Tələbələrin köçürülməsi ilə bağlı narazılıqlar var Hadisə

Tələbələrin köçürülməsi ilə bağlı narazılıqlar var

Təhsil Nazirliyi münasibət bildirib


Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, tələbələrin köçürülməsi qaydalarında müəyyən tələblər var.
Onun sözlərinə görə, Bakıda yerləşən ali təhsil müəssisələrində köçürülmə zamanı tələbənin öz ixtisası üzrə qəbul ilində topladığı bal köçürüləcəyi ali məktəbdəki ixtisas və digər başqa ixtisas üzrə qəbul balından yüksək olmalıdır: "Bu şərt ödənməlidir. Tələbənin transfer.edu.az portalına müraciətinə baxmayaraq, bu şərt ödənməsə, müraciətdən imtina olunur. Bu hal isə tələbə və onun valideynində narazılıq yaradır. Köçürülmənin bəlli qaydaları var və həmin qaydalar gözlənilməlidir".
Sektor müdiri qeyd edib ki, əsas narazılıqlar xarici, xüsusən MDBməkanında yerləşən ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələrlə bağlıdır: "Xaricdə - istər MDB, istərsə də Qərb ölkələrinin ali məktəbləri olsun, əgər tələbə TOEFL, İELTS imtahanları ilə universitetə qəbul olunubsa, onların köçürülməsində hər hansı problem yoxdur. Hazırda bir sıra ölkələrdə ali təhsil biznes xarakteri daşıyır. Böyük sayda xarici universitetlər var ki, tələbə qəbulu imtahansız, yalnız attestatla aparılır. İmtahansız, attestatla xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunana tələbələrin köçürülməsində məhdudiyyətlər var".