“Sağlam ailə sağlam cəmiyyətin təməlidir”-HDİM orta məktəbdə dəyirmi masa keçirib Hadisə

“Sağlam ailə sağlam cəmiyyətin təməlidir”-HDİM orta məktəbdə dəyirmi masa keçirib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində növbəti tədbirini Lökbatan qəsəbəsində keçirib. Dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib. İlham Əliyev deyib ki, müasir dövrdə ailədaxili konfliktlərdən çıxmaq üçün bir çox hallarda boşanırlar. Bu da problemə doğru yanaşma deyil: "Heç bir halda boşanma təqdir oluna bilməz. Məncə boşanma ailə institutunu laxladan ən ciddi amillərdən biridir. Müasir dövrdə sosial şəbəkələrin ailə institutuna təsirini görməzdən gələ bilmərik. Lakin sosial şəbəkələr ailə dəyərlərinin korlandığı zaman mənfi təsirini göstərə bilər. İnsan təfəkküründə xəyanət və ya digərinə (əks cinsə) qarşı meyl formalaşmayıbsa, heç bir sosial şəbəkə boşanmaya səbəb ola bilməz. Sosial şəbəkə iki xəyanətkar arasında münasibət vasitəsi hesab olunmalıdır. Məsələn, bıçaq kimisə zədələməyibsə, adi məişət əşyasıdır. Bir insanın vasitəsilə digərini zədələyirsə soyuq silaha çevrilir. Sosial şəbəkələr boşanma hallarına ciddi təsir edən amildir. Lakin hesab edirəm ki, indiki vəziyyətdə daha çox iqtisadi çətinlik və sosial problemlərin təsiri var".
Araşdırmaçı jurnalist Vilayət Muxtar çıxışında sağlam ailə modelini qoruyub saxlamaq üçün görülməli işlərdən danışıb: "Sağlam cəmiyyət qurmağın yolu sağlam ailədən keçir. Sağlam ailə modeli hesab etdiyimiz, milli dəyərlərimizə əsaslanan ailələrin möhkəmlənməsi istiqamətində proqramlar işlənib hazırlanmalıdır. Hesab edirəm ki, dövlət vətəndaşına sahib çıxmaqla ailə modelini qorumuş olacaq. Təbii ki, bu fikir, məsuliyyəti dövlətin üstünə atmaq deyil. Son illər bir sıra sosial layihələr həyata keçirilir ki, bu da alqışlanmalıdır". V.Muxtar deyib ki, sağlam ailə modelinin qorunub saxlanması üçün təhsilə önəm verilməli, erkən nikahdan imtina olunmalıdır: "Bir fərdin sağlam düşüncəyə sahiblənməsi və kamil insan formasında yetişməsi üçün üç əsas mərhələ keçməsi lazımdır. Ailə, məktəb və mühit. Sağlam ailə həm də sağlam gələcək deməkdir. Normal ailədə böyüyən fərd, normal məktəbdə təhsil aldıqdan sonra sağlam mühitdə yaşamalıdır ki, faydalı və xeyirli vətəndaşa çevrilə bilsin. Ailə həm özü məktəb olmalıdır, həm də məktəbin təsirindən qaça bilməz". V.Muxtar deyib ki, erkən nikahların qarşısını almaq üçün geniş maarifləndirmə tədbirlərinə ehtiyac var: "Erkən nikahların qarşısı alınmalıdır. İnsan fiziki və daxilən özünü ailə qurmağa hazır bilməlidir. Azərbaycanda oğlanlar 23-25, qızlar 19-21 yaşında ailə qursalar daha yaxşı olar. Ailə məsuliyyəti dərk olunmayınca birləşən cütlüklərin ayrılma ehtimalı daha çoxdur".