
“TRIPP layihəsi siyasi bəyanat mərhələsindən praktiki icra mərhələsinə keçir”.
Bunu Milli Məclisin deputatı Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlamasında TRIPP layihəsinin regionda kommunikasiyaların açılması baxımından əhəmiyyətini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, TRIPP mahiyyət etibarilə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlmiş mühüm layihələrdən biridir:
“Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən bir seqmentidir. Ona görə də TRIPP-in reallaşması yalnız Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, daha geniş coğrafiyada – Asiyadan Avropaya qədər uzanan nəqliyyat marşrutlarının formalaşması baxımından əhəmiyyətlidir.
8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalarla regional kommunikasiyaların açılması istiqamətində siyasi iradə ortaya qoyulub. TRIPP artıq sadəcə müzakirə olunan ideya deyil, hüquqi və institusional çərçivəsi formalaşdırılan real layihədir”.
A.Badамov bildirib ki, TRIPP-in həyata keçirilməsi istiqamətində Ermənistan daxilində də hüquqi və institusional proseslər davam edir:
“Son olaraq Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri Konstitusiyaya uyğun hesab etməsi də bu baxımdan mühüm addımdır. Məhkəmənin 16 sentyabr tarixli qərarından sonra sazişin Ermənistan parlamentinə ratifikasiya üçün təqdim edilməsi nəzərdə tutulur.
Bundan başqa, TRIPP-in icrası üçün ayrıca institusional mexanizmlərin formalaşdırılması istiqamətində də iş aparılır. Ermənistan hökumətinin son müzakirələrində TRIPP Development Company-nin hüquqi və müqavilə bazası, şirkətin nizamnaməsi və səhmdarlar sazişi ilə bağlı məsələlər nəzərdən keçirilib”.
Deputatın sözlərinə görə, bütün bunlar layihənin artıq praktiki icra mərhələsinə keçdiyini göstərir:
“Bütün bunlar göstərir ki, layihə artıq siyasi bəyanat mərhələsindən tədricən praktiki icra mərhələsinə keçir.
TRIPP-in reallaşması Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından da əhəmiyyətlidir. Çünki kommunikasiyaların açılması yalnız nəqliyyat əlaqələrinin bərpası demək deyil. Bu, region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi, tranzit imkanlarının artması və qarşılıqlı asılılığın formalaşması deməkdir”.
A.Badамov qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətini də artıra bilər:
“Əgər bu layihə və regiondakı digər kommunikasiya xətləri tam şəkildə reallaşarsa, Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyəti də daha da arta bilər. Asiya ilə Avropa arasında yükdaşımaların daha təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni imkanlar yarana bilər.
Ona görə TRIPP layihəsinə yalnız bir nəqliyyat layihəsi kimi baxmaq düzgün olmaz. Bu layihə Cənubi Qafqazda yeni geoiqtisadi reallığın formalaşmasına təsir göstərə biləcək amillərdən biridir”.
Deputat vurğulayıb ki, TRIPP-in reallaşması həm Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinə, həm də regionun nəqliyyat və iqtisadi xəritəsinə təsir göstərə bilər:
“TRIPP-in reallaşması həm Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin möhkəmlənməsinə, həm də regionun nəqliyyat və iqtisadi xəritəsinin dəyişməsinə təsir göstərəcək. Ən mühüm məsələ isə əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi və regionda kommunikasiyaların real olaraq açılmasıdır”.
Günel Elxan