12:40
364
2026-cı ilin II rübü üzrə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb.
"APA-Economics" bu barədə nazirliyə istinadən xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.
Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.
Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbul edilməsinə imkan yaradır.
Monitorinqin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin I rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edildiyi halda, II rübdə bu göstərici 22 dövlət müəssisəsinə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.
Monitorinq mexanizminin mərhələli şəkildə genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətinin daha sistemli qiymətləndirilməsinə, fiskal risklərin vaxtında müəyyənləşdirilməsinə və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
11:34
504
10:48
539
10:47
546