Peşə standartları peşə təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılmasında əsas baza rolunu oynayır Hadisə

Peşə standartları peşə təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılmasında əsas baza rolunu oynayır

Cavid Şahverdiyev

Müasir dünyada rəqabəti keyfiyyətli işçi qüvvəsi yaradır.
Ölkəmizdə də əmək bazarının dəyişməsinə uyğun olaraq işçilərin peşə biliklərinin daim inkişafı zərurəti kadr hazırlığı üçün peşə standartlarının hazırlanmasını dövrün tələblərindən biri kimi qarşıya qoyur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair iclasda müasir tələblərə uyğun peşəkar kadrların hazırlanması məsələsini xüsusi olaraq vurğulamış, bununla əlaqədar vəzifələri müəyyənləşdirmiş və müvafiq tapşırıqlar vermişdir.
Ümumiyyətlə insan resurslarının inkişafı hesabına iqtisadi tərəqqinin və davamlı inkişafın təmin edilməsi məsələsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil edir. Eoə "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında və digər siyasət sənədlərdə bu məqam xüsusi olaraq qeyd olunmuşdur. Bu mütərəqqi yanaşma özlüyündə ölkədə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və bununla da əhalinin layiqli məşğulluq imkanlarının genişləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyur.
Bundan irəli gələrək Əmək və Əhalinin Müdafiəsi Hazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir, peşə standartlarının hazırlanması üçün müvafiq tövsiyələr hazırlayıb təqdim edir.
Avropada son dövrlərdə həyata keçirilən fəaliyyətlərdə də iki tələb xüsusi olaraq diqqətə alınır: müəssisələr peşə standartlarını müəyyən etməli və təsdiq etməlidirlər; peşə standartları və bununla bağlı digər məsələlər aşağıdan-yuxarıya prinsipi ilə aparılmalıdır.
Peşə standartları beynəlxalq ümumi yaxşı təcrübə, müəssisələrdə insan resurslarının sonrakı inkişafı baxımından böyük üstünlüklər verir.
Əmək bazarı xidmətləri təlim və təhsillə yanaşı, insan kapitalı infrasturkturunun inkişafını, eləcə də gənclər və yaşlılar üçün karyera məsləhətlərini özündə cəmləşdirir.
Beynəlxalq təcrübə baxımından insan kapitalının birgə formalaşdırılmasında Almaniya və Avstriyanın, birgə idarəetmə kvalifikasiyaları və öyrənmə dəstəyində Finlandiyanın, gənclər və yaşlıların təlimi istiqamətində Hollandiyanın, insan kapitalının saxlanması və inkişafında ABŞ-ın, öyrənmə dəstəyinin strateji planlaşdırılmasında Danimarka və Sinqapurun təcrübəsi xüsusi qeyd olunmalıdır.
Rəqabət qabiliyyətliliyin artırılması baxımından əmək məhsuldarlığının artırılması, investisiya mühitinin təkmilləşdirilməsi, bazarda rəqabət mühitinin təkmilləşdirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi vacib faktorlardır.
Əmək məhsuldarlığının artırılması isə öz növbəsində işin effektiv təşkili, həvəsləndirmə, əməyin mühafizəsi və s. kimi tədbirlər nəzərdə tutur.
Peşə standartlarının əsas komponentləri peşə, qiymətləndirmə və təlimdir. Burada peşənin qısa təsviri, işə dair xüsusi məlumat, ilk növbədə əmək şəraiti, işə qəbul tələbləri, tabeçilik, peşə standartları üçün məsuliyyət və müstəqillik səviyyələri, karyera yüksəlişi və sərbəst məşğulluq imkanları, vəzifə və fəaliyyətlər nəzərdə tutulur.
Qiymətləndirməyə fəaliyyət meyarları, qiymətləndirmə ilə bağlı resurslar, qiymətləndirmə metodları və nəticələrin qeydə alınması aiddir.
Təlim isə səriştələri (bilik, bacarıq, yanaşma və əlavə ümumi səriştələr) və təlimlə bağlı xüsusi məlumatı (bura təlimin növləri, təlimin istiqaməti və əvvəlki təlimin tanınması aiddir) əhatə edir.
Peşə standartlarının praktiki istifadəsinin potensial təsirlərinə gəlincə, peşə stantdartlarına əsaslanan peşə profilləri məşğulluq xidməti səviyyəsində peşə yönümünü, peşə stantdartlarına əsaslanan modul təlim proqramları isə peşə hazırlığını təkmilləşdirməyə gətirib çıxarır.
Burada təhsil müəssisələri səviyyəsində təsirlər də diqqətə alınmalıdır. Belə ki, peşə stantdartlarına əsaslanan kurikulumlar formal təhsil sistemi ilə əmək bazarı arasında
əlaqəni yaxşılaşdıracaq.
Müəssisə səviyyəsində peşə standartları əsasında qiymətləndirmə səriştəli işçilərin seçilməsi prosesini, standartlara uyğun vəzifə və təlimatlar işçilərin fəaliyyətinə nəzarət və monitorinqi təkmilləşdirəcək.
Həmçinin peşə standartları əsasında təlim proqramları kadr hazırlığı (ixtisasartırma, peşə hazırlığı və s.) prosesi təkmilləşəcək.
Peşə standartı - konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. Peşə standartları əmək bazarında peşələr üzrə monitorinqin aparılması, formal/akademik təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsi ilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması, konkret desək, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığının təşkili baxımından mühüm əhəmiyyətə malikdir.
Peşə standartları həm də qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş bilik və bacarıqların tanınması, əmək bazarının tələblərinə uyğun gənclərin peşə yönümünün təşkili və işçi qüvvəsinin səriştələrinin artırılması üçün baza rolu oynayır. Bu da öz növbəsində əmək məhsuldarlığının artması, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəlməsi, əmək haqlarının, büdcə daxilolmalarının və ÜDM-in artımı ilə müşahidə edilir.
Düstur olaraq ifadə etsək, düzgün peşə seçimi, keyfiyyətli təhsil və təlim, peşəkar fəaliyyətlə birlikdə keyfiyyətli nəticəni təmin edir.
Mütəxəssislər də təsdiq edirlər ki, Azərbaycanda peşə standartlarının tətbiqi işçi qüvvəsinin keyfiyyətinə nəzarəti gücləndirir, öz növbəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, onlardan istehsalatda istifadə olunması ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafının davam etdirilməsində mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, peşə standartlarının hazırlanması və yayılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" (DIOS) tapşırığının icrasına 2010-cu il iyul ayının 1-dən başlanılıb və layihə 2013-cü ilin oktyabr ayına kimi baş çatdırılıb. Layihənin əsas məqsədi 200 peşə standartı hazırlamaq, təlimlər vasitəsi ilə yerli potensialı gücləndirmək, məlumatlılıq səviyyəsini artırmaq və Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılmasına dəstək vermək olub.
İSCO-88/İSCO-08 sisteminə əsaslanan təkmilləşdirilmiş peşə təsnifatları, peşə və təlim standartlarının hazırlanması, işəgötürənin tələbinə uyğun peşə bacarıqlarının sertifikatlaşdırılması istiqamətində Azərbaycanda Almaniya və Sloveniya dövlətlərinin təcrübəsindən bəhrələnmək məqsədəuyğun hesab edilib.
Həyata keçirilən layihə çərçivəsində peşə və təlim standartlarının hazırlanması üzrə təlimat hazırlanıb, tikinti, turizm, emal, energetika, kənd təsərrüfatı, nəqliyyat, ticarət, biznesin idarə edilməsi və fərdi xidmət sahələri üzrə sahə komissiyaları yaradılıb və onların iştirakı ilə standartların hazırlanması üçün prioritet peşələr müəyyənləşdirilib. Ümumilikdə 200 peşə standartı paketi (peşə və təlim/səriştə standartları, qiymətləndirmə nümunələri) üzərində iş tam başa çatdırılıb, qiymətləndirmə mərkəzlərinin akkreditasiyası proseduraları hazırlanıb.
2011-ci ilin iyul ayında Almaniya və Sloveniya dövlətlərinə, 2012-ci ilin aprel ayında Sinqapur dövlətinə təlim səfərləri təşkil edilib, Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üçün zəruri sənədlərin layihə (ilkin) versiyası, peşə və təlim standartlarının tətbiqi baxımından Əmək Məcəlləsi və Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununa düzəliş və əlavələrin edilməsi üçün təkliflər paketi, Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılmasının, peşə və təlim standartlarının tətbiqinin Səmərəlilik Modeli hazırlanıb.
Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılmasının məqsədi səriştəli işçi qüvvəsinin yetişdirilməsinə dəstək vermək üçün peşə və kvalifikasiya standartları sisteminin yaradılmasıdır.
Agentlik peşələr üzrə monitorinqlərin həyata keçirilməsini,
səriştələrin proqnozlaşdırılması sisteminin yaradılmasını, peşə və kvalifikasiya standartlarının hazırlanması və yenilənməsini, bu standartlar əsasında bacarıqların
artırılması və qiymətləndirilməsi ilə məşğul olan qurumların
akkreditasiyasının həyata keçirilməsini, aparılan
qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin
əlaqələndirilməsini, eləcə də əmək ehtiyatlarının inkişafı ilə bağlı vahid informasiya sisteminin formalaşdırılmasını təmin edəcək.
Yeri gəlmişkən, artıq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin fəaliyyətinin təşkili üçün 5 gənc mütəxəssis seçilib, onlar üçün peşə və təlim standartları, peşə standartı üzrə qiymətləndirmə nümunəsi, layihə idarə etməsi, strateji planlaşdırma, hüquqi sənədlərin hazırlanması və ekspertizası, peşə standartları əsasında təlim proqramlarının və kurikulumların hazırlanması, peşə standartlarının insan resurslarının idarə edilməsində istifadəsi mövzuları üzrə iş yerində təlimlər təşkil edilib. Gənc mütəxəssislərdən 2-si 2011-ci ilin noyabr ayında BƏT-in Turindəki Təlim Mərkəzində, 3-ü "Peşə təlimi sistemində bacarıqların inkişafı və idarə etmənin təkmilləşdirilməsi" mövzusunda və 2013-cü ilin fevral ayında "Sinqapur Yaşlıların Təlimi İnstitutu"nda "Sinqapur Milli Kvalifikasiya Çərçivəsinin öyrənilməsi və Peşə Standartları" mövzusunda təlimlərdə iştirak edib. Eyni zamanda gənc mütəxəssislərdən 3-ü 2011-ci ilin iyul ayında Almaniya və Sloveniya dövlətlərinə təşkil edilmiş təlim səfərində iştirak edib.
2011 və 2012-ci ilin noyabrında Layihənin nailiyyətləri Brüsseldə təşkil edilmiş Avropa Məşğulluq Forumunda, 2012 və 2013-cü ilin oktyabrında Peşə Təlimi üzrə Avropa Forumunda təqdim edilib və böyük maraqla qarşılanıb. Eyni zamanda, Layihə çərçivəsində əldə edilən nəticələr və peşə standartlarının çap nümunələri 4-6 oktyabr 2013-cü ildə 7-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində təqdim edilib və Layihənin stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edilənlər baxımından, hazırda Azərbaycanda həyata keçirilən sosial islahatların bir istiqaməti də əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək məhsuldarlığının artırılması vasitəsi kimi peşə standartlarının hazırlanması və tətbiqi ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, peşə standartlarının tətbiqi mühüm sosial əhəmiyyət kəsb etməklə yanaşı, çox konkret maliyyə və iqtisadi səmərəliliyə də malikdir. Eyni zamanda, peşə standartlarının tətbiqinin sosial, iqtisadi və maliyyə səmərəsi həm ölkə miqyasında, həm müəssisələr səviyyəsində, həm də vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün