İslam dünyasında ilk demokratik respublika Hadisə

İslam dünyasında ilk demokratik respublika

Cümhuriyyət Günü ABŞ-da da qeyd olunub

Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu geniş ziyafət verib. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, tədbirdə Kaliforniya, Nevada, Nyu Meksiko, Arizona, Oreqon, Vaşinqton və ABŞ-ın bir sıra digər qərb ştatlarının təmsilçiləri, Los Anceles şəhər və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin Los Ancelesdəki baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 96 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. Diplomat son illərdə ABŞ-ın qərb ştatlarında Azərbaycan həqiqətlərinin yayılması işinin geniş vüsət aldığını və Azərbaycanın strateji önəminin yerli siyasi dairələr tərəfindən daha yaxşı anlaşıldığını söyləyərək buna misal kimi son iki il ərzində Arizona, Havay və Nyu Meksiko ştatları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirən və Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müdafiə edən qətnamələrin qəbulunu göstərib. Baş konsul 2013-cü ilin təkcə 3 ayı ərzində Kaliforniya parlamentinin plenar iclas zalında Azərbaycanın dövlət bayrağının iki dəfə qaldırıldığını və Azərbaycana dair rəsmi çıxışların keçirildiyini qeyd edərək, bunun Kaliforniyada Azərbaycan və onun strateji önəmi barədə məlumatlılığın artmasının bariz nümunəsi olduğunu deyib.
Sonra çıxış edən Havay ştatının Nümayəndələr Palatasının üzvü Rida Kabanilla Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Respublika Günü münasibətilə Havay ştatının Nümayəndələr Palatasının spikeri tərəfindən imzalanmış bəyannaməni baş konsula təqdim edib.
Daha sonra Kaliforniya və Nyu Meksiko qubernatorları, Los Anceles Vilayəti, Los Anceles, Honolulu və Monterey şəhərləri tərəfindən Respublika Günü münasibətilə göndərilmiş təbrik mesajları oxunub və müvafiq bəyannamələr təqdim olunub.
Ziyafət Azərbaycan mahnılarının ifası ilə davam edib.