Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq" Dünya

Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"

ABŞ Ukrayna münaqişəsinin nizamlanması məsələsində tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün cəhdlərini davam etdirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "WABC" radiosuna müsahibəsində bildirib.

Ukrayna böhranının nizamlanması imkanlarını şərh etməsi istənildikdə Rubio "hələlik sövdələşmənin olmadığını" bəyan edib. "ABŞ Prezidenti Donald Trampın da qeyd etdiyi kimi, biz vəziyyəti dəyişməyə və tərəflərin mövqelərini yaxınlaşdırmağa imkan verən mövqe tutmaqda davam edəcəyik. Prezident buna hazırdır və biz bu cəhdləri davam etdirəcəyik", - deyə Rubio bildirib.

"Bu münaqişə tez və ya gec başa çatacaq və o, danışıqlar masası arxasında həll olunacaq", - deyə ABŞ Dövlət katibi vurğulayıb. "O, danışıqlar yolu ilə əldə olunan sövdələşmə hesabına bitəcək", - deyə o əlavə edib.

"Biz hər iki tərəflə təmasları davam etdiririk. O (Tramp) bu gün Vladimir Zelenski ilə danışacaq. Bizim komandamız - Stiv Uitkoff və Cared Kuşner bir neçə həftə əvvəl Moskva və Kiyevə səfər edərək onlarla ünsiyyətdə olublar.Biz əlaqə saxlamağa və vəziyyəti dəyişdirmək və münaqişəyə son qoymaq üçün imkanlar axtarmağa davam edəcəyik", - deyə Rubio vurğulayıb.

Məryəm Quliyeva