“Mətbuat orqanları heç bir halda düşmənin təxribat xarakterli materiallarının yayılmasına yol verməməlidirlər” Hadisə

“Mətbuat orqanları heç bir halda düşmənin təxribat xarakterli materiallarının yayılmasına yol verməməlidirlər”

Elçin Mirzəbəyli: "Erməni KİV-in yaydığı məlumatlardan yalnız bir halda istifadə etmək olar"

Müşfiq Ələsgərli: "Erməni təxribatçıların ötürdükləri informasiyalar bəzi onlayn media qurumları tərəfindən araşdırılmadan tirajlandı"

Osman Gündüz: "İnternet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan hərbi informasiyaların yer alması müşahidə olundu"

Cəbhədə baş verən gərginlik Azərbaycan və Ermənistan mediası arasında informasiya savaşının daha da qızşmasına yol açıb. Amma təəssüf ki, bəzən qeyri- peşəkarlıq əlamətləri də özünü biruzə verir. Bu xüsusən sosial mediaya aiddir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib ki, mətbuat orqanları heç bir halda düşmənin təxribat xarakterli materiallarının yayılmasına yol verməməlidirlər: "Erməni KİV-in yaydığı məlumatlardan yalnız bir halda - analitik və təhlil xarakterli yazılar hazırlamaq, eyni zamanda Ermənistandakı mövcud psixoloji mühiti anlamaq və araşdırmaq üçün istifadə etmək olar. Azərbaycan ictimai rəyinə hesablanmış videomaterialların, foto və informasiyaların yayılması yolverilməzdir. Bu, birinci növbədə cəbhədəki təxribatın davamı kimi qəbul edilməlidir. Bu məsələlərlə bağlı dəyirmi masalar, toplantılar keçirilib, ən yüksək səviyyədə məsələyə münasibət bildirilib ki, media qurumları, xüsusilə də internet resursları belə məsələlərdə ehtiyatlı olmalı, rəsmi qurumların verdiyi məlumatlara əsaslanmalıdırlar. Göründüyü kimi, təxribatlar yenə davam edir. Artıq ictimai qınaq bəzi insanlara effektiv təsir göstərmir. Bu, ya qeyri-peşəkarlıqla, ya məqsədyönlü şəkildə Azərbaycan əleyhinə fəaliyyətlə, ya da bəzi insanların reytinq savaşına görə bütün dəyərləri ayaq altına atması ilə əlaqədardır".
Baş redaktor hesab edir ki, bu məsələlərlə bağlı hüquqi mexanizmlər işə düşməlidir: "Belə yanlışlıqlar və təxribatlara yol verən hüquqi və fiziki şəxslər, media qurumları mütləq sərt şəkildə cəzalanmalıdır ki, oxşar problemlər bir daha yaranmasın".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "təəssüf hissi ilə bildirirəm ki, dəfələrlə xəbərdalıqlar edilməsinə, təlimatlar verilməsinə, təlimlər keçirilməsinə baxmayaraq, yenə də bəzi sosial şəbəkə istifadəçiləri və özünü media qurumu elan etmiş onlayn resurslar müharibə dövrünün informasiya yayımı şərtlərini pozurlar", - deyə vurğulayıb: "Fevralın son günlərində cəbhə bölgəsində baş verən hadisələr zamanı bu hal yenidən təkrarlandı". Onun sözlərinə görə, erməni təxribatçıların qondarma Azərbaycan adlarıyla yaratdıqları sosial şəbəkə hesablarından gündəmə ötürdükləri informasiyalar bizim sosial şəbəkə istifadəçiləri və bəzi onlayn media qurumları tərəfindən araşdırılmadan, dəqiqləşdirilmədən köçürüldülər və tirajlandılar: "Bəzən isə, nəinki qondarma adlarla dövrüyyə buraxılan, hətta birbaşa Ermənistan KİV-lərinin yaydığı informasiyalar köçürülərək Azərbaycan KİV-lərində tirajlandı. Ermənilər tərəfindən quraşdırılmış "əl-ələ tutan əsgərlər" videoçarxı bu faktı bir daha isbat edir. Bu baxımdan Azərbaycan Mətbuat Şurası dəfələrlə açıqlama yayaraq və KİV-lərə çağırış edərək bu kimi hallarda ehtiyatlı, həssas yanaşmanı tövsiyyə edir.
Burada bir nüansa aydınlıq gətirmək istəyirəm. Bəzən kimlərsə Mətbuat Şurasının bu çağırışlarını informasiya yayımına məhdudiyyətlər qoyulması kimi şərh etməyə çalışır. Yaxud bəzən deyirlər ki, "bu tip informasiyaları biz yaymasaq da, onsuz da xarici KİV-lər yayırlar". Mən burada vurğulamaq istəyirəm ki, Mətbuat Şurasının çağırışları informasiyaların məhdudlaşdırılmasına deyil, dəqiqləşdirilməsinə yönəlib. Əgər Ermənistan KİV-ləri hansısa informasiyanı yayıblarsa, onu olduğu kimi köçürüb tirajlamaq yox, dəqiqləşdirmək, araşdırmaq və bu dəqiqləşdirmədən sonra həiqəti yazmaq lazımdır. Araşdırma aparılanda, həmin informasiyaların nə qədər yanlış olduğu və nə məqsədlə yayıldığı aydın olacaq. Müvafiq dövlət qurumları ilə, bu mümkün olmayanda ekspertlər, şərhçilər vasitəsilə dəqiqləşdirlməyə cəhd göstərilməlidir. Xarici, transmilli KİV-lərə gəldikdə isə, bu KİV-lərin İraqda, Əfqanstanda, Ərəb ölkələrində müharibələr, iğtişaşlar, inqilablar zamanı necə rol oynadıqları hər kəsin yadındadır. Onların bəzən həqiqətəndən çox uzaq olan xəbərlər yaydıqları dəfələrlə sübut olunub, özləri də bunu etiraf ediblər".
Bunların qarşısını almaq üçün hansı addımlar atılmalıdır məsələsinə gəlincə, M.Ələsgərli əlavə edib ki, əlbəttə, qanunvericilik bu kimi hallara qarşı sərt tədbirlər görülməsi üçün əsas verir: "Təbii ki, bu tip təxribatçı informasiyaların monitorinqi aparılır və hər kəs hərəkətlərinə adekvat cavab alacaq. Amma indiki halda məqsəd kimisə cəzalandırmaq yox, Azərbaycan auditoriyasına doğru, düzgün məlumat çatdırılmasına nail olmaqdan ibarətdir. Səngərdə duran, döyüşən bizlərik, bizim övladlarımızdır, bizim qohum -qardaşımızdır. Burada hər bir ailənin kimisə var. İnformasiya yayanlar da bizlərik. Bu baxımdan xəbər istehsalçısını bir kateqoriya, səngərdə duran əsgərin isə başqa bir kateqoriya insan olması kimi bölgü aparmaq olmaz. Yaydığımız informasiya ilə onları, ümumilikdə ölkəmizi təhlükə qarşısında qoymayaq".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, həm ötən ilin aprelində, həm də bu ilin fevralında cəbhədə baş verən hadisələrdən sonra internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan hərbi informasiyaların yer alması müşahidə olundu: "Bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Belə problemlərin həllini də qanunvericiliyə uyğun həyata keçirmək lazımdır. Azərbaycan hüquqi dövlətdir. Burada bütün məsələlər hüquqa söykənir". O qeyd edib ki, internet media və sosial şəbəkələrdə Azərbaycanın maraqlarına uyğun olmayan təxribat xarakterli məlumatlar, hərbi əməliyyatlar barədə informasiyalar, hərbi sirrlərin yayılmasının qarşını almaq üçün maarifçilik istiqamətində işlər daha da çoxaldılmalıdır: "Hazırda Azərbaycanda hərbi vəziyyətlə bağlı qanunvericilik aktı hazırlanır. Bu qanun layihəsi Milli Məclisdə artıq iki oxunuşdan keçib. Orada internet media və sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müəyyən müddəlar öz əksini tapıb. Eyni zamanda Müdafiə Nazirliyi, Mətbuat Şurası və digər qurumların da bununla bağlı tövsiyəedici açıqlamaları var. Bilməyərəkdən belə işlər görənlərin qarşısını maarifləndirmə ilə almaq olar. Ancaq məqsədyönlü şəkildə Azərbaycanın maraqlarına zidd informasiyaları yayanlara qarşı daha sərt mövqe sərgilənməlidir. Artıq bununla bağlı aidiyyəti dövlət qurumları monitorinqlər aparırlar və qanunvericiliyə uyğun olmayan informasiyaların yayılması ilə əlaqədar bəzi internet resurslara xəbərdarlıq edilib".
O.Gündüz sosial şəbəkələrdə saxta profillərlə qeyri-qanuni informasiyaların yayılmasının qarşısını almaq üçün müəyyən addımların atılmalı olduğunu bildirib: "Öncə bununla bağlı monitorinqlər və araşdırmalar aparılmalıdır. Nəhəng sosial media qurumlarının rəhbərlikləri ilə əlaqələrin güncləndirilməsi, həmin resursların ölkəmizdə nümayəndəliklərinin açılması, onlarla daha yaxından əməkdaşlıq belə məsələlərin qarşını almaqda kömək edə bilər. İctimai, məsul şəxslər, siyasətçilər, dövlət məmurları, dövlət qurumları daha çox sosial mediaya inteqrasiya etməlidirlər. Dövlət qurumları sosial media, internet üzrə daha peşəkar mütəxəssisləri cəlb edib və bu sahədən daha effekktiv istifadə etməlidirlər. Faydalı informasiyalar çox olanda fayddasızlar itib-batırlar. Azərbaycanın maraqlarına uyğun olan informasiyalar daha tez və çoxlu şəkildə sosial şəbəkələrdə yayılmalıdır ki, faydasızları sıradan çıxarsın".
Onun sözlərinə görə, sosial mediada Azərbaycanın maraqlarına zidd olan informasiyaların yayılmasının qarşısını almaqla yanaşı, bu sahənin inkişafına da diqqət ayrılmalıdır: "Çünki sosial media Azərbaycanın haqq səsi və ölkəmizin inkişafı istiqamətinə məlumatları dünyaya çatdırmaq üçün mühüm vasitədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı bəzi qurumlar ölkəmizə qarşı qarayaxma kampaniyası keçirəndə sosial şəbəkələr və internet media haqlı mövqelərimizin qorunmasında müstəsna rol oynadı".