“Andlılar İnstitutu zəruri institutlarından biridir” Hadisə

“Andlılar İnstitutu zəruri institutlarından biridir”

Namizəd Səfərov: "Bu normanın qanunvericilikdən çıxarılmasına cəhd ədalətli qanun normalarının ləğvinə cəhd deməkdir"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə iki qanun layihəsini gündəliyə daxil edilib. Hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub. Baş Prokurorluğunun idarə rəisi İlqar Cəfərov təmsil etdiyi qurumun hazırladığı qanun layihəsi haqda danışaraq bildirib ki, ölkəmizdə yaradılmış Məhkəmə-Hüquq Şurası islahatların nəticəsidir. Məhkəmə hakimiyyətinin özünüidarə sistemi olan bu yeni qurum işlərin təkmilləşdirilməsinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan prezidentinin bu il imzaladığı sərəncama əsasən "Elektron məhkəmə" informasiya sistemi yaradılır ki, bu da əhalinin məhkəməyə müraciət etmə imkanlarını daha da genişləndirərək ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edəcəkdir. Məruzəçi qeyd edib ki, "Məhkəmələr və hakimlər haqqında" qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli idi. Lakin Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir. Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı verdiktin qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq Baş Prokurorluq "Məhkəmələr və hakimlər haqqında" qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır.
İclasda iştirak edən Baş Prokurorluğun idarə rəisi İlqar Cəfərov qeyd edib ki, dəyişikliklər "Məhkəmələr və hakimlər haqqında" qanunun 4-cü maddəsinin 2-ci hissəsindən "yaxud andlı iclasçılardan ibarət tərkibdə" sözlərinin çıxarılmasını nəzərdə tutur. Onun sözlərinə görə, Baş Prokurorluq bir sıra ölkələrin andlılar məhkəməsi ilə bağlı təcrübəsini öyrənib və andlılar məhkəməsinin gözlənilən effektiv vermədiyi üzə çıxıb. Buna görə də Baş Prokurorluq andlılar məhkəməsi ilə bağlı qanunvericilikdən 2 müddəanın çıxarılmasını təklif edib.
Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Andlılar Məhkəməsi məsələsi əvvəlki dövrlərdə olduğu kimi, indi dünyada o qədər də ciddi aktuallıq kəsb etmir. Komitə sədrinin sözlərinə görə, Andlılar MəHkəməsi ideyası əvvəllər daha çox ictimaiyyətin, vətəndaşın məhkəmə hakimiyyəti işinə cəlbi mənasını, məhkəmə hakimiyyətinin demokratikləşməsi, onun açıqlılığı mənasını daşıyırdı və bu da müəyyən mərhələlərdə olurdu.
Xatırladaq ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2012-ci ildə gördüyü işlərlə bağlı hesabatı dinlənilən zaman ədliyyə naziri Fikrət Məmmədov bildirmişdi ki, məhkəmə-hüquq sistemində islahatlar başa çatandan sonra Andlı Məhkəməsi də tətbiq olunacaq. Çünki bu, konkret olaraq qanunda nəzərdə tutulub: "Məhkəmə sistemi tam formalaşandan sonra bu məsələyə münasibət bildiriləcək. Məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunlar qəbul edilib, hər 6 aydan bir icranın vəziyyəti haqqında dövlət başçısına hesabat təqdim edilir. İldə 185 minə qədər icraatda işlər olur".
Belə olduğu halda Baş Prokurorluğun Andlılar Məhkəməsinin ləğvini istəməsi nə dərəcədə hüquqa və məntiqə uyğundur?
Hüquqşünas Namizəd Səfərov bildirdi ki, Andlılar İnstitutu cinayət mühakimə icraatının ən demokratik, mütərəqqi və zəruri institutlarından biri hesab olunur. O, həmçinin əlavə etdi ki, bu norma Azərbaycan cinayət Qanunvericiliyinə 2000-ci ildə daxil edilib lakin tətbiqi qeyri-müəyyən müddətə təxirə salınıb: "Bu normanın qanunvericilikdən çıxarılmasına cəhd edilməsi demokratik, humanist və ədalətli qanun və qanun normalarının ləğvinə cəhd deməkdir. Qanunlarımız ilkin olaraq Avropanın demokratik institutlarının nəzarəti altında və rəyləri nəzərə alınmaqla qəbul olunub. Ona görə də bu qanunlarda mövcud humanist və demokratik dəyərlər qalmalıdır. Andlılar İnstitunun ləğvi istiqamətində edilən təşəbbüs də, çox təəssüfedici haldır. Əslində bununla bağlı normaların tətbiqi, yəni andlılar məhkəmələrinin təşkili çox mühüm əhəmiyyət kəsb edər və demokratiya istiqamətində çox mühüm bir addım olardı".
Hüquqşünas İntiqam Əliyev hesab edir ki, Andlılar Məhkəməsi institutunun tətbiq olunub olunmaması ilə bağlı müxtəlif vaxtlarda təkcə Azərbaycanda yox, başqa ölkələrdə də müzakirə aparılıb: "Bizdə "Məhkəmələr və hakimlər haqqında" Qanunun keçid müddəalarında belə bənd var ki, bu proses hüquqi islahatlar başa çatana və ya digər mərhələyə kimi dayandırılıb. Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar var. Bir qrup hüquqşünas hesab edir ki, Andlılar Məhkəməsinə daxil olan şəxslər hüquqşünas olmadığı üçün ədalət mühakiməsini onlara etibar etmək olmaz. Yəni bir qrup onun tətbiqinə ehtiyac duymur. Digər qrup isə bunun əleyhinədir. Andlılar Məhkəməsinin spesifik xüsusiyyəti budur ki, orada şəxsin təqsirli olub-olmaması barədə verdikti (qərarı) hüquqşünas olmayan jüri üzvləri, andlılar verir. Onlar hüquqşünas deyil. Onlar sadəcə olaraq tərəflərin çıxışları, təqdim etdiyi sübutlar əsasında qərara gəlir. Andlılar nəyə görə tətbiq olunur? Əgər prokuror və ya müdafiə tərəfi adi bir insanı müdafiə və ya ittiham etdiyi şəxsin təqsirkar, yaxud da təqsirsiz olmamasına inandıra bilmirsə, deməli, o, ittihamı dÜz qurmayıb, yetərincə sübutlar toplamayıb, ya da müdafiəni yaxşı qurmayıb, yetərincə sübutlar toplamayıb. Ona görə də Andlılar Məhkəməsi olan ölkələrdə ədalət mühakiməsi daha yüksək olur".
İntiqam Əliyev Andlıların tətbiqinə tərəfdar olan olduğunu deyib: "Andlılar Məhkəməsinin tətbiqi imkan verərdi ki, ədalət mühakiməsini həyata keçirən adamlar - istər müdafiə, istərsə də ittiham tərəfi - öz işinə vicdanla yanaşsın. İndi prokurorun bir çıxışı yetərlidir ki, şəxsi təqsirkar kimi tutsunlar. Amma o prosesdə adi adamlar olsa, artıq onları inandırmaq lazım gələcək. Amma bu institutun tətbiqi ilə vəziyyətin avtomatik olaraq köklü surətdə dəyişəcəyini də demək istəmirəm. Andlılar Məhkəməsinin tətbiqi məsələyə sistemli yanaşma tələb edir. Ora gözəl bina verə, gözəl prosedurlar əsasında gözəl adamlar seçə bilərlər. Amma mahiyyət etibarilə ondan ədalət mühakiməsinə az xeyir gələ bilər".

Əli