“Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” adlı tədbir keçirilib Hadisə

“Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” adlı tədbir keçirilib

"İnformasiya, Təhlil və Planlaşdırma" İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili" layihəsi çərçivəsində sentyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində "Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda Dəyirmi Masa təşkil edib. Tədbirdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, ölkənin tanınmış saytlarının baş redaktorları, jurnalistlər iştirak ediblər.
Layihə rəhbəri Xaqani Səfəroğlu bildirib ki, layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında bildirib ki, informasiya təhlükəsizliyi dünyada ən vacib məsələlərdən biridir. İnternetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Onlayn media və sosial şəbəkələr klassik KİV haqqında anlayışları dəyişdirib. Onun sözlərinə görə, son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir. "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, informasiya təhlükəsizliyi bu gün dünya dövlətlərinin önəm verdiyi ən prioritet məsələdir. Çünki bu gün sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitəyə çevrilib. Çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib. Ə.Nuriyevin sözlərinə görə, dünyada feyk xəbərlər həm də siyasi mübarizədə bir priyom kimi istifadə olunur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud çıxışında bildirib ki, informasiya təhlükəsizliyi Azərbaycan dövləti üçün prioritet məsələdir. Odur ki, QHT Şurası bu istiqamətdə olan maarifləndirici layihələrə dəstək verir. Onun sözlərinə görə, bu tip layihələr media və vətəndaş cəmiyyətinə informasiyaya düzgün yanaşma tərzini aşılayır və kənar təzyiqləri neytrallaşdırmağa kömək edir.
Daha sonra layihə rəhbəri Xaqani Səfəroğlu "Feyk xəbərlər, informasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər" mövzusunda layihə çərçivəsində əldə olunan nətuicələrə dair çıxış etdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı"nda informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi qeyd olunub. 2010-cu ildə imzalanmış Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib. X. Səfəroğlunun sözlərinə görə, informasiya çatışmazlığı olanda insanlar istənilən xəbərə inanmağa meyilli olurlar. Məhz buna görə bir çox feyk xəbərlər hərbi əməliyyatlar, gərgin siyasi vəziyyətdə, terror aktları və fövqəladə hallar zamanı dərhal meydana çıxır. "Çox zaman feyk xəbərlərin köməyi ilə öz nöqtəyi-nəzərini sizə təqlin etmək üçün əl atırlar. Dezinformasiya –təbliğatın ən sevimli alətidir". Layihə rəhbəri qeyd edib ki, indi dünyada bu məsələlər ciddi şəkildə müzakirə edilir. Azərbaycan da onlayn media trendinin daşıyıcısıdır. Sadalanan problemlər bizdə də mövcuddur. O vurğulayıb ki, internet dənizində seçilmək, oxucu qazanmaq və onu əldə saxlamaq onlayn media üçün "həyat iksiri"nə çevrilib. Odur ki, xəbər əldə etmək üçün onlayn jurnalisitika özünün "qardaş"ları ilə bloq və sosial şəbəkələrə sıx işləməyə məcburdur. "Yalan xəbərin yayılmasının əsas səbəblərindən biri xəbəri dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni onlayn media sürətli, çevik iş tələb etdiyinə görə, istənilən xəbərin dərhal aydınlaşdırılması vacibdir. Bu baxımdan həm jurnalist, həm də müvafiq dövlət qurumları məsuliyyətli olmalıdırlar".