Amerikalı yeniyetmənin Azərbaycan sevdası Hadisə

Amerikalı yeniyetmənin Azərbaycan sevdası

Amerika Birləşmiş Ştatları dünyanın elm-təhsil sahəsində inkişaf etmiş dövlətlərdən biri olsa da, burada bir ölkə kimi Azərbaycanı az sayda insan tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on yeddi yaşlı amerikalı yeniyetmənin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni çox heyrətləndirdi və qərara gəldim ki, onunla görüşüb yaxından tanış olaq...
Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birinin on ikinci sinif şagirdidir. Bir sıra Asiya ölkələrinin tarixinə bələd olan Matt Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ on bir yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə bağlı səfər etməsi onda ölkəmizə maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb. Facebook internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlılarla da tanış olub, fikir mübadilələri aparıb. Və bir də görüb ki, özü də bilmədən içində Azərbaycana məhəbbət, xalqımıza sevgi toxumları cücərib...
Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan müsiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur...
Azərbaycan haqqında nələri bilirsiniz soruşanda, ölkəniz haqqında çox şey bilirəm, dedi. Söylədiyinə görə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi izləyir. Onların arasında "Trend.az", "AzerNews.az" saytlarını xüsusi qeyd etdi.
Öz facebook səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər görür. Dağlıq Qarabağ həqiqətlərini məktəb yoldaşlarına, eləcə də Avropa və Asiyadan olan dostlarına çatdırmağa çalışır.
"Elə bir gün olmaz ki, mən Dağlıq Qarabağ münaqişəsi haqqında danışmayım, torpaqlarımızın azad olunması istiqamətin də müzakirələr aparmayım"- Matt Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bu hissəni xatırladaraq söyləyir ki, mən Azərbaycanda bir dəfə də olsun belə olmamışam, amma mənim də elə bir günüm keçməyib ki, Dağlıq Qarabağ haqqında kimlərləsə müzakirəyə qoşulmayım.
"Bu sizə problem yaratmır ki", sualıma Matt təbəssümlə cavab verib bir neçə hadisə haqqında məlumat verdi:"Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqrımı, ermənilərin vəhşilikləri haqqında şagird yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə facebookda paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram…"
Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlib. Deyir ki, bacardığı qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacaq və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcək…
Gələn il Miçiqan Dövlət Universitetinə qəbul olunmağı planlaşdıran Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır.İnanırıq ki, əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayıb ölkəmizi təmənnasız təbliğ edən Mattla tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar…

Elman Eldaroğlu,
ABŞ,
[email protected]