Çikaqoda İpək Yolu Konfransı Hadisə

Çikaqoda İpək Yolu Konfransı

Tədbirdə Bakı-Tiflis-Qars dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin əhəmiyyəti vurğulanıb

ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində Yeni İpək Yolu boyunca ölkələrin iqtisadiyyatı, onlar arasında ticarət və iqtisadi münasibətlər, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş 9-cu ənənəvi İpək Yolu Konfransı keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Mərkəzi və Cənubi Asiya ölkələrinin, eləcə də Azərbaycan və Türkiyənin biznes və diplomatik dairələrinin, habelə ABŞ Dövlət Departamentinin və Müdafiə Daşımaları Agentliyinin (Defence Logistic Agency) nümayəndələri də iştirak ediblər.
Azərbaycan tərəfindən tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov, Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev və azərbaycanlı iş adamı Bəsrəd Paşayev iştirak edib.
ABŞ Dövlət Departamentinin regional məsələlərə məsul əməkdaşı Corc Təq və Müdafiə Daşımaları Agentliyinin nümayəndəsi polkovnik Emili Bakman çıxış edərək, indiyədək Əfqanıstandakı ABŞ və müttəfiq qoşunlarının təminatını həyata keçirən Şimal Təchizat Şəbəkəsinin (Northern Distribution Network) iqtisadi komponentlərinin artırılaraq onun gələcəkdə ölkələrin ticari və iqtisadi əlaqələrinin təşviq edilməsi üçün istifadə edilə biləcəyini qeyd ediblər. Bunun üçün ölkələr arasında regional infrastrukturun yaradılması, habelə yükdaşımaların zaman və keyfiyyət baxımından daha da inkişaf etdirilməsi üçün ölkələr arasında gömrük prosedurlarının rahatlaşdırılması istiqamətində işlərin davam etdirilməli olduğu vurğulanıb. ABŞ Dövlət Departamentinin rəsmisi bu baxımdan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük prosedurlarının rahatlaşdırılmasını nəzərdə tutan "Silk Wind" layihəsini təqdir edib, Bakı-Tiflis-Qars dəmiryolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi N.Baxışov çıxış edərək, Azərbaycanın müstəqilliyini əldə etməsindən bəri keçdiyi iqtisadi inkişaf yolu, ölkənin bu sahədəki uğurları, habelə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə danışıb. Azərbaycanın tarixən beynəlxalq enerji təhlükəsizliyi və təchizatında xüsusi rolunun olduğunu qeyd edən çıxışçı, Bakı-Tiflis-Ceyhan və digər neft kəmərləri, eləcə də Avropa bazarlarına yeni həcmdə qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi barədə məlumat verib. Eyni zamanda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu barədə danışılıb.