Məleykə Abbaszadə nəyi demək istəyirmiş? Hadisə

Məleykə Abbaszadə nəyi demək istəyirmiş?

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək.
"Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər. Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub".
"Hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir"-deyə M.Abbaszadə bildirib.
Amma test üsulunun ləğvi cəmiyyətdə birmənalı qarşılanmır. Test üsulunun ləğvinin gələcəkdə neqativ hallara yol açacağı ilə bağlı fikirlər mövcuddur.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib.
Ekspert bildirib ki, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi və test üsulu qəbulda insan faktorunu aradan qaldırdı.
"Həmçinin test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var".
K.Əsədov deyib ki, 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib.
"Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu artıq özünü doğrultmur. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb. Amma birdən- birə buna keçmək əks effekt verə bilər.

Belə ki, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik. 60 faizdən çox, məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin aşağı qiymət alması birdən-birə sistem dəyişikliyi olsa ortaya çıxacaq problemlərdən xəbər verir".
Ekspert qeyd edib ki, iki il sonra tətbiq olunan üsul yenə də test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox.
"Çünki testin bir üsulu yoxdur. Bununla bərabər digər əlavələr də olacaq. Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunu üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük.
Ekspert hesab edir ki, ilk növbədə məzmun və formanı fərqləndirməliyik.
"Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür.
Bununla da obyektivlik təmin edilir. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şifahi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir. Bunu məqbul hesab edirəm. Düzdür, bir çox şəxslər düşünür ki, test sıradan çıxsa, obyektivlik yox olacaq. Lakin düşünürəm ki, yeni üsulda da obyektivlik qorunacaq".
Keçmiş təhsil naziri Firudin Cəlilov isə DİM sədrinin fikilərini belə şərh edib:""Bu, imatahanla bağlı reformadır. Sadəcə, yeni islahatlarda hansı mexanizmin tətbiq ediləcəyi hələ ki, açıqlanmayıb. O açıqlansa, bunun perspektivinin olub-olmayacağını dəyərləndirə bilərik. Hər halda, qəbul sistemində islahat gedirsə, bu, təhsilin xeyrinədir. Bundan ziyanlı bir şey gözləmək lazım deyil".
Test üsulunun ləğvi rüşvətə yol aça bilərmi? Sualına keçmiş təhsil nazirinin cavabı belə olub.
"Əslində, agah olmadığımız məsələdən danışa bilmirik. Gərək ortalığa qoyalar ki, biz də nəsə deyə bilək. Amma o vaxt çox çətin bir vaxtda test üsulunu təhsil sisteminə gətirdik. Məqsəd də o idi ki, ədaləti bərqərar edək. Ədalət də bərqərar olundu. Sağ olsunlar onu davam etdirirlər. Sadəcə, test üsulunda islahat lazımdır. Bunun müsbət və fəsad verən tərəfləri var. Artıq fəsadlar ortalığa çıxır. Abituriyentlər konkret olaraq bir-iki fənni öyrənirlər o birilərindən xəbərləri olmur.
Kitab oxumurlar, yazı yazmırlar. Bu da get-gedə uşaqlarda savadsızlıq yaradır. Hətta 600-dən yuxarı bal toplayan tələbələrin bir qismi universitetə daxil olandan sonra oxuya bilmirlər.
Danışıq və oxu vərdişini itiriblər. Test üsulunu o zaman təhsil sisteminə gətirəndə bunları bilirdim. Buna görə də testi müvəqqəti bir dövr üçün nəzərdə tutmuşduq ki, sistem oturuşsun və valideynlər bunun fəsadlarını başa düşəndən sonra buna bir düzəliş olsun. Ona görə də gözləyək görək necə olacaq"