Valideynlərin atdığı uşaqlara sahib çıxan dövlət Hadisə

Valideynlərin atdığı uşaqlara sahib çıxan dövlət

Sağlamlıq imkanı məhdud olan Rəqsanə Əsədova (ad şərtidir) 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində qalır. Deyir ki, anasında ayrılmaq istəmirmiş: "Anam məni bu məktəbə qoyub. Bu gün 9 yaşım tamam olur. Amma anam mənimlə deyil... Ad günüm üçün anamı arzulayıram".
Balaca qız deyir ki, onlara 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində hər cür şərait yaradılıb.

1108 nəfər şagird, qorunan hüquq

11 nömrəli İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva deyir ki, məktəb 1961-ci ildən fəaliyyət göstərir: "Təhsil Nazirliyi tərəfindən məktəbimiz ötən il əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur".
2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.
Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul olunub.
Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə uşaqların hüquqları daim qorunur.
Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunub. Hər il dünyada olduğu kimi, ölkəmizdə də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Onların sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib.
Prezident İlham Əliyevin tapşırığı ilə uşaqların fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı üçün mütəxəssislər tərəfindən məktəbəqədər müəssisələr üçün proqramlar hazırlanıb. Orta təhsil müəssisələrində də uşaq və yeniyetmələrin vətənpərvər ruhda, dövlətimizə, xalqımıza məhəbbətlə böyümələri üçün önəmli işlər həyata keçirilir.


Heydər Əliyev Fondu və UNİCEF

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbəri olduğu Komitənin kollegiya iclasında çıxışı zaman bildirib ki, Milli Uşaq Strategiyası hazırlanaraq rəy üçün Nazirlər Kabinetinə təqdim olunub, Uşaq Məcəlləsinin hazırlanması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nazirlər Kabinetinə təqdim etdiyi Milli Uşaq Strategiyası 2015-2025-ci illəri əhatə edəcək.
Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyir ki, Milli Uşaq Strategiyası Azərbaycan prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq hazırlanıb: "Milli Uşaq Strategiyası yaxın 10 il müddətinə Azərbaycanda dövlət uşaq siyasətinin prioritetini təşkil edəcək. Strategiyanın hazırlanmasında əsas məqsəd dövlət uşaq siyasətini daha sistemli həyata keçirmək, eləcə də uşaqların hüquqlarının müdafiəsi mexanizminin hazırkı imkanlarından istifadə edərək onların hüquqlarının tam olaraq müdafiəsini təmin etməkdir.
Strategiyada uşaqların mədəni-estetik tərbiyəsinin təşkili, onların inkişafı məsələləri əks olunub. Habelə Strategiya zorakılığa məruz qalan, erkən nikaha sövq edilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə konkret tədbirləri müəyyənləşdirir, problemlərin həlli yollarını göstərir. Eyni zamanda, Strategiyada uşaq evlərini tərk edən uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasında kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əhatəli məsələlər burada öz əksini tapıb. Onların müvafiq tibbi, təhsil, sosial, hüquqi xidmətlərlə tam təmin olunmasının həll yolları göstərilir".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı" hazırlanıb. Elektron məlumat bankına mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən uşaqlar barəsində müvafiq məlumatlar elektron formada daxil edilir. Eyni zamanda bütün regionlarda məişət zorakılığı ilə bağlı monitorinq komissiyaları fəaliyyət göstərir və təcili preventiv tədbirlər həyata keçirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən (2009, 2011, 2014) bu forumlar uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin edir.
Belə silsilə tədbirlər sırasında "İstedadlı uşaqlar festivalı" da özünəməxsus yer tutur. Festival zamanı elm, təhsil, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, ölkəmizin adını ucalara qaldırmış, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılır.

52 mindən çox məktəbli...

Azərbaycanda hər bir regionunda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Onlarla yanaşı, Azərbaycanda dünya standartlarına uyğun möhtəşəm idman qurğuları inşa olunub. Bütün idman obyektləri gənclərimizin ixtiyarına verilib. Dövlətimiz tərəfindən gənclərimizin mənəvi inkişafının təmin edilməsi istiqamətində atılan növbəti addımlardan bir də Azərbaycanın bütün bölgələrində Gənclər Evlərinin inşasıdır. Burada gənclər üçün müxtəlif kurslar və asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılıb.
Gənclər Evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, onların özlərini bir şəxs kimi müəyyən etməsi, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman İdarəsinin fəaliyyətinə yardım göstərilməsidir.
Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi işlər, gənclərlə bağlı qəbul etdiyi qərarlar gənclərin ölkədə faydalı məşğulluğunun təmin edilməsinə, dünyagörüşünün və fiziki inkişafının daha da irəliləyişinə gətirib çıxarıb. İndi qürur hissi ilə demək olar ki, Azərbaycan gənclərinin intellektual səviyyəsi, elmi, dünyagörüşü yüksək səviyyədədir. Gənclərimiz beynəlxalq səviyyədə keçirilən elmi-praktiki konfranslarda, fənn olimpiadalarında uğurla iştirak edirlər. Şübhəsiz ki, gənclərimizin ən böyük uğurları idman yarışlarında əldə olunub. Beynəlxalq səviyyəli yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında medal qazanan idmançılarımızın əksəriyyəti məhz gənclərdir.
Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən "Olimpiya Hərəkatı" proqramı uşaq və yeniyetmələrin fiziki sağlamlığının qorunmasında xüsusi rol oynayır. "Olimpiya Hərəkatı" proqramı bu sahədə ölkəmizin ən irimiqyaslı çoxnövlü kütləvi idman proqramı sayıla bilər. Ötən il layihədə 52 mindən çox məktəbli, o cümlədən Bakının bütün məktəblərindən olan şagirdlər fəal iştirak edib. Proqramın məqsədi məktəbliləri idmana cəlb etməklə, onların həyatında müsbət dəyişikliklər yaratmaqdır. Məktəb şəraitində idmanla məşğul olmaq, eyni zamanda, uşaqların təhsilinə də müsbət təsir edir. Bakı-2015 Avropa Oyunları irsini davam etdirən proqramda 5 idman növü (atletika, badminton, voleybol, velosiped idmanı və 3x3 basketbol) üzrə keçirilən yarışlar paytaxtımızla yanaşı, Sumqayıt, Gəncə və Göygöl məktəblərini də əhatə edib. Bu proqramın əsas qayəsi ölkəmizdə gənc nəslin sağlam yetişməsinə, onlara idman rəqabəti ruhunun aşılanmasıdır.

"Sağlam gənc nəsil yetişsin"

Təbii ki, son illər ölkədə idman sahəsində baş verən sürətli inkişafın nəticəsidir ki, bu gün qarşıya qoyulan hədəflər də genişlənir. Lakin bu da böyük və əbədi yolun zirvəsi deyil. Azərbaycan Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər daha böyük uğurların əldə edilməsi üçün zəmin yaradır. Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Digər tərəfdən, bu onu göstərir ki, gənclərimiz idmana çox böyük maraqla yanaşırlar. Bizim də məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin".

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Prezidenti İlham Əliyev ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət göstərir: "Azərbaycanda həm uşaqların, həm də gənclərin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət proqramları qəbul olunub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət başçımız tərəfindən uğurla davam etdirilir".
Raqif Abbasov qeyd edib ki, Azərbaycanda uşaqların mənəvi inkişafı üçün də bir çox tədbirlər və layihələr həyata keçirilir: " Həm ali təhsil ocaqları, həm də klub və cəmiyyətlərlə işimiz də bu istiqamətdə qurulub. Fiziki qüsurlu idmançıların, Paraolimpiya Hərəkatının inkişafı ilə bağlı da addımlar atılır. Gənclərimiz üçün böyük idman infrastrukturu yaradılıb. Bütün idman qurğularından gənclərin istifadə etməsi təmin olunub. Bir çox idmançıların zədə aldıqdan sonra idmana qayıdışları istiqamətində də işlər aparılır. Bu işlər aşağı yaş qruplarında daha vacibdir".

Yaxşı təhsil alan insan...

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, uşaqların mənəvi dəyərlərin formalaşması zamanı həyata keçirilməli olan amillər çoxdur: "Burada təhsil və elmlə yanaşı olaraq, insanın mədəni səviyyəsi və İslam dəyərləri də əhəmiyyətli yer tutur. Yaxşı təhsil alan insan artıq elmi biliklərə yiyələnməyə də, İslam dəyərlərini şüurlu şəkildə anlamağa da, mədəni davranışlara da üstünlük verəcəkdir. İnsanın mənəvi kasadlığının əsas göstəricisi təhsilsizlikdir, bilgisizlikdir. Bu baxımdan da orta məktəblərdə uşaqların şəxsiyyət kimi formalaşmasının düzgün metodologiyası tapılmalıdır. Sıralamanı dəqiqləşdirməkdə çətinlik çəkirəm, çünki burada fərdi xarakterə görə bu və ya digər dəyərin önə çəkilməsi ehtimalları mövcuddur."
Uşaqları bizim gələcəyimizdir. Onları yaşatmaq isə hər birimizin borcudur.

İlhamə Xankişiyeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.