Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir Hadisə

Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir

"A bala, canımız yaxşıca dincəlib. İndi pensiyamı rahat götürə bilirəm, kimsə ondan kəsmir. Əvvəl pensiyanı poçtdan alanda üstündən götürürdülər. Hələ elə adam olurdu ki, ümumiyyətlə pensiyası ona çatmırdı". Bunu təqaüdçü Hövrəstə Xəlilova deyir. Pensiyasının bütünlüklə ona çatmasından razı olsa da, narazı qaldığı tərəf də var: "A bala almağına alırıq ey, amma çatmır ki, çatmır. Pulumuzu da artırsalar, yaxşı olardı"...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında sayı 1 281 712 nəfər pensiyaçı və 2 milyon 800 min nəfərə yaxın sığortaolunan barədə məlumatlar toplanıb. Ölkə ərazisində 2004-cü ildən etibarən pensiyaların ödənilməsi plastik kart sistemi ilə həyata keçirilir. Artıq plastik kart sahiblərinin sayı 5,5 milyonu ötüb və onların 1 milyon 272 min nəfəri Hövrəstə xala kimi pensiyaçıdır.
İqtisadçı Vüqar Bayramov bildirir ki, elektron kart sisteminin məqsədi şəffaflığı təmin etməkdir. Yəni əvvəl təqaüdçülərin pensiya şöbələrindən, Sosial Yardım şöbələrindən pensiyalarının alınmasında problemlər yaşanırdı: "Bu isə bəzi hallarda təqaüdçülərin pensiyalarının məbləğinin süni surətdə azaldılmasına gətirib çıxarırdı. Amma kart sisteminin tətbiqi bir mənalı şəkildə bu sahədəki süni yaradılan problemləri aradan qaldırdı. Faktiki olaraq kart sistemi ödənişlərin daha şəffaf şəkildə ödənilməsi deməkdir, vəsaitin daha qısa zamanda vətəndaşın hesabına çatdırılması baxımından əhəmiyyətlidir. Kart sisteminin tətbiq edilməsi yalnız pensiya sektorundakı nailiyyət kimi qiymətləndirilməməlidir, nəğdsiz hesablaşmaların dəstəklənməsi baxımından da əhəmiyyətlidir. Vətəndaşlar bəzi ödənişləri artıq plastik kartlar vasitəsilə həyata keçirirlər. Pensiyaçılar pensiya kartlarını verdikləri bankların kriditlərini pensiya kartı ilə alma imkanına malikdirlər. Bu nağdsız hesablaşmaların stimullaşdırılması baxımından əhəmiyyətlidir. Artıq təqaüdçülər plastik kartların vasitəsilə ödəniş etmək imkanına malikdirlər".
Ekspert kart sistemində bəzi problemlərin yaşandığını və onun təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etdi. Belə ki, pensiyaçıların əksəriyyəti yaşlı insanlar olduğu üçün bəzi hallarda digər şəxslərdən pullarının çıxarılmasını xahiş etdikdə oğurluq faktları ilə rastlaşmalı olurlar: "Ona görə gələcəkdə kart sisteminin daha da təkmilləşdirilməsi üçün pensiyaçılara öz xətləri ilə bağlı pulsuz sms xidmətin göstərilməsini təklif edirik. Yəni ayda iki dəfə olaraq kart sahibinə balansındakı məbləğlə bağlı məlumat göndərilsin. Müştəri balansındakı pulun çıxarılıb-çıxarılmaması haqda məlumatlı olsun. Eyni zamanda kart sahiblərinin balanslarını internet vasitəsilə də izləmək imkanı olsun. Həm pulsuz sms xidmətinin tətbiqi, eyni zamanda pensiyaçılara kartdakı balansını internet üzərindən izləmə imkanının verilməsi sistemin daha da təkmilləşməsinə və kart sahiblərinin vəsaitlərinə özlərinin birbaşa nəzarət etmə imkanını vermiş olar".
Vüqar Bayramov kart sisteminin bütün respublika ərazisində tətbiqini effektli sayır. Yəni səyyat bankomatlar birmənalı olaraq imkan verir ki, ölkənin bütün vətəndaşları kart sistemindən yetərincə faydalana bilsinlər: "Ümumiyyətlə, regionlarda daha səmərəli üsul səyyat bankomatların sayının artırılmasıdır. Belə olduğu halda regionlarda yaşayan pensiyaçıların plastik kart sistemindən daha effektiv yararlanmasına nail olmaq olar".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı artıq 19-a çatdırılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. 2013-cü ildə "Elektron Hökumət Portalı"nda ən çox istifadə olunan elektron xidmətlər sırasına "Sığorta olunanlara məlumatların verilməsi",
"Sığorta edənin uçot nömrəsinin öyrənilməsi", "Pensiya kalkulyatoru", "Pensiyaçıya məlumatların verilməsi" daxildir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən DSMF-nin 190 nömrəli "Çağrı Mərkəzi"nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi vasitəsilə vətəndaş sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.
Hağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə plastik kart sistemində "Pensiya+" xidməti də istifadəyə verilib. Belə ki, pensiyaçı plastik kartında olan vəsaiti istiadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğində kredit götürə bilir. DSMF bildirir ki, məbləği nəğd qaydada bankomatdan çıxarmaq mümkün deyil. Belə şərtin başlıca məqsədi təqaüdçüləri plastik kartlardan istifadə edərək nəqdsiz ödənişlər həyata keçirməyə təşfiq etməkdir. Təəsüf ki, ölkə vətəndaşları arasında nağdsız ödənişlərə üstünlük verilmir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyevin fikrincə, insanlar arasında nağdsız ödənişlərə etibarın az olması bu sahədə bilik və vərdişlərin zəif olması ilə əlaqəlidir: "Bu gün Azərbaycanda nağdsız ödənişlər kifayət qədər yayılmış bir proses deyil. Nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər üçün əvvəla, insanların hamısının bank hesabı olmalıdır. İnsanlar hesablarındakı pulla hansısa əməliyyatları həyata keçirə bilməlidirlər. İkinci tərəfdən, hesabların olması onların hamısına kredit kartlarından istifadəyə imkan yaradır. Azərbaycanda özünün şəxsi bank hesabı olan və bu hesab vasitəsilə kredit kartlarından istifadə edən insanların sayı hələ çox azdır. Bu, bir tərəfdən insanların kifayət qədər gəlirlərə malik olmaması ilə bağlıdırsa, digər tərəfdən insanların nağdsız ödənişlər sahəsində hələ lazımi bilik və bacarıqlarının olmaması ilə bağlıdır. Xüsusən gəlir səviyyəsi hələ geniş mənada hərənin özünə bank hesabı açması və bütün əməliyyatları bank vasitəsilə aparmasına imkan vermir. Ancaq bir məsələ də var ki, indi pensiyalar, sosial ödənişlər, əmək haqları kartlar vasitəsilə ödənilir. Bu kartlar vasitəsilə müxtəlif əməliyyatlar aparmaq da mümkündür. Hələ insanların bu sahədə kifayət qədər bilik və bacarıqlarının olmaması buna mane olur. Yəni, bu etibarsızlıq da bilik və vərdişlərin olmamasından yaranır. Vətəndaşların böyük əksəriyyəti ən azı kommunal xidmətləri kartlar vasitəsilə ödənişindən ya xəbərsizdir, ya da maraq göstərmir, texnologiyalardan çəkinir".
Ekspert bir nüansı da diqqətə çatdırır ki, çox hallarda həmin ödənişlərin həyata keçirilməsi imkanları məhdud olur: "Çox vaxt görürsən ki, insanlar daha az pul xərcləmək, daha ucuz mallar almaq üçün məhz həmin o plastik kartlardan istifadə mümkün olmayan bazarlarda alış-veriş edirlər. Buna görə də, pensiya, əmək haqqı karta yatırılan kimi, gedib pulu bankomatdan çıxarır, nağdlaşdırırlar ki, hər yerdə istədikləri cür istifadə edə bilsinlər. Bu baxımdan, hələ ki, nağdsız ödənişlər sisteminin tətbiqi ilə bağlı uzun müddət tələb olunacaq".
Zaman keçdikcə plastik kart sistemində ekspertlərin qeyd etdiyi təkmilləşdirmələr də aparılacaq və təqaüdçülər pensiyalarını daha qısa zaman müddətində əldə edə biləcəklər. Əsas odur ki, həmin karta köçürülən məbləğ təkmil olsun. Elə maddi problemləri bol olan Hövrəstə xalanın da arzusu budur...

Ülviyyə Tahirqızı

Yazı Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffəflığın əsas vasitəsidir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.