Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xalqın şərəf səlnaməsidir Hadisə

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xalqın şərəf səlnaməsidir

Azərbaycan Kooperasiya Universitetində bu qurumun və AMEA-nın Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Fikrət Quliyev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, gördüyü mühüm işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qanı, canı bahasına yaradılıb.
Sonra Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev çıxış edərək Cümhuriyyətin tarixi uğurlarından danışıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla tariximizin şanlı səhifələrindəndir. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildiriblər.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın dövlətçilik tarixində Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu vurğulayıblar. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövrdə qəbul etdiyi normativ hüquqi aktlar, AXC-nin Daxili İşlər orqanlarının fəaliyyəti, Cümhuriyyət dövründə dövlət quruculuğunda iqtisadi inkişaf məsələləri, AXC-nin vergi sistemi, quruculuq işlərində xidmətləri olmuş dövlət xadimlərindən danışıblar.