
“Bu gün Azərbaycan milli mətbuatı dünyada zəngin tarixə və peşəkar ənənələrə malik media nümunələri sırasında özünəməxsus yer tutur. Milli mətbuatımızın 151 illik inkişaf yolu göstərir ki, Azərbaycan mediası hər zaman cəmiyyətin maariflənməsində, milli dəyərlərin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibəti ilə bildirib.
N.Azəri qeyd edib ki, milli mətbuatın əsası 151 il əvvəl Həsən bəy Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzeti ilə qoyulub: “Bu qəzet xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Zərdabi xalqın taleyini düşünən milli təfəkkürlü ziyalı idi. Onun səpdiyi maarifçilik toxumu sonrakı illərdə Azərbaycan mətbuatının möhkəm təməlinə çevrildi. Bu gün müstəqil və qalib Azərbaycan dövləti öz milli mətbuatı ilə haqlı olaraq fəxr edir. Dövlət eyni zamanda milli medianın müasir çağırışlara uyğun inkişafı, informasiya təhlükəsizliyinin gücləndirilməsi və peşəkar jurnalistikanın dəstəklənməsi istiqamətində ardıcıl siyasət həyata keçirir”.
Onun sözlərinə görə, Azərbaycan mətbuatı ötən 151 il ərzində müxtəlif tarixi mərhələlərdən və çətin sınaqlardan keçsə də, bütün dövrlərdə xalqın və dövlətin maraqlarına xidmət edib: “Milli mətbuatın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsi zamanı yazılıb. Həmin dövrdə Azərbaycan mediası informasiya cəbhəsində böyük fədakarlıq göstərərək həqiqətləri dünya ictimaiyyətinə çatdırdı, erməni dezinformasiyasını ifşa etdi. Bir sıra jurnalistlər ön cəbhədə çalışdı, bəziləri isə Vətən uğrunda döyüşlərdə iştirak edərək əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi”.
N.Azəri söyləyib ki, müasir Azərbaycan mediasının inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu siyasət uğurla davam etdirilir: “Son illərdə Medianın İnkişafı Agentliyinin yaradılması peşəkar jurnalistikanın inkişafına, media subyektlərinin dəstəklənməsinə, informasiya mühitinin sağlamlaşdırılmasına və jurnalistlərin peşəkarlığının artırılmasına mühüm töhfə verib. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi də dövlətin mediaya verdiyi yüksək dəyərin göstəricisidir. Bu gün ənənəvi media ilə yanaşı, rəqəmsal platformaların inkişafı milli informasiya məkanını daha da gücləndirir. Şuşada keçirilən Qlobal Media Forumu isə beynəlxalq media əməkdaşlığının genişlənməsi və yeni çağırışların müzakirəsi baxımından mühüm platformaya çevrilib”.
Sonda N.Azəri vurğulayıb ki, 151 illik şərəfli tarixə malik Azərbaycan milli mətbuatı bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, eləcə də Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə daha güclü çatdırılması istiqamətində tarixi missiyasını uğurla davam etdirəcək.
Röya İsrafilova