“Mollaların fars ləhcəsində danışması...” Hadisə

“Mollaların fars ləhcəsində danışması...”

Alim Hüseynli: "Onların eşidib öyrəndikləri dini biliklərin məhsuludur"
Rəsul Mirhəşimi: "Azərbaycan türkcəsinin cümlə strukturu ilə danışmaq daha gözəl olar"
Vüqar Əhməd: "Əsəsən Qumda təhsil alanlarda fars ahəngi hiss olunur"

QMİ din xadimləri üçün mütəmadi təkmilləşdirmə kurslarının təşkilinə başlayıb. Kurslarda respublikanın müxtəlif bölgələrindən gəlmiş din xadimləri iştirak edəcəklər. Hər kursun müddəti 1 ay olacaq. Kursun keçiriləcəyi müddət ərzində iştirakçıların qalmaq, yemək, yol xərcləri QMİ tərəfindən ödəniləcək.
Kurslara din alimləri ilə yanaşı, Bakı Dövlət Universiteti və Bakı İslam Universitetinin professor və müəllim heyəti də cəlb ediləcək. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq. Qeyd edək ki, bu, Azərbaycanda din xadimləri üçün təşkil edilən ilk belə kurslardır.
Bu kurslarda hansı istiqamətə daha çox üstünlük verilməlidir? Hə üçün axund və mollaların böyük əksəriyyəti məclislərdə İran ləhcəsi, vfrf dəqiq desək fars ahəngi ilə dapnışırlar?
Araşdırmaçı jurnalist Alim Hüseynli bildirdi ki, Əvvəlcə din xadimlərinin təkmilləşdirmə kurslarının niyə məhz indi yaradılması məsələsini nəzər yetirilməlidir: "Düzdür, belə kursların yaradılması zaman etibarilə gecikib, ancaq mühüm məsələdir. Bu vaxta qədər dini təkmilləşdirmə kurslarının olmaması bozbaş mollalara meydan verməklə yanaşı, müsəlmanların dini baxımdan kütləşməsinə gətirib çıxarıb. Məhz bu boşluqdan istifadə edən missioner dini təşkilatlar, öz ideyalarını rahat şəkildə yaymaq imkanı əldə ediblər. Xarici ölkələrin xüsusi xidmət orqanları müxtəlif dini cərəyanların ideyalarını gənclər arasında "tiryək" kimi yaya biliblər. Hesab edirəm ki, dini kurslarda İslam dininin mahiyyəti, fəlsəfəsi, İslamın humanizmliyi və ən əsası başqa dinlərə hörmət etməsi kimi məsələlər aşılanmalıdır. Bizim hansı məzhəbə qulluq etdiyimizi bilməməyimizin nəticəsidir ki, asanlıqla başqa dinlərin ideologiyasının təsiri altına düşə bilirik. Bu məsələdə bizim günahımız ondan ibarətdir ki, müsəlman olaraq dinimizi yetərincə mənimsəyə bilməmişik, din xadimlərinin günahı odur ki, üzərlərinə düşən vəzifəni-dini təbliğatə layiqincə apara bilməyiblər. O ki qaldı, mollaların fars ləhcəsində danışması məsələsinə, bu onların eşidib öyrəndikləri dini biliklərin məhsuludur. Hesab edirəm ki, belə dini kurslar təkcə din xadimləri üçün deyil, eləcə də sadə vətəndaşlar üçündə təşkil edilsə müsbət nəticəsi olar".
Ümumiyyətlə bu dini kurslar Azərbaycana nə verəcək, ölkədə dini sahədə mövcud olan qarışıqlığı aradan qaldırmaq mümkün olacaqmı?
Alim Hüseynli vurğuladı ki, bundan əvvəl ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dini mədrəsələrin sayı kifayət qədər olub: "Ancaq həmin mədrəsələr vahid mərkəzdən idarə olunmadığından neqativ halların meydana çıxmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, belə dini mədrəsələr müxtəlif ölkələr tərəfindən təşkil edildiyindən ayrı-ayrı dini cərəyan və sektaların ideyalarının yayılmasına xidmət etdiyi şübhə yaratmır. Onu da xatırladaq ki, belə dini mədrəsələr xarici ölkələrin xüsusi xidmət orqanlarının, eləcə də missioner təşkilatların təsiri altında olduğundan orada çalışan öyrədicilərin də yerli mütəxəssis olması qeyri-mümkün görünür. Məlumata görə, həmin dini mədrəsələr kadr seçiminə olduqca ciddi yanaşır, hətta xarici ölkələrdə dini təhsil alan insanlar arasında belə seçim edirlər.
Yeri gəlmişkən, hazırda Azərbaycandan kənarda dini təhsil almağın özü də ciddi təhlükə mənbəyinə çevrilib. Belə ki, xarici ölkələrdə dini təhsil alan gənclər ya ölkəyə qayıtmaq istəmir, ya da təhsil aldığı ölkənin dövlət-din münasibətlərini Azərbaycanda tətbiq etmək istəyində olur. Etiraf edək ki, Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Azərbaycanda yaşayan insanların dini azadlığının qorunması dünya birliyi və beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Belə bir məqamda təbii ki, Azərbaycanda xarici ölkələrin təşkil etdiyi dini tədrislərin mahiyyəti şübhə doğurmaya bilməz. Sirr deyil ki, Azərbaycanda tolerantlıq mühitinin getdikcə daha da möhkəmlənməsi və inkişaf etməsi bir çox xarici qüvvələrın rahatlığını əlindən alıb". Onun fikrincə, Azərbaycan dövlətinin siyasi-mənəvi məkanında yer tutmaq istəyən ayrı-ayrı qüvvələrin sayı kifayət qədərdir: "Məlumata görə, Azərbaycanda gizli fəaliyyət göstərməyə meylli olan dini qurumlar fəaliyyətində ayrı-ayrı xarici ölkələrin öz dövlət-din münasibətləri sistemini Azərbaycanda tətbiq etmək cəhdi, ayrı-ayrı qeyri-ənənəvi radikal təriqətləri Azərbaycanda yaymaq meylləri var. Bunların sırasında həm islam, həm də qeyri-islam təriqətləri özünə yer alıb. Deməli, etiraf edilməlidir ki, ölkədəki dini durumla bağlı bir sıra narahatedici məqamlar mövcuddur. Bu narahatedici məqamlar radikal dini qruplaşmaların pozuculuq fəaliyyəti ilə bağlıdır ki, son illərdə müxtəlif dini cərəyanların belə fəaliyyətinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu qüvvələr İslam dini sahəsində yaranmış boşluqdan yararlanaraq öz məkrli niyyətlərini reallaşdırmağa can atırlar. Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə dini tədris tətbiq edilmir, ali təhsil ocaqlarındaki dini təhsil səthi məlumatlandırmadan başqa bir şey deyil. Yalnız Bakı Dövlət Universiteti və Bakı İslam Universitetində mükəmməl dini tədris həyata keçirilir ki, bu da sırf dini kadr hazırlanması prosesinə hesablanıb. Digər vətəndaşların isə dini maarifləndirilməsi qalır xarici ölkələrin dini mədrəsələrinin ümidinə. Xatırladaq ki, Rusiya kimi xristian ölkəsində İslam dininin tədrisi məqsədilə dini kurslar təşkil edilməkdədir. Bu tədris mərkəzlərinin hətta xarici ölkələr üçün İslam dini üzrə kadr hazırladığı bildirilir. Belə halda Azərbaycan kimi əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan bir ölkədə dini kursların bu vaxta qədər fəaliyyət göstərməməsi, dini ideologiya məsələlərinə biganə yanaşılması müəmmalı görünür. Diqqətə çatdıraq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların hüquq və azadlıqlarının, vicdan, dini etiqad azadlıqlarının təmin olunması istiqamətində çox ciddi addımlar atılıb. Hazırda Azərbaycanda dini sahədə elə şərait yaranıb ki, hətta inkişaf etmiş bir sıra xarici ölkələrdə fəaliyyətinə qadağa qoyulmuş dini cərəyanlar ölkəmizdə rahat fəaliyyət göstərə bilir. Məlumata görə, fəaliyyəti Amerika kimi inkişaf etmiş ölkədə qadağan edilmiş satanistlər (şeytana ibadət edənlər) Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərirlər və hazırda onların sayının yüzü ötdüyü bildirilir". O, həmçinin əlavə etdi ki, ölkədə mövcud olan ayrı-ayrı radikal dini qurumlar, missioner təşkilatlar millətin mənəviyyatını, dini dəyərlərini korlamaqla məşğuldur: "Təbii ki, belə bir şəraitdə İslam dinini təbliğ edən, əhalinin dini maarifləndirilməsinə xidmət edən dini kursların açılması tədqir edilməlidir. Ümid edək ki, bu kurslar İslam dininin saflaşması, dini əqidəmizin daha da möhkəmlənməsinə xidmət edəcək. Ancaq yaxşı olardı ki, belə dini kurslar təkcə din xadimləri üçün deyil, bütövlükdə müsəlman əhalisi üçün açılsın".
İlahiyyatçı Rəsul Mirhəşimi vurğuladı ki, din xadimlərinin fars ahəngi ilə danışması düzgün deyil: "Azərbaycan türkcəsinin cümlə strukturu ilə danışmaq daha gözəl olar".
Şair Vüqar Əhməd dedi ki, din xadimlərinin hamısı fars ləhcəsi ilə danışmır, əsəsən Qumda təhsil alanlarda fars ahəngi hiss olunur: "Bakı İslam Universitetini bitirənlər təmiz Azərbaycan türkcəsinin ədəbi dil normaları ilə məclis aparır. Milli dilimizin orfoepik qaydalarına əməl edirlər. Onlarda şifahi sintaksis də qaydasında olur, ağızlarını əcaib hala salmırlar. Bəzi molları qınamaq olmaz. Çünki molların çoxu Şimali Azərbaycanın Cənub bölgəsindəndirlər, dialekt yaxınlığı var. Milli azlıqların nümayəndəsi olan qardaşlarımız yas mərasimlərində İran ləhcəsində hədislər söyləyir. Çox yaxşı haldır ki, indi çağdaş dövrümüzdə mükəmməl dini təhsil görmüş axund və mollalarımız var. Akademik Vasim Məmmədəliyevin təkliflərini çox bəyəndim. Vasim müəllim qeyd etdiyi kimi Kamal Abdullanın vahid geyim məsələsini qanuniləşdirməsi sevindiricidir. Allah bizləri həkimə, polisə, mollaya möhtac eləməsin. Düzdür hamımız öləcəyik. Allah hamıya şərəfli ömür, şərəfli ölüm qismət eləsin".

Əli