“Qanvermə aksiyasının keçirilməsi müsbət addımdır” Hadisə

“Qanvermə aksiyasının keçirilməsi müsbət addımdır”

Aşura gün hər hansı şəkildə ağlamaq, özünü döymək, çılğınlıq yaratmaq islamın mədəni görüntüsünə, prinsiplərinə uyğun deyil.
Millət vəkili Fazil Mustafa belə deyib. O bildirib ki, Aşura günü insanların bədənindən qan çıxarması məqbul hesab edilmir:
"Həmin gün insanlar İmam Hüseynin xatirəsini yad etməli, Quran oxumalı, onun şəhid olduğu üçün qürur duymalı, fəxr etməlidirlər. Yaxşı olardı ki, insanlar bunu daha təmkimlə, soyuqqanlı və məqsədəuyğun şəkildə qeyd eləsinlər. Kiminsə gözünə soxub, teatr formasında Aşura günü keçirməkdən yayınmalıdırlar, çünki bu, heç də xoş qarşılanmır".
Millət vəkili Aşurada qanvermə aksiyasının daha çox savab əməl olduğunu bildirərək, zəncir vuraraq qan çıxaran, şou göstərən şəxsləri qanvermə aksiyasına səsləyib:
"Qanvermə aksiyasının keçirilməsi çox müsbət addımdır. Şeyxin təşəbbüsü olan bu aksiyada səhhətində problemlər olan insanlara qan bağışlanaraq, xeyirxah əməllər həyata keçirilir. Aşura günü ən böyük addım elə bu olmalıdır. Zəncir vurmaqla qan çıxarmağa çalışan şəxslər bunun əvəzinə qanvermə aksiyasına qoşulsalar, savab iş görmüş olarlar".