Kimsəsiz gənclərin mənzil problemi həllini tapmalıdır Hadisə

Kimsəsiz gənclərin mənzil problemi həllini tapmalıdır

Qənirə Paşayeva: "Ailə həyatı quran belə gənclərin dövlət tərəfindən mənzillə təmin olunması çox müsbət addım olardı"

Milli Məclisin dünənki iclasında millət vəkili Qənirə Paşayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqlara təbriklərini çatdırıb. O, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında uşaqlarla bağlı problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğulayıb.
Daha sonra o, həllini gözləyən çox önəmli bir məsələyə toxunub. Millət vəkili qeyd edib ki, hər iki valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi çox ciddi bir problem kimi qalmaqdadır. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həmin gənclərə böyük dəstək göstərdiyini xüsusi vurğulayaraq, qanunvericilik istiqamətində də müəyyən məsələlərin öz həllin tapmasının vacibliyini söyləyib.
Uşaq evlərində təxminən 500-dən artq bu cür uşağın olduğunu deyən Qənirə Paşayeva onların 18 yaşının tamam olmasından sonra qaydalara əsasən internat məktəbini, uşaq evlərini tərk etmək məcburiyyətində olduqlarını, gedəcəkləri yerlərinin olmadığını və yaşayış yerləri, mənzillə təmin edilmələrinin vacibliyini vurğulayıb: "18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsi problemdir. Biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməli və onların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini tapması üçün qanunvericilik istiqamətində addımlar atmalıyıq. Bunu üçün ölkəmizin lazımi imkanları da var".
Qənirə Paşayeva deyib ki, bu məqsədlə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna müəyyən əlavə və dəyişikliklər edilməli və ya Mənzil Məcəlləsinə müəyyən dəyişiklərlə bu problemin qanunvericilik çərçivəsində köklü həllini tapmasına naıl olunmalıdır.
O bildirib ki, qanunvericilik edilən dəyişiklikdə 18 yaşına çatmış və hər iki valideyn himayəsindən mərhum uşaqların yaşayış yeri və ya mənzillə təmin olunması konkret öz əksini və həllini tapmalıdır: "Eyni zamanda hətta internat evlərində yaşamasalar belə, hər iki valideyn himayəsindən məhrum olunmuş 2 gənc ailə həyatı qurduqda onların dövlət tərəfindən mənzillə təmin olunması məsələsi öz həllini taparsa, bu çox müsbət addım olardı: "Çünki belə gənclər ailə dəstəyindən məhrumdurlar və onlar üçün mənzil problemini həll etmək daha da ağırdır".
Qənirə Paşayevanın sözlərinə görə, həmin gənclər də böyük ümidlə bu istiqamətdə məsələlərin öz həllini tapacağını gözləyirlər.

TURQUT