Bələdiyyələr birləşdirilir Hadisə

Bələdiyyələr birləşdirilir

204 bələdiyyə birləşdirilərək 94 yeni bələdiyyə yaradılacaq
Bahar Muradova: "Bələdiyyələrin işini yüksək, müasir standartlara çatdırmaq üçün müəyyən dəyişikliklərə ehtiyac"

Dünən Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda 2 məsələnin - "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər barədə qanun layihələrinin müzakirəsi yer alıb.
Qanun layihələri barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün iki şərt var: "Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa, insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi".
Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi: "Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir".
Arif Rəhimzadə həmçinin qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır".
Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.
Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub.
Bəs bələdiyyələrin işinin keyfiyyətli təşkili üçün birləşdirmə yolu ilə yeni bələdiyyələrin yaradılması effektiv olacaqmı? Ümumiyyətlə Azərbaycanda bələdiyyələrin gerçəkdən yerli özünü idarəetmə orqanları kimi funksiyalarının tənzimlənməsi istiqamətində hansı addımlar atılmalıdır?
Qeyd edək ki, indiyədək ictimai müzakirələrdə də, parlamentdə də dəfələrlə bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması istiqamətində çox müxtəlif təkliflər irəli sürülüb. Hətta son vaxtdar hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar da bu məsələni gündəmə gətiriblər. Milli Məclis sədrinin müavini Bahar Muradova da ehtiyatla da olsa, hesab edir ki, bələdiyyələrin işini yüksək, müasir standartlara çatdırmaq üçün müəyyən dəyişikliklər zəruridir: "Mən özüm isə daha çox bu prosesin içərisində olan insanların mövqelərini dinləməyə üstünlük verir və özümün bələd, bilavasitə iştirakçısı olduğum prosesləri uzlaşdıraraq bu yöndə qənaətimi bölüşdürürəm. Ona görə hələlik bu istiqamətdə təklifləri müzakirə edərək konkret bir fikir üzərində dayanmamışam. Amma söyləyə biləcəyim fikir bundan ibarətdir ki, bələdiyyələrin işini yüksək, müasir standartlara çatdırmaq üçün müəyyən dəyişikliklərə ehtiyac var və bu dəyişiklikləri etmək üçün ortada müəyyən təkliflər də, iradə də var".
Vitse-spiker eyni zamanda bildirib ki, o, çox irəli getmədən, yəni hansısa bir təcrübəni olduğu kimi Azərbaycana tətbiq etmədən zamana uyğun təkamül prosesi ilə bu dəyişiklikləri etməyin tərəfdarıdır.
Bahar Muradovanın bildirdiyinə görə, bələdiyyələrin öz büdcəsini formalaşdırmağın yeni yollarını tapmaq lazımdır ki, onlar həm vətəndaşlar, həm seçicilər qarşısında öz öhdəliklərini yerinə yetirmək imkanlarına malik, həm də onun ən müxtəlif - qanuni yollarını müəyyən etməkdə iştirakçı olsunlar: "Çünki belə təkliflər həm də bələdiyyə qurumlarının özündən gəldikdə daha effektli olur".
Vitse-spikerin sözlərinə görə, səlahiyyətlər bölgüsü, yəni, icra qurumları ilə seçkili orqanların səlahiyyətlərinin bölgüsü mövcud reallıqlara uyğun olmalıdır: "Hansısa bir qabaqcıl təcrübə mənim xoşuma gəlir, mən onu götürüm təklif edim və dərhal da onu həyata keçirək, sonra da o sınaq prosesində özünü doğrultmasın, belə olmamalıdır. Həmçinin deyim ki, Azərbaycan üçün bələdiyyələrin fəaliyyət dövrü çox optimal bir dövrdür ki, onların özlərinin də etdikləri bir sıra təkliflər nəzərə alınsın. Eyni zamanda, bugünlük söyləyəcəyim hər hansı konkret bir fikir cəmiyyətdə başqa bir istiqamətdə müzakirələr yarada bilər. Mənim fikrim parlamentin mövqeyi kimi qəbul oluna bilər. Ona görə də hər hansı bir konkret fikir söyləmək istəmirəm".
TURQUT