Ermənistandakı vəziyyət kifayət qədər təhlükəli və risklidir Hadisə

Ermənistandakı vəziyyət kifayət qədər təhlükəli və risklidir

"Ermənistanda baş verənlərlə bağlı Rusiyanın narahatlığı qalmaqda davam edir. Moskvada müzakirə mövzusu mövcud narahatlığın səbəbləri və münasibətlərə təsiri ola bilərdi".
Bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib.
Onun sözlərinə görə, bağlı qapılar arxasında baş verən danışıqlardan xəbərdar olmaq mümkün olmayıb.
"Məsələ ilə bağlı Rusiya tərəfi də hər hansı bir açıqlama verməyib. Görüşdən dərhal sonra Putin öz köməkçiləri ilə bərabər Uzaq Şərqə yola düşüb. Rus tərəfinin verdiyi açıqlamalar olduqca az olduğundan bu görüşün nəticələrini şərh etmək çətindir", -deyə o qeyd edib.
Zatulin, Ermənistanda baş verən inqilab və onun nəticələrinə də toxunub: "Ermənistanın yeni hakimiyyəti inqilab sözünü sevir. İnqilab məsələsinə Rusiya çox pis baxır. SSRİ-nin və Rusiya imperiyasının süquta uğramasına məhz inqilablar səbəb olub. Hazırda Ermənistanda əhali 2 cəbhəyə bölünüb. İnqilabçılar, əksinqilabçılar, düşmənlər, günahkarlar və günahsızlar. Bu yanaşma dövlət qurumlurının fəaliyyətinə, qanunvericiliyinə və dinc yolla inkişaf edən ölkə imicinə çox mənfi təsir göstərəcək. Artıq bu barədə Paşinyanın Rusiyadakı erməni iş adamları ilə görüşündə müzakirələr və narahatlıqlar baş verib".
O qeyd edib ki, bütün bunlara baxmayaraq Ermənistanda cadu ovu davam edir və seçkilər məsələsi də dalana dirənib.
"Paşinyanın fəaliyyətinin 100 gününə həsr edilən hesabat mitinqində bildirdi ki, parlament öz fəaliyyətini dayandırmalı və ləğv edilməlidir. Yeni seçkilərə getmək və parlamenti dağıtmaq üçün Paşinyanın parlamentdə kifayət qədər səs çoxluğu yoxdur. Belə halda ancaq təzyiq və hədə-qorxu gəlməklə parlamenti dağıtmaq olar. Ermənistandakı mövcud vəziyyət kifayət qədər təhlükəli və risklidir", - deyə Zatulin fikirlərini yekunlaşdırıb.