Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub Hadisə

Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Komitə rəhbəri Hadi Rəcəblinin sədrliyi ilə keçən iclasda MM Aparatının şöbə müdiri Adil Vəliyev layihə barədə məlumat verib.
O bildirib ki, əvvəlki oxunuşdan fərqli olaraq deputatlar tərəfindən irəli sürülən bəzi düzəlişlər nəzərə alınıb.
Səkkiz fəsil və 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlilliyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan ərazisində və yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi olan şəxslərə maneəsiz müyəssər olması, onların infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilir.
Layihə plenar iclasa tövsiyə olunub.