Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib Hadisə

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

"Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası" təsdiq edilib. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Qaydaya əsasən, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul oluna bilər.
Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur. Hər hansı bir ümumi təhsil müəssisəsində məktəbəhazırlıq təhsili almış uşaqlar həmin təhsil müəssisəsində birinci sinfə qəbul edilirlər. Yaranmış vəziyyətə görə, bir məktəbdə məktəbəhazırlıq təhsili almış uşağın digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Qəbul üçün aşağıdakı sənədlər tələb edilir: məktəbin direktorunun adına ərizə; uşağın mübadilə vərəqəsi; uşağın doğum haqqında şəhadətnaməsinin surəti; uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.
Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin il IV sinif aparan və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.
Məktəbəhazırlıq qrupunda işləyən müəllim növbəti dərs ilində əmək fəaliyyətini davam etdirə bilmədikdə həmin qrupdan formalaşmış birinci sinif Pedaqoji Şuranın qərarı ilə məktəbin digər ibtidai sinif müəlliminə verilə bilər.
Məktəbəhazırlıq qruplarında uşaqların minimum say həddi aşağıdakı kimi müəyyənləşdirilir: qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq; məktəbəhazırlıq qruplarında 1 (bir) məşğələnin müddəti 30 dəqiqədir.
Uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin (ərazi maliyyə hesablaşma mərkəzlərinin) razılığı əsasında yaradılır. Dərs ili ərzində yerdəyişmə ilə bağlı qrupda uşaqların sayının azalması məktəbəhazırlıq qrupunun fəaliyyətinin davam etməsinə təsir göstərmir.