18:27
378
TRIPP layihəsinin icrası ilə bağlı son günlər atılan addımlar Azərbaycan-Ermənistan münasibətlərində kommunikasiyaların açılması prosesinin praktiki mərhələyə keçdiyini göstərir.
Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP sazişi üzrə öhdəlikləri ölkə Konstitusiyasına uyğun hesab etməsini mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, növbəti mərhələdə sazişin Ermənistan parlamentində ratifikasiya olunması gözlənilir.
“Əsas məsələ qəbul edilən qərarların real icra mexanizmləri ilə müşayiət olunmasıdır”, – deyə A.Əlizadə vurğulayıb.
Deputat qeyd edib ki, TRIPP layihəsi Azərbaycan-Ermənistan sülh gündəliyinin mühüm elementlərindən biridir:
“Regionda kommunikasiyaların açılması yalnız nəqliyyat imkanlarının genişlənməsi demək deyil. Bu proses, eyni zamanda, qarşılıqlı iqtisadi asılılığın və etimadın artmasına xidmət edir. Azərbaycan üçün əsas gözlənti kommunikasiyaların suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri əsasında maneəsiz və dayanıqlı fəaliyyət göstərməsidir”.
A.Əlizadə bildirib ki, TRIPP çərçivəsində dəmir yolu, avtomobil yolları, enerji və digər infrastruktur layihələrinin həyata keçirilməsi təşəbbüsün regional əhəmiyyətini daha da artırır.
Onun sözlərinə görə, növbəti mərhələdə siyasi razılaşmalar konkret texniki və hüquqi addımlarla tamamlanmalıdır:
“Sülh prosesinin davamlı olması üçün kommunikasiyaların açılması real iqtisadi və nəqliyyat layihələrinə çevrilməlidir”.
Deputat Azərbaycanın öz ərazisində bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan ərazisində də praktiki prosesin irəliləməsi region üçün yeni imkanlar yarada bilər:
“TRIPP-in həyata keçirilməsi Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə, regional inteqrasiyanın sürətlənməsinə və Cənubi Qafqazın nəqliyyat xəritəsinin yenilənməsinə xidmət edə bilər”.
Günel Elxan