənd sakinlərinin sözlərinə görə, bu il rayonda məhsuldarlıq çox az olacaq. Çaylarda suyun səviyyəsi artdığından, dağ kəndlərində həyətyanı sahələri su basıb.