Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür Hadisə

Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür

Vəkillər Kollegiyasına sonuncu qəbuldan sonra ölkəmizdə hər 10 min nəfərə 11 vəkil düşür. Bunu jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. A.Bağırov bildirib: "Ölkəmizdə vəkillərin sayı get-gedə artacaq. Nəzərdə tutmuşuq ki, yaxın bir neçə ayda 100-dən çox namizədi vəkilliyə qəbul edək. Bu, sonuncu qəbul deyil. Daha bir qəbul keçiriləcək. Mayda təxminən 200-dək namizədin vəkilliyə qəbul edilməsi nəzərdə tutulur. Beləliklə, artıq iyunun sonunda ölkəmizdə əhalinin hər 10 min nəfərinə təxminən 12 vəkil düşəcək. Bu rəqəm təbii ki, get-gedə artacaq. Vəkillərin sayının artırılması sevindirici haldır. Lakin bu sayı kortəbii artırmaq olmaz. Biz çalışırıq ki, savadlı, hazırlıqlı, təcrübəli hüquqşünaslar vəkilliyə qəbul edilsin. Çünki bizim mövqeyimiz ondan ibarətdir ki, vəkillərin hazırlığı, bilik səviyyəsi heç də hakimdən, prokurordan aşağı olmasın".
Aprelin 16-dan etibarən vəkilliyə sənəd qəbulunun başlandığını diqqətə çatdıran Kollegiya sədri deyib ki, vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq. Vəkilliyə qəbul edilən şəxslərə beynəlxalq standartlara uyğun hazırlanan yeni vəsiqələr təqdim olunub. Yeni vəsiqələrdə məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim edilir. Vəkillər və vəkillik haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Vəkilliyə qəbulla bağlı üç illik stajın bir ilə endirilməsini təklif edirik. Üç illik staj bir ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr. Bizdə üç illik staj olduğuna görə universiteti bitirənlər başqa sahələrə yönəlirlər. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də tələb edilən staj müddətinin aşağı salınması məqsədəuyğun olardı.