Azərbaycan şairləri italyan dilində Hadisə

Azərbaycan şairləri italyan dilində

AYB-də Cüzeppe Verdi Konservatoriyasının professoru tərəfindən hazırlanmış "Çağdaş Azərbaycan poeziyası" kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyində (AYB) Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib.
Təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, kitab Milan təqdim olunub və italyan oxucular tərəfindən maraqla qarşılanıb. O, qeyd edib ki, azərbaycanlı müəlliflərin əsərlərindən ibarət kitabların xaricdə çapı gələcəkdə də davam edəcək.
AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Mövlud Süleymanlı, Elçin Mirzəbəyli, Qulu Ağsəs, Həyat Şəmi və başqaları kitabın nəşr olunmasını çağdaş Azərbaycan poeziyasının növbəti uğurlarından biri kimi dəyərləndiriblər.
Xatırladaq ki, kitabda Qulu Ağsəs, Əjdər Ol, Zakir Fəxri, Həyat Şəmi, Ədalət Əsgəroğlu, Elşad Ərşadoğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Feyziyyə, Laçın Məmişov, Bəsti Əlibəyli, Rafael Tağızadə, Elçin Mirzəbəyli, Sevinc Mürvətqızı, Rəşad Məcid, Məmməd Araz, Fikrət Qocanın şeirləri yer alıb.
Qeyd edək ki, fevral ayının 7-də Azırbyacan Yazıçılar Birliyinin katibləri Fikrət Qoca və Rəşad Məcid kitabın İtalyanın Milan şəhərində keçirilən təqdimat mərasimində iştirak ediblər. Tədbirdə kitabda dərc olunmuş şeirlər Azərbaycan və İtalyan dilində səsləndirilib.
Kitabdakı şeirlərin sətri tərcüməsi Azərbaycan cəmiyyətinin sədri Mais Nuriyevə məxsusdur. Kitaba ön sözü İtalyanın məşhur türkoloqu Qiam Piero Bellinceri yazıb.

XC